Kimdir bu Elon Mask? - Araşdırma
Elon Mask: “Mən əsla ümidimi üzmürəm! Bunun üçün ya ölmüş olmalıyam, ya da tamamən yox olmalıyam…”
Elon Maskın uğur sirri bunlardır:
Mükəmməl iş həftəsi;
Problemləri həll etmək üzrə mühəndislik;
Məsələ pulda deyil;
Prinsiplərini müəyyən et;
Geniş düşün və riskdən çəkinmə;
Eyninə alma, sübut et;
Dünyanın ən bahalı avtomobil markası olan, eyni zamanda, dünyanın ən bahalı 10 şirkətindən biri olan “Tesla”… Günəş enerjisi ilə yaşayan şəhərlər inşa etməyi hədəfləyən SolarCity…Dünyanın ən böyük internet təminatçısı olmaq üçün göyə indiyədək 950 ədəd peyk göndərmiş, bir neçə il içində bu rəqəmi 10 mindən yuxarı qaldırmaq üçün çalışan Starlink… Şəhərlərin altında inşa ediləcək kapsul-qatarlarla təyyarələrdən üçqat daha sürətli nəqliyyat sistemi yaratmağı hədəfləyən Hyperloop…Bu sürətli qatarların keçməsi üçün şəhərlərin altında tunel qazamağa başlayan The Boring Company…Marsı koloniyalaşrdırmağı qarşısına məqsəd qoyan SpaceX…Dünyanın ən yaxşı süni zəkalarından birini istehsal edən Open Aİ… İnsan beynini mexanizmlərə bağlamağı hədəfləyən Neuralink…İstifadə etdiyi enerjini özü istehsal etməyi planlayan böyük fabriklər və dünyanın ən çılğın domeni x.com…
Bunlar Elon Maskın, el dilində desək, olan-qalanıdır. Heyrətamizdir, elə deyil? O qədər böyük işlər görür ki, çox vaxt müştərisi və iş partnyoru dövlətlər olur. Yəni, dövlətlərin edə bilmədiyi işləri Elonun bəzi şirkətləri həyata keçirə bilir. Bu cür uğur qazanmış bir insanın uğur əldə etmək haqqındakı fikirlərinin maraqlı olacağını düşündüm.
Bu videoda Elonun Cənubi Afrikada dünyaya gəlməsi, 18 yaşı tamam olanadək Afrikada yaşaması, yalnız universitetə girmək üçün Kanadaya getməsi barədə danışmayacağam. Burada onun uğur əldə etmək haqqındakı fikirlərindən bəhs etmək niyyətim var. Əvvəlcədən qeyd edim ki, o, bu fikirləri müxtəlif zamanlarda, müxtəlif yerlərdə səsləndirib. Bəzisini universitetdən məzun olarkən keçirilən tədbirdə, bəzisini hansısa mətbu orqana verdiyi müsahibədə, bəzisini isə öz paylaşımlarında dilə gətirib.
Mükəmməl iş həftəsi;
Elon bir neçə müsahibədə öz gündəlik işləri barədə danışıb. Düzü, qeyri-adi heç nə yoxdur burda. Səhər 7-də yuxudan durur, gecə 01:00-da yatır. Gün ərzində bol-bol kofe içir. Həftədə 2 gün idman etməyə çalışır. Əsas məsələ budur: gün ərzində işlədiyi saatlar və bu saatların məhsuldarlığı… “Mükəmməl iş həftəsi” onun deyimidir. Bu da o deməkdir ki, həftədə 100 saat yüksək məhsuldarlıqla işləyir. Yəni, 1 sutkada işə ayrılmış 14 saat…”Məhsuldar” kəlməsi burda xüsusi qeyd olunmalıdır. Əksər insanlar işə başladığında, əvvəlcə, bir az vaxt öldürür… Amma Elon Mask belə etmir. Birbaşa işə keçir.
Elon Mask:“Hamı həftədə 40 saat işləyərkən, sən həftədə 100 saat işləyirsən… Eyni işi görsəniz belə, sizin 4 ayda bacaracağınızı, onlar 1 ildə bacaracaqlar.
Problemləri həll etmək üzrə mühəndislik;
O, dünyanın ilk elektrikli avtomobilini istehsal etmədi. Amma dünyanın ən əlçatan elektrikli avtomobilini istehsal etdi. Öz maşınını, yaşadığı evini satacaq qədər ürəklə, risklə başladı işə. Pullarının hamısını istehsal edəcəyi şeylərə xərclədi. Üstəlik, reklama heç pulu çıxmadı. Stiv Cobs kimi etdi; özünü bir reklam markası halına saldı.
Elon Mask: “Əksər şirkətlər məhsullarını bir üst səviyyəyə daşımayacaq işlərə çox pul xərcləyir. Məsələn; “Tesla”da reklama heç pul xərcləmədik. Bütün sərmayəni “Tesla” avtomobillərini inkişaf etdirməyə yatırdıq.”
Bəli, Elon reklama pul vermək yerinə, yeni üsullarla məhsullarını təqdim etməyi bacardı. Burdan alacağımız dərs nədir? Əvvəlcə, özümüzə sual verək: Problemləri həll etdiyimiz üsullar doğru üsullardımı? Bu cür davam etsəm, nəsə əldə edə bilərəmmi? Vaxtımı, enerjimi, məhsuldarlığımı yox edən şeylər nədir? Bu suallara cavab axtara-axtara xəyallarımızı, planlarımızı zehnimizdə cəmləsək, sonra da, ulular demiş, “papağımızı qabağımıza qoyub fikirləşsək”, işə tam ciddiyyətlə yanaşsaq, biz də məqsədlərimizə çatarıq… Ən əsası, məqsədə çatmaq üçün lazım olan vasitələri müəyyənləşdirərik.
Məsələ pulda deyil;
2014-cü ildə Elon Maskdan müsahibə götürülür. Ona sual verilir: “Nə qədər pulunuz var?” O, isə cavabında nə qədər pulunun olduğunu bilmədiyini söyləyir. Ona görə, insanın varlı olmaq arzusunda, varlı olmaq üçün çabalamasında heç bir problem yoxdur. Amma Elon “ali məqsəd”in pul olmamasını düşünür. Bütün var-dövlətini Marsı koloniyalaşdırmaq üçün xərcləməyə hazır olduğunu söyləməkdən də çəkinmir. Keçən illər ərzində sahib olduğu bütün evlərini satdığı barədə mediadan çox oxuduq. Və o, bir daha ev sahibi olmaq istəmədiyini vurğulayır. Başqa bir müsahibəsində isə deyir: “Bankda çoxlu pulu olmasıyla öyünən insanlar, məncə, uğursuz insanlardır. Çünki, sərvətlərini hansısa bir məqsəd üçün xərcləməyi bacarmırlar.”
Elon Mask: “Əgər gördüyün işi sevirsənsə, işləmədiyin vaxtlarda da onu düşünərsən… Amma işi sevmirsənsə, yaxşı nəticə əldə edə bilməyəcəksən. Həyat çox qısadır. “
Araşdıra-araşdıra, oxuya-oxuya ağlıma bir şey gəldi: Bu qədər uğurlu və zəkalı adam niyə dünyadakı aclıq və xəstəliklərlə bağlı problemlərin həllinə də çalışmır? Amma sonra düşündüm: bəşəri bir problemi həll etmək üçün yekə-yekə dövlətlər, beynəlxalq qurumlar heç nə edə bilmirlərsə, bəlkə də, etmək istəmirlərsə, bircə nəfəri-Elon Maskı qınaya bilərikmi? Məncə, yox… Qınaya bilmərik onu!
Prinsiplərini müəyyən et;
Dünyamızda bu qədər insan ayağı dəyməyən, kəşf edilməmiş yerlər varkən, Elon niyə Marsı koloniyalaşdırmaq istəyir? Maraqlı sualdı, bilirəm. Cavabı sadədir: prinsip. Elon Mask SpaceX-i yaratdığı üçün Marsa getmək planları qurmadı. Əksinə, Marsa getməyi planlaşdırdığı üçün SpaceX-i qurdu. Baxdı ki, dünyadakı heç bir şirkətin, lap elə dövlətin, Marsa, mütəmadi olaraq, uçuşlar həyata keçirəcək gücü yoxdur. Başladı kosmik şirkəti qurmağa… Təbii, bu yolda onun qarşısına uğursuzluqlar da çıxdı. Amma o, ümidini üzmədi, geri çəkilmədi. Dünyadan kosmosa ən ucuz şəkildə raket göndərə bilən, eyni zamanda, təkrar istifadə edilə bilən raketlər istehsal edən ilk şirkəti qurdu… Bəli, Elonun uğur sirrinin biri də prinsipdir…
Geniş düşün və riskdən çəkinmə;
Elon Maskın elədikləri 1980-ci illərdə fantaziya sayılan futuristik xəyallara bənzəyir. Özü də müsahibələrinin birində etiraf edir ki, Cənubi Afrikada keçən uşaqlığı dövründə oxuduğu cizgi romanların həyatına təsiri böyükdür. Həmçinin, Elon hər hansı bir şirkətə sahib olmaqdansa, önəmli şeylər istehsal edən bir şirkətə sahib olmaq arasında fərq olduğunu, ikinci üçün çalışmağın məntiqli olacağını söyləyir. Marsı koloniyalaşdırmaq ideyasının altında “həyatı çoxplanetli hala gətirmək” fikrinin dayandığını da etiraf edir.
Eyninə alma, sübut et;
“Xəyal qatili”, “ümid qatili” kimi insanlar hamımızın həyatımızda var. Bir ideyanı deyirsən, nəsə etmək istədiyini söyləyirsən, dedikləri bircə söz olur: “Özündən Amerika çıxartma…” Ardınca da uzun-uzadı danışır, sonda da əminliklə üzünə çəmkirirlər: “Bu, sənin başın üçün deyil…” Başqa sözlə, adamın qanadlarını qırırlar.
Aparıcı: “Neil Armstrong, Gene Cernan kimi amerikan qəhrəmanları kosmik uçuşların ticariləşməsinə, gördüyün işlərə qarşı çıxdılar. Bu mövzuda nə düşündüyün maraqlıdır.”
Elon Mask: “Çox kədərləndim. Bu insanlar mənim qəhrəmanımdı…Kaş, bizim yanımıza gələydilər, gördüyümüz işlərlə tanış olaydılar…Məncə, düşüncələri dəyişərdi.”
Aparıcı: “Onlar sənə ilham verən insalardı, elə deyilmi?”
Elon Mask: “Bəli…”
Aparıcı: “Və indi onların sənin yoluna daş qoymalarını izləyirsən.”
Elon Mask: “Bu, çox çətindi…”
Şansınız varsa, ideyalarınızı anlatdığınızda kimdənsə xoş sözlər eşidə bilərsiniz. Məsələn; “Uğur olsun!”, “Bacararsan!” və s. Amma “qanadlarınızı qırmağa” çalışanlar varsa, eyninizə almayın. Çalışın, vuruşun, əldə etmək istədiklərinizə çatın. Əmin olun, sizi elə həmin “xəyal qıran”lar alqışlayacaq. Elon Maskı da həvəsdən salmağa çalışanlar oldu… Amma o, həmin insanları eyninə almadı. Sadəcə, məqsədinə sadiq qaldı. Və risk etməkdən çəkinməyərək özünün nəyə qadir olduğunu sübut etdi.
Bahadur Seyidov / Demedia.az