Dünyanın ən bahalı qidaları - Araşdırma
Dünyanın ən bahalı qidaları hansılardır?
Beluga kürüsü. Beluga balıqları hazırda “nəsli kəsilməkdə olan canlılar” siyahısındadır. Ən iri dənəli kürü bu balıqlardan alınır. Kilosu 10 min dollara yaxın qiymətə satılır. Beluga kürüsünün rəngi ağ, boz, tünd-boz rəngdə olur. Ağ kürüyə çox nadir hallarda rast gəlinir.
Chocopolige. ( şokopolige) Bu şokolad növü danimarkalı Fritz Knipschildt (Friç Knipşilt) tərəfindən yaradılıb və “Le Madelineau Truffle” adlanır. Cəmi bir həftə ömrü olan şokoladın kilosu 4 min dollara satılır. Dadmaq istəsəniz, gərək öncədən sifariş verəsiniz.
Kopi Luwak kofesi. Asiya qitəsinə məxsus viveraların nəcisindən toplanır. Dünyanın ən keyfiyyətli kofesi sayılır. Kilosu 1.200 dollara satılır.
Wagyu əti. İlk dəfə Yaponiyada xüsusi olaraq, məhz bu əti əldə etmək üçün yeni cins inəklər yaradılıb. Sonra da bu ət dünyada yavaş-yavaş məhşurlaşıb. Hazırda Wagyu ətinin ən böyük ixracatçısı Avstraliya sayılır. Yağlılığı ilə adət etdiyimiz və yediyimiz başqa ət növlərindən fərqlənən Wagyu ətinin kilosu 1000 dollara satılmaqdadır.
Zəfəran. Yunan və Asiya mətbəxinin bu əvəzolunmaz ədviyyatı, xüsusilə, plovların bəzəyidir. Düzdür, indi marketlərdə və bazarlarda, qramla da olsa, zəfəran ala bilirik. Ana vətəni Hindistan sayılan əsl zəfəranın dünya bazarındakı orta qiymətini eşidəndə ölkəmizdəki zəfəran növünün varlığına şükür etdim. Diqqətli olun, heyrətlənməməyə çalışın: əsl zəfəranın bir kilosu 11 min dollara satılır...
Ağ trüf göbələyi. İtaliya təbiətinə məxsusdur. Yetişdirilməsi çox çətin proses olan göbələyi də hər adam bişirə bilmir. Yalnız xüsusi aşpazların mətbəxində ağ trüfdən dada bilərsiniz. İtaliya restoranlarında kilosunu 15 min dollardan almaq şansınız ola bilər.
Matsutake göbələyi. Kilosu 2 min dollara olan göbələk növü İsveç, Amerika, Kanada, Yaponiya, Çin və Finlandiyada yetişdirilir.
Haqqında danışacağım növbəti göbələk növünün adını eşidəndə qorxmayın: Tırtıl göbələyi. Çünki, o, ölü bir tırtılın başında yetişir...Özü də Çində...
Çinin cənubunda dükanlarda 2-3 sm uzunluğunda quru tırtıl satıldığını görənlər əvvəlcə təəccüblənirlər. Çünki, tırtıl yeyilmir. Yeyilən bu tırtılların başındakı nazik cücrətilərdir. Yerli əhali bu tırtılları Tibet və Himalay dağlarından toplayır. Göbələyin elmi adı Ophiocordycepssinensis`dir. (ofiokordicepsinensis). Göbələk tırtılı ələ keçirir, öldürür və onların başında cücərir.
Təbiət tarixi nöqteyi-nəzərindən bu parazitlərin yetişməsi çox maraqlıdır. Çinlilərsə bu nadir göbələkdən bronxial-astmadan tutmuş xərçəngə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edir. Eyni zamanda, tırtıl göbələyi sosial status göstəricisi kimi də dəyərləndirilir. Yəni, onu hər kəs yeyə bilmir.
Təbii ki, kilosu 20 min dollardan yuxarı olan göbələyi yemək hər çinlinin işi deyil. Onu, yalnız varlılar yeyə bilir. Bəs siz, tırtıl göbələyinə, yaxud bir tikə Wagyu ətinə nə qədər pul verərdiniz? Ümumiyyətlə, belə bahalı qidalara pul xərcləyərdinizmi?
Bahadur Seyidov / Demedia.az