Müharibənin taleyini həll edəcək həmlə... - ŞOK DETALLAR



 11:59 05.10.2022     740

"Rusiya ordusu Xerson vilayətinin şimal-qərbindən geri çəkilir".

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, Ukrayna ordusu Xarkov əməliyyatına bənzər əməliyyat planını Xersonda uğurla təkrarlayaraq burada da sürətli həmlə ilə düşmənin gözləmədiyi istiqamətdən cəbhəni yarıb, 3 gün ərzində böyük bir ərazini işğalçılardan azad etməyə nail olub:

"Rusiya Baş Qərargahı əlbəttə ki, cənub cəbhəsində hər an böyük hücum gözləyirdi, amma onlar əsas zərbənin Xerson şəhərinin qərbindən bilavasitə bu vilayət mərkəzinə endiriləcəyini güman edərək əsas qüvvələrini oraya toplamış, həmin istiqamətdə istehkamlar yaradaraq müdafiəni möhkəmləndirmişdi. Çünki Ukrayna ordusunun ən yaxın mövqeləri məhz şəhərin qərb hissəsində (təxminən 20 km aralıda) yerləşir.

Lakin Ukrayna komandanlığı əsas zərbəni şəhərə uzaq və daha az möhkəmləndirilmiş şimal istiqamətindən endirərək hərbi planlaşdırma və taktiki zəka sahəsində qarşı tərəfdən üstünlüyünü bir daha göstərmiş oldu.

Rusiya Hava Kosmik Qüvvələri öz quru qoşunlarına aviasiya dəstəyi verə bilmir. (Halbuki yaxınlıqdakı Krım aviabazalarla doludur.) Ərazidəki hərbçilərin sosial media vasitəsilə komandanlıqdan aviasiya dəstəyi tələb etməsi faktı var. Bu isə onun göstəricisidir ki, ön xəttin komandanlıqla (başqa sözlə, komandanlığın ön xətdəki birləşmələrlə) rabitə əlaqəsi pozulub. Rus hərbi blogerlərinin iddiasına görə, Ukrayna ordusu güclü radioelektron vasitələrdən istifadə edir.

İndi Rusiya komandanlığı "taktiki geriçəkilmə" edən qüvvələri ilə Berislav-Xerson (şəhər) xətti üzrə müdafiəni gücləndirməyə çalışır. Amma orada uzun müddət effektiv müqavimət təşkil etmələri mümkün deyil. Xerson vilayətinin bütün sağ sahil hissəsinin azad olunması yaxın həftələrin işidir.

Bununla yanaşı, hələ sağ sahil tam azad olunmadan Ukrayna qüvvələrinin Dneprin nisbətən ensiz yerindən sol sahilə keçməsi ehtimalı da var. Əgər bu riskli əməliyyatı gerçəkləşdirmək mümkün olarsa, bütövlükdə müharibənin aqibətini həll edəcək çox önəmli perspektivlər açılacaq. Çünki sol sahildə ümumiyyətlə, hər hansı müdafiə xətti, istehkam filan yoxdur".

Xəyalə Məmmədova / Demedia.az