Sakit və Atlantik okeanı arasında sərhəd: Qarışmalarına mane olan nədir?
Xəritəyə, yaxud qlobusa baxanda aydınca görünür ki, dünyadakı bütün su hövzələri bütöv sular aləminin bir hissəsidir.
Amma, yenə də hər bir su hövzəsini xüsusi adla adlandırırıq. Bu da səbəbsiz deyil. Bütün su hövzələrinin arasında həqiqi bir sərhəd var. Sakit okean və Atlantik okeanı arasındakı sərhəd iki dünya arasındakı sərhəd kimidir. Sanki görünməz bir divar iki okeanın sularını birləşməyə qoymur. Bəs bu necə olur? Təbii ki, görünməz bir divar yoxdur və su mayedir. Bu suların qarışmasına mane olan nədir?
Deməli, sular da bir-birindən fərqli ola bilir. Atlantik və Sakit okeanların sıxlıqları, kimyəvi tərkibləri, duzluluq səviyyələri və digər özəllikləri bir-birindən çox fərqlidir. Rəngləri belə müxtəlifdir. Fərqli fiziki və bioloji xüsusiyyətləri olan sular arasındakı sərhədlərə “okean klini” deyilir. Fərqli duzluluq səviyyəsinə malik olan sular arasındakı sərhədlər haloklinlər adlanır.
Görüntüləri şahanədir. Atlantik və Sakit okeanları arasındakı sərhəd buna bir nümunədir. Ünlü səyyah Jacques Cousteau bunu Cəbəllütariq boğazını keçərkən kəşf edib. Fərqli duzluluq səviyyələri olan suların qarışmadığını, hər tərəfin özünəməxsus bitki və heyvan aləmi olduğunun fərqinə varıb.
Haloklinlər bir okeanın və ya dənizin digərinə nisbətən, ən azı, 5 dəfə daha çox duzlu olduğu halda müşahidə edilir. Bunu evinizdə də yoxlaya bilərsiniz. Bir stəkana dəniz suyu, yaxud rəng qatılan duzlu su tökün. Üstünə adi içməli su tökün.
Özünüz bu suların qarışmadığını görəcəksiniz.
Fizika dərsindən nəsə yadınızda qalıbsa, sıxlığı çox olan suyun sıxlığı az olan suya qarışdığı zaman aşağı çökdüyünü bilirsiniz. Amma, vəziyyət məhz belə olsaydı, iki okean arasındakı sərhəd şaquli deyil, üfüqi olurdu. Duzluluq səviyyələrinin arasındakı fərq də sərhədə yaxınlaşdıqca azalırdı. Bəs niyə belə olmur?
İki okean arasındakı sıxlıq çox deyil. Yəni, biri çökəndə biri yuxarıda qalmır. Eyni zamanda, sıxlıq fərqi bir-birilə qarışacaq qədər az da deyil...
Ətalət. Ətalətin səbəbi olan nizamlayıcı qüvvə hərəkətdə olan əşyanın ətrafında dönən nəsnələrə təsir edir. Belə deyək, dünya hərəkət edərkən üzərində nə varsa, hamısı nizamlayıcı qüvvənin təsirilə öz trayektoriyalarından azca kənara çıxırlar. Nəticədə, yerin üzərindəkilər düz istiqamətdə hərəkət etmək yerinə şimal yarımkürəsində saat istiqamətində, cənub yarımkürəsində isə saat istiqamətinin əksinə fırlanırlar. Amma, planetimiz çox sürətlə hərəkət etmir. Beləcə, nizamlayıcı qüvvə uzunmüddətli proseslərdə daha asan müşahidə edilir. Məsələn, qasırğalar və ya okean axınları kimi. Elə buna görə də Atlantik və Sakit okeanların axıntı istiqamətləri fərqlidir.
İki okean arasındakı önəmli amillərdən biri də molekul bağlarının gücü və ya səthin gərilmə müqavimətinin fərqidir. Bir maddənin molekulları bu müqavimət sayəsində bir-birinə bağlanır. İki okean da səthin gərilmə müqaviməti fərqli olduğundan bir-birilə qarışmırlar. Bəlkə nə vaxtsa qarışmağa başlayacaqdılar, amma, axın istiqamətlərinin fərqliliyinə görə, qarışmaq şansları olmur.
Elə düşünməyin ki, planetimizdə təkcə Atlantik və Sakit okeanları “yaxşı yola getmir”. Bu cür yerlər çoxdu. Termoklin adlanan sərhədlər haqqında məlumatınız var? Termoklinlər fərqli temperatura malik sular arasında yaranır. Məsələn, ilıq suyu olan körfəzlə soyuq suya malik Şimal Buzlu okeanının arasındakı kimi...
Bu sərhədlər arasında ən qəribə olanları kemoklinlərdi. Kemoklinlər mikroiqlimləri və kimyəvi tərkibi fərqli olan sular arasında yaranır. Sargasso dənizi ən məhşur kemoklindir. Atlantik okeanında yerləşən və heç bir sahili olmayan dənizdir. Amma, onu görməmək mümkün deyil. Dünyamızdakı ən şahanə klinlərə nəzər salaq.
Şimal dənizi və Baltik dənizi. Bu iki dəniz Danimarkanın Skagen şəhəri yaxınlığında birləşir. Sularının fərqli sıxlığa malik olmasına görə qarışmırlar. Bəzən hər iki dənizin dalğaları çarpışır. Son illər aparılan araşdırmalara görə, az-az da olsa, hər iki dənizin suyu qarışmağa başlayıb. Baltik dənizinin duzluluğu qarışma səbəbiylə artır. Əgər Şimal dənizindən Baltik dənizinə heç su axmasaydı, Baltik dənizi şirin su gölü olardı.
Aralıq dənizi və Atlantik okeanı. Bu iki su hövzəsi Cəbəllütariq boğazında birləşir. Fərqli duz səviyyələri olduğundan qarışmır.
Karib dənizi və Atlantik okeanı. Antil adaları yaxınlığında birləşən sular qarışmır. Sanki bir rəssam bu bölgəni mavinin fərqli çalarları ilə rəngləyib. İki su hövzəsinin birləşdiyi digər bir yer də Baham adaları yaxınlığındadır. Burda Atlantik okeanının rəngi daha tünd görünür.
Surinam çayı və Atlantik okeanı. Onlar Cənubi Amerikada, Paramaribo yaxınlığında birləşirlər. Amma qarışmırlar.
Uruqvay çayı və çay deltası. Argentinanın Misiones bölgəsində birləşirlər. Biri əkinçilikdə istifadə üçün təmizlənir, o biri yağış mövsümündə suyun altında qalan gilli torpaq səbəbiylə qıpqırmızı olur.
Rio Negro və Solimoes çayları. Amazon çayının qolları olan bu iki çay Braziliyada, Manaus`dan 9 km uzaqlıqda birləşirlər. Amma, qarışma prosesi 4 km-dən sonra başlayır. Rio Negro`nun suları tünd, Solimoes`in suları açıq rəngdədir. bunun səbəbi də temperaturlarının və axın sürətlərinin fərqli olmasıdır.
Mosel və Ren çayları. Almaniyanın Koblenz bölgəsində birləşirlər. Açıq rəngə malik olan çay Ren, tünd rəngli isə Mosel`dir.
İlz, Dunay və İnn. Bu üç çay Almaniyanın Passau şəhərində birləşir. İlz kiçik bir dağ çayıdır. Sağdan axan İnn ondan bir az iri çaydır. Hər ikisi Dunaya tökülür. Düzdür, birləşmə nöqtəsində İnn Dunaydan daha enlidir, amma, onların qarışması uzun məsafədən sonra mümkünləşir.
Alaknanda və Bhagirathi çayları... Hindistanda birləşən bu çaylardan birincisi daha tünddür...
İrtış və Ülbi... Qazaxıstanda birləşən bu çayların bulanıqlıq səviyyələri fərqlidir.
Jialing və Yangtze çayları. Çində, Chongqing yaxınlığında birləşirlər. Jialing`in suyu safdı. Yangtze çayı isə qəhvəyi rəngdə axır.
İrtış və Om. Bu iki çay Rusiyada, Omsk yaxınlığında birləşirlər. İrtış çayının suyu bulanıq, Om çayının suyu isə təmizdir.
Çuya və Katun çayları Rusiyada birləşir. Çuya`nın suları bulanıqdır, amma ağ rəngdədir. Katun isə mavi və təmiz suya malikdir. Sonadək sanki iki rəng yan-yana axır.
Green və Kolorado çayları. ABŞ-ın Yuta ştatındakı Canyonlands parkında birləşirlər. Koloradonun suyu qəhvə rəngindədir, Green çayı isə, adından da göründüyü kimi yaşıl rəngdədir. Hər iki çayın yataqları fərqli kimyəvi quruluşa malikdir. Rənglərinin fərqli olmasının səbəbi də budur.
Rhone və Arve çayları... İsveçrənin Cenevrə şəhərində birləşirlər. Rhone Cenevrə gölündən başlanğıcını götürən saf sulu çaydır. Arvenin bulanıq suyunun mənbəyi isə Chamonix vadisinin buzluqlarıdır.
Təbii ki, planetimizin bu cür sirli, qeyri-adi məkanlarının hər birini görmək üçün nə ömrümüz, nə də pulumuz çatmaz. Amma, alimlər bu fikirdədir ki, səyahət etmək, yeni yerlər görmək insan psixologiyasına olduqca yaxşı təsir edir. Odur ki, səyahət etmək üçün qarşımıza çıxan hər bir şansı dəyərləndirməliyik...
Bahadur Seyidov / Demedia.az