Adın insan həyatındakı rolu... - Araşdırma
İstedad, təhsil, təcrübə,özünü inkişaf etdirmək, gözəl görünüşə malik olmaq...Bu kimi keyfiyyət və xüsusiyyətləri çox uzatmaq olar.
Hamısının da qazandığımız uğurlarda və ya düçar olduğumuz uğursuzluqlarda öz payı var. Bəzi elm adamları isə düşünür ki, karyera qurmağımızla adlarımız arasında əlaqə mövcuddur.
Yəqin ki, hamı “Kitabi-Dədə Qorqud” dastanındakı adqoyma mərasimlərini xatırlayır. Həmin dastanda uşağa ad hünərinə görə verilirdi. Məsələn, Buğacın adının qoyulması mərasimi.Dədə Qorqud deyir:
“Sənin oğlun bir buğa öldürüb, qoy adı «Buğac» olsun. Adını mən verdim, yaşını Allah versin”.
Adın insan həyatındakı rolu ilə bağlı Nizami Gəncəvinin yaradıcılığında da işarətlər var. Dahi şair deyib: “İstər gözəl, istər çirkin surətlə get, mənası yoxdur, Sənə qalan yalnız apardığın ad olacaq”. Nəsirəddin Tusi isə valideynlərə yeni doğulan uşaqlara yaxşı ad qoymağı tövsiyə edib. Onun fikrincə, “insan münasib olmayan addan xəcalət çəkə bilər”. Yaxşı və münasib adlarla bağlı atalar sözlərimiz də var. Məsələn, “Ad adamı bəzəməz, adam adı bəzər”. Bu gün dilimizdə bütün dünya xalqları kimi “doğum günün mübarək” əvəzinə “ad günün mübarək” deyilməsi də adın xalqımız üçün xüsusi əhəmiyyət daşıdığının göstəricisidir.
Adın insanın həyatına təsirini ilk dəfə yəhudilər araşdırıb. Zamanla adların və adındakı hərflərin insanların taleyinə təsir etdiyini ərəblər də təsdiqləyib.
Qədim Misirdə, Roma imperiyası dövründə də adın həyata təsiri insanların maraq dairəsində olub. Romalılarda “nomenestomen”, yəni, “adımız taleyimizdir” deyimi də olub. Məhəmməd Peyğəmbər də buyurub ki, “övladlarınıza yaxşı ad qoyun”.
Bəlkə də bütün bu deyilənlər və adla bağlı inanclar bizimçün gözəl kəlamlar, yaxud heyrətamiz əfsanələr olaraq qalacaqdı. Ancaq, müasir elm adamları bu inancların doğruluğunu sübut edib.
Psixoloqlar deyirlər ki, hər adın özünəməxsus səs vibrasiyası var. Buna “adların melodiyası” da deyilir. Adların səs vibrasiyası uşaqlıqdan insan beynində müəyyən neyronları hərəkətə gətirir, beynin müxtəlif hissəciklərində titrəşimlər yaradır. Və insan beyni həmin melodiyaya uyğun özünü kökləyir.
Türkiyəli akrofonoloq (adlar üzrə mütəxəssis) Kemal Haluk Cebe adların insanların karyera qurmağındakı təsirini araşdırıb. Onun fikrincə, K hərfi birbaşa karyeranı təmsil edir. Odur ki, adı K ilə başlayan, yaxud adında K hərfi olan insanlar karyerasında daha sürətlə irəliləyirlər. O, Mehmet adının türklərin şüuraltında güvənc hissi yaratdığını da deyib və izah edib ki, türk əsgərinə “Mehmetcik” deyilməsinin əsas səbəbi məhz budur.
Akrofonoloq Kemal Haluk Cebenin fikrincə, adlardakı hərflər karyeralara bu cür təsir göstərir:
L- adı L ilə başlayan, yaxud adında L hərfi olanlar daha çox əl sənətkarlığı ilə maraqlanır. Onların incə zövqləri və kreativ düşüncələri olur.
B və A- bu insanlar ticarət sahəsində uğur qazanırlar. Onlar yaxşı satıcılıq qabiliyyətinə malik olurlar.
M –adı M ilə başlayan, yaxud adında M və A yan-yana olan insanlar isə istehsal prosesində irəli gedirlər.
S – memarlıq sahəsində və planlama mərkəzlərində karyera qurmağı fikirləşsələr, uğur qazanacaqlar.
Z – araşdırma mərkəzlərində, tədqiqat müəssisələrində daha yaxşı nəticələr əldə edirlər.
İ və P – bu hərflər hansı adda yan-yana gəlsələr, bilin ki, həmin adamın ən yaxşı uğur qazanacağı sahə tibb və pxisologiyadır.
N- adında N hərfi olanlar istənilən işin üstünə gedəndə ürəklərinin səsini dinləməlidirlər. Bu, onlar üçün uğurun açarı sayıla bilər.
C- incəsənət sahəsinə meylli insanlardır.
Ç- müxtəlif zövqlərin bir arada olduğu məkan düşünün. O məkanın sahibinin adında mütləq Ç hərfi var.
D-zəkası və məntiqi ilə hamıdan seçilir.
E- kədərlə sevinci eyni anda yaşayan insanların adı ya E hərfi ilə başlayır, ya da adında E hərfi var.
F-adında F hərfi olanlar sakit təbiətli olur. Onlar həmçinin, ən etibarlı insanlardır.
Yeri gəlmişkən, maraqlı bir faktı da qeyd etmək istərdim. Beş min il əvvəl Çində uşaq anadan olanda evə “ad qoyucular” çağırılırmış. Onlar uşağın ilk ağlamasına qulaq asar, onun səsindəki titrəşimə uyğun olaraq ad qoyarmışlar. Bir də unutmayın ki, ad insanı deyil, insan adı ucaldır. Və adlarla bağlı hansısa fikriniz varsa, rəylərdə yaza bilərsiniz.
Bahadur Seyidov / Demedia.az