Bakının məharətli diplomatik gedişi... - Şərh
"Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatındakı mühüm rolu, həmcinin ölkəmizin öhdəliklərinə sadiq qalması, məsuliyyətli və prinsipial davranışları ilə bağlı verilən mesajlar, Avropa İttifaqına üzv olan bəzi ölkələrin, xüsusilə də Fransanın Cənubi Qafqazda sərgilədiyi destruktiv siyasətin fonunda rəsmi Bakının məharətli diplomatik gedişi kimi də qymətləndirə bilər. Səfər, eyni zamanda Azərbaycanla Aİ-yə üzv olan bəzi iddialı dövlətlərin təmsil olunduqları ittifaq çərçivəsində belə öz öhdəliklərinə və prinsiplərinə nə dərəcədə sadiq qaldıqlarını müqayisə etmək üçün də geniş imkanlar yaradır".
Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə, o cümlədən Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa ilə strateji tərəfdaşlıq münasibətlərindədir:
"Ölkəmizin nəinki Aİ üzvü olmadığını, həmçinin ittifaqla assosiativ saziş belə imzalamadığını, eləcə də enerji təhlükəsizliyi amilinin müasir dünyada dövlətlərin təhlükəsizliyi üçün ən mühüm faktora çevrildiyini nəzərə alsaq, Azərbaycanın Avropa İttifaqının nəinki enerjisi təhlükəsizliyinə, bütövlükdə təhlükəsizliyinə Fransadan dəfələrlə çox töhfə verdiyini söyləyə bilərik.
Fransa, Almaniya və digər bu kimi iddialı ölkələr peyvənd millətçiliyi müstəvisində necə davranırdılarsa, enerji təhlükəsizliyi məsələsində də eyni yanaşmanı sərgiləyirlər. Aİ çərçivəsində Şərqi Avropa ölkələrinə münasibətdə sərgilənən ikili münasibət özünü enerji təchizatı və təhlükəsizliyi məsələsində də büruzə verir.
Serbiya Aİ-yə üzv olmasa da, qənaətimə görə, bu ölkənin dövlət başçısının Azərbaycan Prezidentinin enerji dəhlizləri və ötürücülərinin şaxələndirilməsindəki rolu barədə söylədikləri özündə çox şeyi, həmçinin hədəf liderin xarakterik keyfiyyətlərini ifadə edir. Sitat: “İlham Əliyev olmasaydı, bizim üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.
Prezidentin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də, qənaətimə görə, həm də mühüm geosiyasi və geoiqtisadi hadisədir. Məlum olduğu kimi, sözügedən interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə yanaşı qitənin enerji təhlükəsizliyinə də böyük fayda verəcək. Bu isə, şübhəsiz ki, ölkəmizin mövqelərinin, təsir imkanlarının daha genişlənməsinə zəmin yaradacaq".
Xəyalə Məmmədova / Demedia.az