Canavara kömək etdi, başına elə şey gəldi ki... - ŞOK HADİSƏ
Uşaqlığımızdan bu yana insan-heyvan qarşılaşması, heyvanların insanlara kömək etməsi barədə nağıllar da eşitmişik, cizgi filmi də izləmişik, ağızdan-ağıza yayılan rəvayətlər də dinləmişik. Amma, bu gün danışacağım nağıl, yaxud rəvayət yox, real hadisədir.
Valentina Dmitriyevski adlı qadın Rusiyada bir kiçik qəsəbədə əri və 3 yaşlı oğluyla birgə yaşayırdı. Sevimli itləri Boris isə daim həyətdə zəncirə bağlı olurdu. Bir gün Valentinanın əri evə içkili gəlir, qonaq otağındakı divar sobasının yanında divana uzanır və yuxuya gedir. Valentina oğlu Dmitri ilə birgə yataq otağına keçir, ona nağıl söyləyə-söyləyə özü də mürgüləyir.
Gecənin bir aləmi Valentina Borisin narahat hürüşünü eşidir və oyanınca artıq qonaq otağından yüksələn alovun yataq otağının divarlarına keçdiyini görür. O, oğlunu qucağına alıb həyətə qaçmaqdan başqa çarəsinin qalmadığını anlayır. Tezliklə, qəsəbə cammatı yığılıb alovu söndürür, amma Valentinanın əri bu faciəvi yanğından sağ çıxmır.
Bundan sonra Valentina artıq qəsəbədə yaşamaq istəmədiyini deyir, oğlunu götürüb yaxınlıqdakı meşəyə-çoxdan tərk edilən odunçu komasına köçür. Düzdü, qəsəbə əhalisinin çoxu onu bu addımına görə danlayır, meşənin təhlükəli ola biləcəyini deyir, yenə də qadın fikrindən dönmür. Beləcə, Valentina və Dmitrinin macəralı həyatı başlayır.
Meşədəki ilk qış sakit keçir. Üzü yaza doğru isə vəziyyət bir az dəyişir. Sevimli itləri Boris tez-tez üzü meşənin dərinliyinə doğru gedir və bəzən günlərlə, həftələrlə geri dönmür. Əvvəllər Valentina itə görə narahat olsa da, sonradan onun yoxa çıxıb təkrar geri dönməsinə alışır.
Yenə bir axşam alatoran vaxtı Valentina komanın qapısı ağzında dayanıb meşəni seyr edirdi. Birdən ağacların arasından Borisin qaraltısını görür və itinin geri dönüşünə çox sevinir. Amma, yaxınlaşdıqca o, Borisin yanında bir canavar olduğunun da fərqinə varır. Valentina onlara yaxınlaşanda Boris həmişəki kimi onun əlini yalayır, dişi canavarsa dişlərini qıcırdadaraq onu yaxınına buraxmır.
O gecə Valentina həyəti Borisə əmanət edib rahatca yuxuya gedir. Amma, bu dəfə də gecənin bir aləmində Borisin narahat hürüşü və qapını cırmaqlaması onu oyadır. Valentina əynini geyinib eşiyə çıxanda dişi canavarın yerə uzanıb inildədiyinin, güclə nəfəs aldığının fərqinə varır. Əvvəlcə nə baş verdiyini anlamasa da, tezliklə, canavarın ilk balasını doğduğunu görür. Valentina dizlərini yerə qoyub canavarın o biri əniklərini də doğmağına kömək edir. Canavar olaraq dünyaya gələn əniklərin rənginin Borisinki kimi qara olduğunu görən Valentina artıq məsələni anlayır. Sən demə, Borisin həftələrlə yoxa çıxmasının səbəbi elə bu dişi canavar imiş. Həmin gündən sonra dişi canavar və balaları da odunçu komasının həndəvərindən çox uzağa getmir.
Bu hadisədən bir il keçir. Növbəti yazda möcüzəvi bir hadisə baş verir. Balaca Dmitri yenicə boy qaldıran zəncirotularıyla oynadığı vaxt meşədən çıxan boz ayı nərildəyə-nərildəyə komaya tərəf cumur. Qış yuxusundan ac oyanıb yem axtaran ayının Dmitriyə tərəf yüyürdüyünü görən Valentina çığırır və oğlunu xilas edə bilməyəcəyini anlayır. Amma, onun səsini eşidən Boris və dişi canavar özlərini ayının üstünə atır, onunla boğuşmağa başlayırlar. Az keçmir ki, ayı donquldanaraq meşəyə qaçır. Amma, Boris ağır yaralanır və ölür. Valentina oğlunu xilas edərək canından olan Borisi həyətdəki akasiya ağacının altına basırır. Bundan sonra dişi canavar və balaları Valentinayla Dmitridən bir addım da uzaqlaşmır, onları qorumağı öz missiyaları hesab edirlər.
Aradan illər keçir, hamı canavarların qoruduğu ana-bala haqqında əhvalatlar, rəvayətlər danışmağa başlayır. Bir səhər Dmitri dişi canavarın meyidini akasiya ağacının kölgəsində tapır. Valentina onu da Borisin yanına basırır.
Həmin möcüzəvi hadisədən sonra bölgədə qara canavarların sayı artmağa başlayır. Qəribədir ki, bu canavarlar heç bir insana hücum etmir. Ovçular da onlara heç vaxt atəş açmır.
Bahadur Seyidov / Demedia.az