Yaxşı olardı ki, görüş beşli formatda olsun - Açıqlama



 11:51 06.10.2022     828

Avropa Siyasi Birliyinin Praqada keçiriləcək sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Şarl Mişelin vasitəçiliyi ilə görüşlərə alışmışıq, bir dəfə də beynəlxalq tədbir çərçivəsində Fransa prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa fikir mübadiləsi olmuşdu.

Demdia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər:

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəilk götürərsə danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur. Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı".

Xəyalə Məmmədova / Demedia.az