Yuxarı sinif şagirdlərinin miqrasiyasına necə nəzarət edilməlidir?
"Son günlər baxıram ki, ancaq məktəb xəbərləri sosial mediamızda gündəmdir. Ötən günlər Gədəbəyin İcra başçısının hansısa bir kənd tam orta məktəbində olması və ciddi problemlərlə rastlaşması gündəm olub. İctimai qınaq olan problemlərə diqqət yetirdikdə görmək olar ki, daha əhəmiyyətli məqamlar bəzən diqqətdən kənarda qalır. Qeyd olunurdu ki, məktəbdə 201 şagirddən 11-ci sinif üzrə 55 şagirdin heç biri məktəbdə olmayıb. Deməli , bu məktəbdə təxminən 27% şagird 11-ci sinifdə oxuyurmuş. Bu, yəni, az qala məktəbin üçdən birinin 11-ci sinif şagirdi olması, nə dərəcədə doğrudur? Düşünürəm ki, ETN özünün müxtəlif datalarına, elə Ümumi Təhsil İnformasiya Sisteminə (ÜTİS) daxil olmaqla müəyyən edə bilər ki, orta statistik bir məktəbdə normalda 7-8% 11-ci sinif şagirdi ola bilər".
Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, ümumiyyətlə, ÜTİS vasitəsilə istənilən sinif, məktəb, rayon və ölkə üzrə şagirdlərin hərəkətinə effektiv nəzarət mümkündür:
"Əgər məktəbin hansısa sinfində və ya məktəbin özündə şagird sayı normalda olduğundan çoxdursa demək bura kənardan miqrasiya baş verib.
Demək , Gədəbəyin həmin kənd məktəbinin 11-ci sinfinə digər məktəblərdən, rayonlardan və şəhərlərdən köç olmasından şübhələnmək üçün ciddi əsaslar var.
Daha doğrusu şagirdlərin özünün yox, onların adlarının bu məktəbə miqrasiyası olub.
Yeri gəlmişkən, bəzi direktorların və onların havadarlarının əsas gəlir yerinin həm də bu olduğu bildirilir.
Düşünürəm ki, Nazirlik , DİM özlərində mövcud olan datalarla, informasiya sistemləri ilə bu tip məsələlərə ciddi nəzarət edə bilərlər".
Xəyalə Məmmədova / Demedia.az