Dövlət qurumlarının birgə əməyinin nəticəsi olan data necə istifadə oluna bilər?



 17:23 07.10.2022     602

Dövlət qurumlarının birgə əməyinin nəticəsi olan data necə istifadə oluna bilər? Qarabağda küçə adları müəyyən olunubmu? Əmlak Məsələləri Dövlət Xidməti açıqlama yayıb. Bu Dövlət xidməti yenidən “4MAPS Bilgi Teknologileri” şirkətini gündəmə gətirib. ƏMDX bu şirkətin azad edilmiş ərazilərimizdəki rayon və yaşayış məntəqələrinin, küçə və prospektlərin adlarının, həmçinin, xəritə məlumatları ilə bağlı beynəlxalq saytlarda yol verilmiş təhriflərin düzəldilməsi işlərini pulsuz, könüllü yerinə yetirdiyini bildirib.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, hansı ki, Nazirlər Kabinetinin qərarına görə bu işlərlə bağlı bir neçə dövlət qurumunun iştirakı ilə komissiya yaradılıb, xüsusi qərar qəbul edilib, coğrafi adlar üzrə açıq məlumat bazası yaradılıb, bəzi işlər görülüb və müəyyən işlərə də start verilmişdi:

"İndi 4MAPS şirkətinin bu datadan necə istifadə etməsi, bu məsələdə Azərbaycan adından xarici şirkətlərlə necə anlaşması, xarici xəritə şirkətləri qarşısında bizim data ilə əlaqəli hansı öhdəlikləri olması, Yandex, Apple və Google ilə belə anlaşmaların olub-olmadığı, hansı hüquqi mexanizmlərə söykənməsi məlum deyil.

Diqqətlə müşahidə etdikdə görmək olur ki, 4MAPS-ın gördüyü bəzi işləri, xüsusən adi panorama xarakterli işləri də ƏMDX-nin açıqlamasında 3D olaraq təqdim etməsi də anlaşılan deyil .

Xatırladıram ki, adı çəkilən şirkət 3.7 milyon manat məbləğində "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi" haqqında şübhəli bir "tenderin" də qalibi elan edilib.

Yəni, görünən odur ki, 4MAPS "tender" tapşırığının icrası ilə deyil, pulsuz olaraq tamam ayrı işlərin görülməsi ilə məşğuldur.

Əslində isə tenderin olmadığı, görüləcək iş üçün daha az məbləğ təklif edən yerli şirkətlərin tenderdən kənarlaşdırıldığı, görüləcək işin xeyli hissəsinin dövlət qurumları tərəfindən artıq görülməsi haqqında, bu şirkətin reputasiyası ilə, əməkdaşlıq etdiyi beynəlxalq qurumlarla bağlı müəyyən sualların olması haqqında bir müddət öncə yazmışdım.

Antiinhisar da dərhal reaksiya verərək bu işin araşdırılacağını bildirmişdi.

Düşünürdüm ki, bu məsələ araşdırılıb bir açıqlama veriləcək.

Antiinhisarın araşdırması başa çatmadan, hansısa açıqlaması olmadan ƏMDX-in, fəaliyyəti hətta Türkiyədə xeyli suallar doğuran 4MAPS şirkətini dəstəkləyən açıqlama yayması, reallığı əks etdirməyən məlumatlar verməsi anlaşılan deyil.

Xatırlayıram ki, Azərbaycan reallığında bu tip "pulsuz işlər görən", "tenderlərdə" xeyli vəsaitlər mənimsəyib, işləri yarımçıq royub sonradan ölkəni tərk edən və indiyədək tapılmayan şirkətlər olub.

Ümid edirəm Antiinhisar Dövlət Xidmətinin araşdırmasının yekunu və açıqlaması özünü çox gözlətməz".

Xəyalə Məmmədova / Demedia.az