Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı? - Şərh



 14:05 07.10.2022     604

"Avropa Siyasi Birliyi Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər. İkinci görüşün 5 saat çəkməsi onu göstərir ki, müzakirələr gərgin keçib və ortaq razılaşmaların əldə olunması asan başa gəlməyib".

Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məqaləsində qeyd olunub.

Bildirilib ki, Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı?:

"Bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar. Bu 30 ildən sonra İrəvanın “Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum” tələbindən imtina etməsi deməkdir. Bəyanata “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsində 1991-ci ilə istinad Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi əsasında salınıb. Ancaq önəmli olan cümlənin birinci hissəsində BMT Nizamnaməsinin əsas götürülməsidir. BMT Nizamnaməsi və 1991-ci Alma-Ata bəyannaməsi sərhədin delimitasiyası üçün əsas olacaq. Delimitasiya üzrə komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək.

Praqadakı ortaq bəyanatın vacib bəndi Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərəcəyidir. Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron istəyirdilər ki, bu komissiya hər iki tərəfdə fəaliyyət göstərsin. Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan sadəcə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Missiyanın tərkibinin necə formalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz.

Ermənistan və Fransa bəyanata Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı cümlə saldıra bilməyiblər. Rusiyadan sonra Fransa da Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf edib. Bunun əvəzinə İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. İlham Əliyev görüşdən sonra mətbuata verdiyi açıqlamada onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar, əks halda ölkəni tərk etməli olacaqlar. Təmaslarda Qarabağın erməni əhalisi kimlər təmsil edəcək? Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir.

Praqada dördlü format çərçivəsində görüşün nəticələrini müsbət qiymətləndirmək olar. Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bu siyasətinə sadiq qalarsa Ermənistanın Qərbi Zəngəzurla bağlı qorxusuna əsas qalmayacaq. İkincisi, iki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi yaranıb. Üçüncüsü, Praqadakı razılaşmaların yerinə yetirilməsi halında ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq.

Bütün bunlar o demək deyil ki, iki ölkə arasında gərginlik azalacaq. Bu kimi görüşlərdən sonra təmas xəttəində təxribarlar baş verir, Azərbaycan ərazisi atəşə tutulur və Azərbaycan ordusu əks-həmlələr həyata keçirmək məcburiyyətində qalır. Digər tərəfdən Praqadakı razılaşmalar, o cümlədən Brüssellə yanaşı Parisin də vasitəçiliyinin gücləndirilməsi Kremlin xoşuna gəlməyəcək. Rusiya ümumi prosesi pozmaq üçün müxtəlif “planlarını” hərəkətə gətirə bilər. Ancaq Rusiya danışıqlar prosesindən kənarlaşdırılmır. Avropa İttifaqı və Fransa Azərbaycanla sülh sazişinin mətni və sərhədin müəyyənləşməsi məsələsində vasitəçilik edirlər, Rusiya isə Zəngəzur dəhlizinin mexanizminin müəyyənləşməsində əsas vasitəçidir.

İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızı dəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir".

Xəyalə Məmmədova / Demedia.az