Avropa Parlamentinin deputatlarının bu addımı... - Politoloq sərt danışdı



 13:31 07.10.2022     602

"Avropa Parlamentinin (AP) Azərbaycana münasibətdə Avropa İttifaqının mühüm təsisatlarından fərqli olaraq, qərəzli və riyakar yanaşma tərzi, AP-də təmsil olunan bəzi deputatlar və qruplar tərəfindən ölkəmizə qarşı başladılan davamlı qarayaxma kampaniyaları artıq kimsədə təəccüb doğurmur. Sanki belə də olmalıdır və Avropa İttifaqına üzv olan ölkələrdən daha çox ayrı-ayrı dairələrin, o cümlədən erməni diasporu və lobbisinin maraqlarını, korporativ mənafelərini qorumaqla məşğul olan bu deputatların missiyaları Azərbaycana, eləcə də öz suveren hüquqlarının keşiyində dayanan, müstəqil siyasət yürüdən digər ölkələrə böhtan atmaqdan ibarətdir".

Demedia.az xəbər verir ki, politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən müddət ərzində Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının ayrı-ayrı komissiyalarının il ərzində təqdim etdikləri 1-2 hesabat, proqram və iş planını müzakirə etməkdən başqa hansısa bir faydalı işə töhfə verdiklərinin şahidi olmamışam:

"Əksinə, bu təsisatın bəzi təmsilçiləri bacardıqları qədər İttifaqın tərəfdaşları ilə münasibətlərini zədələməyə, təmsil etdikləri korporativ maraqlara görə, Aİ-nin, bir çox hallarda həyati əhəmiyyət daşıyan mənafelərinə zərbə vurmağa çalışıblar. Sərgilədikləri davranışlar isə, əksər hallarda Avropa İttifaqının elan etdiyi prinsiplərlə ziddiyyət təşkil edib. Elə bu xüsusda, Avropa Parlamentinin xeyli sayda deputatının, ayrı -ayrı və rəngarəng fraksiyalarının Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zaman kəsiyində nümayiş etdirdikləri hüquqa zidd davranışlarını, işğal altında olan ərazilərimizə qanunsuz səfərlərini, işğalın davam etməsi üçün “yandırdıqları şamları”, etdikləri “dua”ları, səsləndirdikləri ksenofob və islamafob şüarlarını, dini konfessiyaların arasına nifaq toxumunun səpilməsinə xidmət edən ikrah doğuran antihumanist mülahizələrini xatırlamaq yetərlidir. Avropa Parlamentinin deputatlarının davamlı olaraq, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, azərbaycanlılara məxsus milli, mədəni və dini abidələri, ziyarətgahları, məzarlıqları viran qoyan, yaşayış məntəqələrini yaşanmaz hala gətirən erməni müharibə canilərinin, vandallarının vəhşiliklərinə dini konfessiyalararası müstəvidən haqq qazandırmağa cəhd göstərmələri isə vicdansızlığın, ədalətsizliyin, haqsızlığın ən son həddidir və bütövlıükdə insanlıq adına utanc gətirən bir davranışdır. Bu həm də o deməkdir ki, müharibə cinayətlərinin bütün təsnifatını əsir və girovların, silahsız insanların, uşaqların, qadınların üzərində dəfələrlə “sınaqdan keçirən” qaniçən işğalçını döyüş meydanında məğlub etməklə 30 illik işğala son qoyan, işğaldan sonra isə erməni vəhşiliyinin nümunəsi olan toplu məzarları aşkara çıxaran Azərbaycanın əleyhinə Ermənistan bayrağıyla toplu şəkil çəkdirən AP deputatlarının tutarlı siyasi və hüquqi arqumentləri yoxdur. Onlar çıxış yolunu yalnız özgəsinin torpağına göz dikməyin məntiqi nəticəsini yaşayan Ermənistanın “xristian ölkəsi” olduğunu önə çəkməklə avropalıların hisslərini istismar etməkdə görürlər. Bəli, Ermənistan «xristian ölkəsi»dir. Həm də xristianlığın bütün dəyərlərinə meydan oxuyan, İncildə buyurulanların tam əksini təbliğ və icra edən, mənsub olduqları dindən cinayət əməllərini ört-basdır etmək üçün örtük kimi yararlanan saxtakarların ölkəsi. Maraqlıdır, görəsən Ermənistanın və ermənilərin hansı davranışlarında xristianlıqdan əsər-əlamət var? Və nə deyir xristianlıq? “Öldürmə”, “oğurlama”, “yalandan şahidlik etmə”, “qonşunun evinə, malına, qadınına... tamah salma”... Zənnimcə əlavə şərhə ehtiyac yoxdur. Ermənistanın və erməniliyin törətdiyi cinayətlər bütün səmavi dinlərin və onların təbliğ etdiyi dəyərlərin üzərindən qanlı xətt çəkib.

Bəli, Ermənistan “xristian ölkəsi”dir. Çünki ermənilər, elə Avropa Parlamentinin deputatlarıyla eyni dünyagörüşünə sahib olan səlibçilərin dəstəyi ilə zaman-zaman indi Ermənistan adlanan ölkənin torpaqlarının əsl sahiblərini - azərbaycanlıları, eləcə də digər müsəlman xalqlarının nümayəndələrini ana südü kimi halal torpaqlarından zorla çıxarıblar, etnik təmizləməyə, soyqırımına məruz qoyublar. Son olaraq, 200 mindən çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb və Azərbaycan Respublikasına sığınmaq məcburiyyətində qalıb. Azərbaycan isə dünyəvi ölkədir. Burada bütün dinlərin, xalqların nümayəndələri öz doğma Vətənlərində bir-birilərinə dərin hörmət və ehtiram bəsləyərək, sevərək yaşayırlar! Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verirlər, eyni məzarlıqda uyuyurlar, bütöv Azərbaycan xalqının şəhidi, qürur yeri sayılırlar. Biz nə dirilərimizi, nə də ölülərimizi dinlərinə, milli mənsubiyyətlərinə görə ayırmırıq!

Yaxşı olardı ki, Avropa Parlamentində Ermənistan bayrağı ilə toplu şəkil çəkdirib işğalçının döyüş meydanındakı məğlubiyyətini “xristian Ermənistana hücum” kimi qələmə verən avropalı deputatlar Azərbaycana gəlib erməni vəhşiliyinin ağlasığmaz nümunələri ilə tanış olsunlar və Azərbaycan xalqının yüksək mədəniyyətindən, mənəvi keyfiyyətlərindən, gendən gələn tolerantlığından nümunə götürsünlər.

Avropalı parlamentarilərin son “toplu şəkilli” davranışları isə, onların hələ də inkivizisiyaçı və səlibçi təfəkkürü ilə yaşadıqlarını, parlamentarizm anlayışını “xristian klubu” ilə əvəzlədiklərini sübuta yetirir".

Xəyalə Məmmədova / Demedia.az