Bir gün su içməsək orqanizmdə nə baş verər? - Araşdırma



 20:22 10.10.2022     933

Vücudumuzun 70%-indən çoxu sudan ibarətdir. Yaş irəlilədikcə bu rəqəm dəyişir. Ana bətnində mayalanan döllərin 95%-i su olur. Doğulanda  bu rəqəm 70%-ə düşür.  Nəticə etibarilə, 70 kq çəkiyə malik bir adamın bədənində 50 litr su var. Bu suyun üçdə ikisi hüceyrələrdədir.

Su insan vücudu üçün niyə bu qədər önəmlidir?

Su-faydalı maddələri və qidaları orqanizmin fərqli orqanlarına daşıyır, enerji yaradır, əzələləri gücləndirir və oynaqları nəmləndirir. Hətta, gözlərinizi belə nəmləndirir. Orqanizmdə yetərli su olmadığında ürək-damar sistemi normal işləmir. Ən əsası, orqanizm öz temperaturunu nizamlaya bilmir və vücud get-gedə isinməyə başlayır. 

Orta çəkili bir insan il ərzində, təxminən, 1200 litr su içir. Bəzən insanlar  içdikləri suyun önəmini unudurlar və lazımi qədər içmirlər. Amma, onlar  su içməsə orqanizmdə nələr baş verəcəyini də yaddan çıxarırlar. Bəs, su içməsək,  başımıza nə gələr? Sualın cavabı qarşıdakı videodadır... 

Su deyəndə soda, meyvə şirələri, çay və bildiyimiz bütün mayeləri nəzərdə tuturuq. Təbii ki, bunların əksəriyyəti orqanizm tərəfindən qida kimi qəbul edilir. Əgər orqanizmdə lazımi su miqdarı 1% azalırsa, sağ qalma instinktiniz hərəkətə keçər və susuzluq hiss edərsiniz.  Bəs, su içməyi tamamən tərgitsəniz, orqanizmdə nə baş verər? 

Hər şeydən öncə, sidiyin rəngi tündləşir. Orqanizm su əskikliyi yaşadıqda böyrəkləriniz bədənə girən suyun çoxunu qana yönləndirir. Buna görə də sidiyin rəngi tünd olur. Vücudunuz su əskikliyi hiss etdiyində çalışır ki, su balansını qorusun. Bir müddət maye qəbul etməsəniz,  sidiyə də getməzsiniz. Bu da  o deməkdir ki, toksinlər bədəndə qalır.  Su əskikliyi zamanı insan udquna da bilmir.  Orqanizmdə su azalanda beyin kiçilir. Əgər qısa zamanda lazımi qədər su içməsəniz, bu xəsarətlər qalıcı olur. 

Su əskikliyi zamanı beyin sadə işləri belə yerinə yetirərkən çətinlik çəkir. Diqqətiniz dağılır, unutqanlıq yaşayırsınız, tez əsəbiləşirsiniz. 

Su oynaqlarınızı və sümüklər arasındakı bölgələri nəm saxlayır. Su əskikliyi zamanı sümüklər quruyur və bir-birinə sürtünür. Ona görə də susuzlayanda sümüklərdə və oynaqlarda qəribə ağrılar hiss edilir. 

Orqanizmdə su çatışmayanda dəri quruyur və qırışır. Beyniniz hər hansı bir iş üçün iki dəfə artıq çalışdığından başınız ağrıyır. Ardınca gözləriniz də ağrımağa başlayar. 

Susuzluq artıq çəki də yaradır. Bu, bir az məntiqsiz görünə bilər, ancaq, su itirməmək üçün orqanizm daxilində olan bütün suyu qorumağa çalışır. Nəticədə, özünüzü şişkin hiss edərsiniz. Həqiqətən də, şişkinlik yaranar. 

Su əskikliyi tualet vərdişlərinizə də təsir göstərir.  Orqanizmdə su çatışmırsa, bağırsaqlar qurulaşır. Su əskikliyi zamanı dərinizin rəngi boz-mavi ola bilər. Bu da o deməkdir ki, kapilyarlara qan işləmir. Susuz qaldıqda 3-5 gün içində orqanlar öz funksiyasını itirir. Buna görə də susuzluqdan qaynaqlanan deqradasiya əlamətlərini vaxtında sezmək və qarşısını almaq üçün çalışmaq lazımdır. Ən önəmlisi, çalışın daim bədəninizdə su balansı  normada olsun. Davamlı olaraq idman salonuna gedirsiniz, amma, buna baxmayaraq yenə arıqlaya bilmirsiniz? Demək, vücudunuzda maddələr mübadiləsi pozulub. Səbəbi susuzluq ola bilər.  Qəfildən temperaturunuz qalxırsa, ürək döyüntünüz sürətlənirsə, başınız fırlanırsa, dəriniz quruyur, yaxud qızarırsa, özünüzü mütəmadi olaraq yorğun hiss edirsinizsə,  ağız boşluğunuz quruyursa, səbəbini ən birinci susuzluqda axtarın. Bu əlamətlərdən biri, yaxud bir neçəsi varsa, təcili su için. 

İnsanların yaş, cins və yaşam tərzlərinə görə fərqli ölçüdə su içmə vərdişi var. Məsələn, 19-50 yaş arası qadınlara gün ərzində 2,7 litr su içmək məsləhət görülür. 19-50 yaş arası kişilərdə isə bu rəqəm  3,7 –dir. Ehtiyacınız olan su miqdarını gün  boyu nizamlı şəkildə için. Məsələn, səhər acqarına 1 stəkan su için. Bu, maddələr mübadiləsini sürətləndirir.  Həmişə yanınızsa su şüşəsi olsun.

Gününüz ofisdə keçirsə, masanıza bir qrafin su qoyun və az-az için. İşiniz küçələrdə keçirsə, yanınızda daim su şüşəsi gəzdirin. 

İdman salonuna gedirsinizsə, içdiyiniz suyu ikiqat artırın. Su içmənizi təqib edən  proqramlardan birini telefonunuza yükləyin. Bu proqramlar nə vaxt su içmənizi  yadınıza salacaq. Hətta, yaxınlıqdakı su mənbəyi barədə sizə məlumat verəcək. Çalışın “8x8” qaydasına əməl edin. Bu o deməkdir ki, gün ərzində 8 dəfə 250 ml su içməlisiniz. Əgər  əliniz suya çatmırsa, sulu meyvələr və tərəvəzlər yeyin. 

Çalışın ki, gün ərzində  içdiyiniz çay və ya kofe 4 fincandan artıq olmasın. Bu içkilərin yan təsirləri yuxusuzluq, yorğunluq və tez əsəbiləşməkdir. 

Təəccüblü gələ bilər, amma, gündəlik su ehtiyacımızın 20%-ni yediyimiz yeməklər ödəyir. Ona görə də, çalışın ki, qida rasionunuzda xiyar, qarpız və kərəvizə yer ayırın. Pəhriz zamanı ən yaxşı su mənbəyi isə şorbalar və bulyonlardır.

Yemək olmadan həyatda qalmaq olar, amma susuz yox. Bəzən insana elə gəlir ki, ürəkbulantıları aclıq zamanı meydana çıxır. Alimlərin dediyinə görə, ürəkbulanmalar aclıqdan yox, susuzluqdan yaranır. 

Son olaraq, nə içdiyinizdən əmin olun. İçdiyinizin su olduğundan əmin olmaq üçün kiçik bir tapmaca: bir kimyaçının Johnny adlı oğlu vardı. Amma, Johnny artıq həyatda yoxdur. Çünki o, H2O –yəni su əvəzinə H2SO4  içib. Bunun nə olduğunu və gündəlik nə qədər su içdiyinizi rəylərdə yaza bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az