Dünyanı bu virus qurtaracaq - Araşdırma
Milyon illərdir sürən bir savaşın mərkəzindəyik. Çoxlarınızın düşündüyü kimi, Xeyir və Şərin savaşından danışmıram, canlı olaraq yaşam uğrunda apardığımız savaşdan danışıram. Hər gün milyonlarla canlı ölür. Amma bizim bundan heç xəbərimiz olmur. Savaşın baş qəhrəmanı isə dünyanın ən ölümcül varlıqlarından biri olan bakteriofaqlardır...
Virus dedikdə ağlınıza nə gəlir? Bir xəstəlik, ya da nəsə pis bir şeymi? Bəs, bir virusun bir gün bütün insanlığın həyatını qurtaracağını söyləsəm, inanarsınızmı?
Əvvəllər infeksiyaya səbəb olan hər hansı bir yara, ya da kiçik bir kəsik, ölümə aparırdı. İlk antibiotik 1928-ci ildə Aleksandr Fleming tərəfindən tamamilə təsadüf nəticəsində tapıldı. Eyni zamanda, həmin çalışması Fleming`ə Nobel mükafatı qazandırdı. Beləcə, bir canavar olaraq gördüyümüz bakteriyalar antibiotiklər qarşısında “tük tökmüş pişiyə” döndülər. Yaxın tarixə qədər də belə idi.
Artıq şərtlər dəyişib. Çünki, insanlar adi bir soyuqdəymə zamanı da faydasız olduğunu bilə-bilə antibiotik istifadə etdilər. Yetmədi, heyvanlara da antibiotik verməyə başladılar. Hətta, tez böyüsünlər deyə onlara daha çox antibiotik verdik. Sonra da həmin heyvanların ətini yedik. Beləcə, zamanla bakteriyalar antibiotiklərə qarşı immunitet yaratdılar. Və super bakteriyalar yarandı. Onların 2050-ci ilə qədər hər il 10 mln insanın ölümünə səbəb ola biləcəkləri ehtimalı var. Yəni, super bakteriyalar xərçəngdən daha çox can ala bilir. Məsələn, kiçik bir kəsikdən, ya da bəsit bir infeksiyadan sevdiyimiz insanlar ölə bilər. Nəticə etibarilə, əlimizdəki ən təsirli silah bir gün tamamilə yoxa çıxar...
Bahadur Seyidov / Demedia.az