Dəri üçün faydalı 8 super ərzaq - Araşdırma



 20:19 07.10.2022     1217

Başqa bir insana baxanda ilk diqqətimizi cəlb edən orqan, təbii ki, dəridir. Dərinin gözəlliyi üçün  insanlar külli miqdarda pul xərcləyirlər. Bahalı kremlər alırlar, bahalı prosedurlardan keçirlər və s. Mütəxəssislər isə hesab edir ki, gözəl dəriyə müxtəlif prosedurlara çoxlu pul xərcləmədən də nail olmaq mümkündür. Bunun yolu düzgün qidalanmadan keçir: biz nə yeyiriksə, oyuq. Bu videoda dərinizin sevdiyi qidaları seçmişəm. 

Yaşıl və narıncı rəngli meyvə-tərəvəzlər. Avokado, balqabaq, yerkökü, kələm kimi qidalar beta-karotenlə zəngindir. Bu isə öz növbəsində hüceyrələrin yenilənməsini təmin edir. Bu meyvə-tərəvəzlərdə təbii antioksidantlar  və vitamin A var. A vitamini qaynağı olan tərəvəzləri yağla birlikdə yeməliyik ki, orqanizm onu rahat mənimsəyə bilsin. Çünki, o, yağda həll olur. Bu, salata əlavə etdiyimiz bitki yağı da ola bilər, yaxud yağlı qoz və ya fındıq ləpəsi də ola bilər.  Orqanizmdəki beta-karoten  və ya A vitamini çatışmazlığı dərimizdə mikro soyuqdəymələrə səbəb olur. Beləcə, dəridə quruluq yaranır, yaralar gec sağalır, dodaqların kənarlarında çatlar əmələ gəlir. 

Ləpəlilər. Ləpəlilər E vitamini qaynağıdır. Həmçinin, antioksidantdır. E vitamini dərinin qocalmasını ləngidir. Eyni zamanda, dərini ultrabənövşəyi şüalara qarşı daha müqavimətli edir. Düzdür, dövrümüzdə günəşdən qaralmış dəri gözəlliyin və sağlamlığın simvolu sayılır. Amma uzun müddət gün işığına məruz qalmaq dəriyə ziyandır. Ləpəlilər arasında E vitaminiylə zənginliyinə görə, fındıq seçilir. Qoz isə Omega-3 yağ turşusu ilə zəngindir. Bu yağ turşusu da dəriyə faydalıdır. 

Balıq və dəniz məhsulları. Balıq yeyərkən yağlı olanlarına üstünlük verin. Çünki orqanizmin  Omega-3 yağ turşusuna hər zaman ehtiyacı var. Dəniz məhsulları sinklə zəngindir. Omega-3 və sink dərinin regenerasiyası və hallogen liflərinin bərpası  üçün vacibdir. Balıq və dəniz məhsulları aterosklerozun profilaktikasında da istifadə olunur. Artıq sübut olunub ki, “Aralıq dənizi pəhrizi”nə riayət edən insanlar digər insanara nisbətən aterosklerozdan daha az əziyyət çəkirlər. Ona görə ki, onların rasionunda qoz, balıq və dəniz məhsulları, həmçinin, yarpaqlı tərəvəzlər üstünlük təşkil edir. Aterosklerozun profilaktikası dəriyə də müsbət təsir göstərəcək.Çünki dəriniz yaxşı qidalanacaq, nəmlənəcək, maddələr mübadiləsi kiçik kapilyarlar vasitəsilə keyfiyyətli şəkildə həyata keçəcək. Sink soyuqdəymə əleyhinə vasitədir və o, sizə sızanaqlardan yaxa qurtarmağa kömək edəcək. 

Su. Bu, dərimiz üçün ən vacib elementdir. Bədənimizin 3⁄4-ü sudur. Nəmli dəri təravətli, quru dəri isə xəstəhal görünür. Lazımi dərəcədə nəmlilik dəriyə elastiklik və təravət qazandırır. Gün ərzində, ən azı, 1,5-2 litr su içməyiniz vacibdir. Əgər həddi aşsanız, 3-4 litr su içsəniz bu, sadəcə, tualetə tez-tez getməyinizə səbəb olar. Amma yetkin adamlar üçün 1,5-2 litr su yetərlidir. Bir şeyi də qeyd edim ki, söhbət yalnızca təmiz sudan gedir. İçdiyiniz hər hansı şirə, çay, qazlı içkilər bu ölçüyə daxil deyil. 

Vitamin C ilə zəngin qidalar. C vitamini də dərimiz üçün vacibdir. Bilirik ki, sümüklərimizin möhkəmlənməsi üçün lazım olan C vitamini, həmçinin, aterosklerozun profilaktikasında da istifadə edilir. Buna görə də, çalışın ki, rasionunuzda C vitamini ilə zəngin meyvələrə üstünlük verəsiniz. Mandarin, portağal, narıngi, pamela, kivi kimi meyvələr, Bolqar bibəri, kələm və pomidor kimi tərəvəzlər C vitamini  mənbəyidir.  Bunlar, eyni zamanda, bağırsaq üçün də faydalıdır. Sitrus meyvələrini müəyyən ölçüdə yemək lazımdır. Əks halda, dərinizdə səpkilər və qaşınmalar ola bilər. Müxtəlif orqanizmlər üçün gündəlik vitamin C normasının ölçüsü də fərqlidir.  Kim üçünsə 40 mq, bir başqası üçün 50 mq, allergik reaksiya göstərməyən orqanizm üçün hətta 90 mq sitrus meyvəsi norma sayıla bilər. Orqanizm üçün C vitamininin vacibliyi haqqında indiyədək çox danışmışıq. Onun çatışmazlığının nələrə səbəb ola biləcəyi haqqında maraqlansanız, video edə bilərəm. Hələlik isə, demək istədiyim budur: gün ərzində 100 mq-a qədər C vitamini qəbul etməyə çalışın. 

Ət və içalat. Ət məhsulları PP vitamini ilə zəngindir. Bu vitamin hüceyrələrin  metabolizmasında aktiv rol oynayır. Lazımi qədər PP vitamini qəbul etməyən insanların dərisində distrofiya müşahidə edilir: dəri quruyur, soyuqdəyməyə məruz qalır və s. Pivə mayası da PP vitamini mənbəyidir. Baxmayaraq ki, mütəmadi pivə içmək sağlamlığa  o qədər də faydalı deyil. PP vitamini qəbul etmək üçün ətin alternativi ən yaxşı halda göbələkdir. 

Kələm və göyərtilər. Bayaq qeyd etdim ki, kələm C vitamini ilə zəngindir. Həmçinin, bu tərəvəz K vitamini mənbəyidir. Brüssel kələmi, gül kələm və brokoli də orqanizmi K vitamini ilə təmin edir. Məhz K vitamini dərimizdəki toxumalarda maddələr mübadiləsini yaxşılaşdırır. Məlumat üçün deyim ki, K vitamini qaynağı olan tərəvəzləri yağın müşayiəti ilə yemək daha faydalıdır. Yenə köməyinizə qoz və ya bitki yağı çata bilər. 

Suda və yağda həll olan vitaminlərlə zəngin qidalar. Cəmi 4 vitamin yağda həll olmaq qabiliyyətinə malikdir. Bunlar D,E,K,A vitaminləridir. Sadəcə, DEKA sözünü yadda saxlamaqla bu vitaminlərin sırasını əzbərləmək mümkündür. Bu vitaminlərlə zəngin olan qidaları mütləq yağla birlikdə yemək lazımdır ki, orqanizm həmin vitaminləri mənimsəyə bilsin. Suda həll olan vitaminləri həddən artıq qəbul etmək əks təsir göstərə bilir. Çünki suda həll olan vitaminlərlə zəngin qidalar çox asanlıqla həzm olunur. Yağda həll olan vitaminlərdə zəhərlənmə hallarına daha çox rast gəlinir. Yaxşısı budur ki, hər şeyi müəyyən ölçüdə və nizamlı şəkildə yeyin.

Bahadur Seyidov / Demedia.az