İnsanla zamanın qarşıdurmasından yaranan peşə... - Araşdırma
İnsan və zaman… Bir-birinə qalib gəlməyə çalışan iki məfhum. Bu gün insanla zamanın qarşıdurmasından yaranan daha bir maraqlı və qeyri-adi peşədən danışacağam. Bu peşənin sahibi “oyandırıcılar” adlanırdı.
Tarix sevənlər yaxşı bilir. Avropada XVIII-XIX əsrlərdə elmi-texniki tərəqqi baş verdi. Orta məktəbdə “iqtisadiyyatın əsasları” fənnindən öyrəndiyimiz kimi, elmi-texniki tərəqqi, qısacası, ETT də, öz növbəsində, tarixə “sənaye inqilabı” kimi düşmüş bir dövrü başlatdı. İşin-gücün başdan aşdığı sənaye inqilabı insanlardan dəqiqlik tələb edirdi. Başqa sözlə, kiminsə bircə saat artıq yatmaq, işə iyirmi dəqiqə gecikmək şansı yox idi. İndi haqqında danışacağım qəribə peşə məhz bu vaxt meydana çıxdı. İnsanlar oyandırılmağa ehtiyac duydu və kimlərsə özünə peşə seçməkdə gecikməyərək “oyandırıcı” oldu.
Original adı “knocker up” -“yuxarını döyəcləmək” olan peşənin sahibləri, adətən, bambuk ağacından hazırlanan uzun sopalardan istifadə edirdilər. Hər səhər müştərilərinin qapılarına gəlir, ya qapını, ya da yataq otağının pəncərələrini bambuk sopaları ilə döyəcləyirdilər. Beləcə, yatanlar oyanırdı. Peşənin qəribəliyi isə onda idi ki, oyandırılanlar oyadanlara maaş ödəyirdilər.
Tarixin ilk “oyandırıcı”larından biri Waters soyadlı qadın olub. Bir gün qadının əri yaralanır və o, ailəsinin dolanışığını təmin etmək üçün işə başlayır. İlk müştərisini hər gecə saat 03:00-da oyandırır, ondan həftədə 2 şillinq maaş alırdı. Müştərisi qəliblərə dəmir tökdüyü üçün işə hamıdan tez başlamalıydı.
İlk iş ilinin sonunda xanım Waters`in 30 müştərisi vardı. Peşəsinin 5 illiyini qeyd edəndə isə hər gün 80 adamı oyandırdığı üçün qürur duyurdu. Sonuncu dəfə 95 müştəri ilə işlədiyini deyəndə, heç kim təəccüblənməmişdi. Maraqlısı o idi ki, xanım Waters`in müştəriləri intizamlı, dəqiq insanlar idi.
Peşənin çətinliyi də vardı. Hansı müştərini hansı saatda oyatmağı yadda saxlamayanlar işlərini itirirdilər. Müştərilərin evlərinin divarında peyda olan yazılar, yaxud divardan asılan kağızlar oyandırıcıların “yaddaş kartı” rolunu oynayırdı. Onlar divarlara təbaşirlə kimin hansı saatda oyanacağını yazırdılar.
Hər oyandırıcının özünə müştəri seçmək kimi bir şansı vardı. Çünki müştərilərin evəri arasında getdib-qayıtmaq onların vaxtını alırdı. Beləcə, qısa müddət ərzində oyandırıcılar məhəllələri öz aralarında böldülər. Əgər bir oyandırıcıya digər məhəllədən müştəri çıxırdısa, o, məsləkdaşı ilə müştəri “dəyiş-düyüş” edə bilirdi. Ki, bu da vaxta qənaət etməyə imkan verirdi.
Sonralar oyandırıcıların vəzifələri sırasına küçələrdə yanan qaz lampalarını söndürmək də əlavə olundu. Bu işin haqqını isə hökumət ödəyirdi.
Zəngli saat 1787-ci ildə amerikalı Levi Xatçins tərəfindən icad edilsə də, oyandırıcılıq işi onun bütün dünyaya yayılmasına qədər davam edib. Hazırda isə dünya peşə tarixi əllərindəki bambuk sopaları ilə pəncərə döyəcləyənləri nostalgik duyğularla yad edir.
Bahadur Seyidov / Demedia.az