Bataqlıqda minlərlə cəsəd tapıldı, sirri... - ŞOK HADİSƏ



 20:33 06.10.2022     1029

Şimali Avropanın bataqlıqlarında min illər öncə vəhşiliklə öldürülən və bu günədək gəlib çatan insan cəsədlərinin sirri nədədir? 

Danimarka bataqlıq cəsədlərinin tapıldığı yer kimi məhşurdu. İrlandiyadan başlayaraq Polşaya qədər bir çox Şimali Avropa ölkələrinin ərazisindəki bataqlıqlarda 2000 il öncəyə aid cəsədlər tapılıb. 

Arxeoloqlar Dəmir dövrünə aid olan bu cəsədlərin qurban kimi kəsildiyini təxmin edir. Onlar dediklərinin sübutu kimi cəsədlərin boğazının kəsilməsini göstərirlər. Bataqlıqsa bu qurbanların “təqdim edildiyi yer” olub. Bəzi tədqiqatçıların fikrincə, tapılan cəsədlər məhbuslara, yaxud köçkünlərə aiddir. Boğazında kəsik izi olmayanların isə nabələd yolçular olduqları ehtimal edilir. 

Danimarka ərazisindəki bataqlıqların sayına görə dünyada birinci yeri tutur. Təbii ki, ən çox bataqlıq cəsədi də elə burda tapılıb. Cəsədlərin 2000 ildən çox zaman ərzində çürüməməsinin səbəbi bataqlıqlardakı yosunların ifraz etdiyi turşulardır. Cəsədlərin çoxu 1800-1960-cı illər arasında tapılıb. Həmin zaman kəsiyində Danimarkada bataqlıq kömüründən geniş istifadə olunurdu. 

Müxtəlif yaşda olan kişi və qadın cəsədlərinin boğazındakı kəsiklər haqqında rəsmi və etibarlı yazılı mənbə yoxdu. Çünki, o dönəmdə Danimarkada yazı mövcud olmayıb. Ümumiyyətlə, dünya tarixində həmin dövrə aid çox az sayda Yunan və Roma yazılı mənbələri var. 

Həqiqətin bir tərəfi də odur ki, həmin dövrlərdə ölülərin əksəriyyəti yandırılırdı. Buna görə  də, bataqlıq cəsədlərinin fərqliliyi sirr kimi qəbul edilir.  Kopenhagenin qərbində yerləşən Vejle şəhərindəki muzeyin baş arxeoloqu Mads Ravn da qurban ayini ehtimalını irəli sürür. O, deyir: “Bataqlıqlarda tapılan Roma pulları, qılınclar və xaçlarla bəzədilmiş əşyalar Dəmir dövründə tanrılara ərməğan olaraq bataqlığa atılıb”. 

Həmin muzeydə maral buynuzundan olan şeypur da var. Dəmir dövründə insanlar məhz bu şeypurlarla bir-birinə xəbər ötürür, təhlükə siqnalı verirdilər. Bataqlıqlardan tapılan, “Harald qadını” adlandırılan cəsəd də burdadı. 

“Harald qadını” 1835-ci ildə, bataqlıqda kömür axtaranlar tərəfindən tapılıb. Həmin vaxt onun X əsrdə yaşayan Vikinq kraliçası Gunhildd`ə aid olduğu ehtimal edilib. Baş arxeoloq Ravn deyir ki: “Əfsanəyə görə, kraliçanı əri Harald Buletooth boğduraraq öldürtdürüb”. 

Amma, bu ehtimalın yanlışlığı sübuta yetirilib. Belə ki, radioaktiv karbon üsulu ilə cəsədin 2200 il əvvələ aid olduğu müəyyən edilib.  “Harald qadını” çılpaq şəkildə, yanında, sadəcə, çiyinliklə tapılıb. Boynundakı izlər boğulduğunu göstərir. Mədəsində isə darı və böyürtkən qalıqları var. Qulağından alınan DNT nümunələri hazırda araşdırılır. Tarixçilər bu araşdırmaların sonunda “Harald qadını” haqqında daha ətraflı məlumata malik olacaqlarına ümid edirlər. 

Ravn bataqlıqların qurban mərasimləri üçün seçilməsinin səbəblərini də axtarmağa çalışır. Onun fikrincə, səbəblərdən biri bataqlıqların tünd-göy göbələklərlə və qırmızı yabanı yemişlərlə dolu olması,  bu mistik mənzərənin qədim insanları daxilən qorxutmasıdır.  

Danimarkanın ikinci böyük şəhəri Aarhus`da yerləşən Moesgaard Muzeyində də Dəmir dövrünə aid önəmli məlumatlara rast gəlmək olur. Muzeyin ən maraq doğuran eksponatı “Grauballe adamı”dır. 1952-ci ildə tapılan bu bataqlıq cəsədi, sanki, yoqa ilə məşğuldu. Üzü, dərisi belə olduğu kimi qalıb. 

Arxeoloq  Pauline Asingh`in fikrincə, əksər bataqlıq cəsədləri kimi  “Grauballe adamı”nın saçları və dərisinin rəngi bataqlıqdakı kimyəvi maddələrin təsiriylə qızılıya çalır. 

“Grauballe adamı”nın üzündə eynən yoqadakı kimi rahat bir ifadə var. Amma, arxeoloq Asingh bunun  belə olmadığını deyir: “Bu adam dizləri üstünə məcburən oturdulub, boğazı bir qulağından o biri qulağınadək iti bıçaqla kəsilib. Sonra da oturduğu formada, ehmalca bataqlığa yerləşdirilib”. 

Bu sözlər eşidənlərə vəhşilik kimi təsir bağışlaya bilər.  Unutmaq lazım deyil ki, qədim insanlar üçün qurban vermə ayinləri tamamən fərqliydi, bu mərasimlər onların yaşamında mühüm yer tuturdu. 

Bataqlıqlardan insanlarla yanaşı,  13 it cəsədi də tapılıb. Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ildə tapılan itlər bizim eranın 250-ci illərinə aiddir. İtlərin birinin boynunda çələng var. Bu da o deməkdir ki, qurbanetmə ayinlərində qurbanların bəzədilməsinə xüsusi diqqət olub.

Silkeborq Muzeyində də bataqlıq cəsədləri var. Ən məhşuru da “Tollund adamı”dı. 1950-ci illərdə tapılan bu cəsəd də olduqca yaxşı qorunub. Onun 2400 il əvvələ aid olduğu bilinir.  Əvvəlkilərdən fərqi boynundakı ipdir. Yəni, “Tollund adamı” əvvəlcə ipdən asılaraq öldürülüb, sonra bataqlığa yerləşdirilib. 

Silkeborq Muzeyinin daha bir maraqlı eksponatı “Elling qadını”dı. Onun  “Tollund adamı” ilə eyni dövrə aid olması ehtimal edilir. “Elling qadını”nın xüsusiliyi 90 sm uzunluğundakı qırmızı saçlarının xüsusi iplə bağlanmasıdı. Arxeoloq Ole Neilson`un fikrincə, saçları bağlamaq qurbanetmə ayininin bir hissəsi ola bilərdi. 

Hələ də tam araşdırılmayan bataqlıqlarda daha nə qədər cəsəd olduğu məlum deyil. 

Bahadur Seyidov / Demedia.az