ABŞ ordusunun hədəfinə çevrilən quşlar...  - MARAQLI FAKT



 22:15 05.10.2022     1005

Sürətlə irəliləyən həyat və müasir tələbatlarımız sayəsində çox vaxt rahat yuxu yatmırıq.  Əslində, yuxunun nə olduğu haqda hələ də elm konkret bir tərif ortaya qoya bilmir. Əgər orqanizmi mürəkkəb quruluşlu konstruksiyaya bənzətsək, yuxunun burada hansı mexanizm üzrə hərəkət etdiyini  də heç kim izah edəmmir. Üstəlik, bioloq və təbiətşünaslar növlərarası müxtəliflikdə yuxu aktının  fərqliliyinə diqqət çəkir. 

Günümüzün “çarə bulunmaz” dərdləri sırasında yuxusuzluq ön sıralarda gəlir. Düzdür, ən sadə əlacı yuxu dərmanıdır; iç və yat... Lakin, bu kimi dərmanlar da orqanizmdə müxtəlif fəsadlar yaradır. 

Belə olan halda müasir elmi bir sual düşündürür: Bəlkə yuxusuzluğun çarəsi elə təbiətin özündədir? 

Köçəri quşların həyat tərzləri adlarından bəllidir: onlar nəsillərinin davamı üçün mütləq köç edirlər.  Köç prosesi zamanı da quşların növlərarası müxtəlifliyi önə çıxır. Bəzi növlər bir dağ silsiləsinin bu başından o başına gedir, başqa quş dəstəsi isə okeanları belə aşır, materikdən materikə  köç edir. Belə uzun sürən köçlər zamanı onlar yatmaq üçün sabit vəziyyətdə olmurlar. Bəs, onlar yatmadan bu qədər uzun məsafəni necə uçurlar? 

Elm  adamları araşdırdıqca maraqlı bir şeylə rastlaşıblar. Nə də olsa, mövzu obyekti beyin olduqda, təbii ki, bizi təəccübləndirəcək  nəsə  var... 

Sən demə, quşlar uzaq məsafələrə uçarkən elə göyün üzündəcə bir neçə saniyəlik yuxu halına girirlər. Bu bir neçə saniyə də bəs edir ki, onlar  orqanizmə lazım olan yuxu ehtiyacını ödəsinlər. 

Sərçəkimilər dəstəsindən olan ağbaş sərçələr də köçəri quşdur. Onlar Şimali Amerika üçün endemikdir. Bu quşlar yuxusuzluğa görə bənzərsiz dayanıqlığa malikdir.  

Köç dönəmində ağbaş sərçələr uzun müddət yatmırlar. Həmin dönəmdə onları laboratoriyada saxlasanız və yatmağa qoymasanız orqanizmlərində heç nə baş verməz. Amma, elə ki, köç dönəmi bitir,  cəmi bir neçə saatlıq yuxusuzluq ağbaş sərçələrin orqanizmində fəsadlara yol açır. 

Elmi araşdırmalar zamanı o da məlum olub ki, bu quşlarda köç dönəmində yuxusuzluğa qarşı güclü immunitet yaranır. Elə bu xüsusiyyətlərinə görə də,  ağbaş sərçələr ABŞ ordusunun hədəfi halına gəlib. Quşlar üzərindəki tədqiqatlara  indiyədək milyonlarla dollar pul xərclənib.  Məqsəd isə çox sadədir: nə vaxtsa, 24 saat yatmadan, yorulmadan xidmət edən  super əsgər yaratmaq... 

Əgər gələcəkdə yatmayan super əsgər görsəniz, mütləq ağbaş sərçələri xatırlayın. 

Bahadur Seyidov / Demedia.az