Rusiya-Ukrayna müharibəsi daha qanlı bir fazaya keçir - Natiq Cəfərli



 18:39 10.10.2022     754

Rusiya-Ukrayna müharibəsi daha qanlı, vəhşi, insan ölümlərinin ciddi artacağı bir fazaya keçir.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Rusiya siyasi elitası Putin üzərinə inşa edildiyindən, “təkadam” prinsipi ilə formalaşdığından, heç bir sağlam institutun olmadığından Putinin məğlubiyyəti bütün elitanın silinməsi anlamına gəlir:

"Buna görə də, faktiki olaraq bütün elita Putinin arxasındadır. 23 il hakimiyyətdə olmaq o deməkdir ki, siyasi-iqtisadi elita tam nəzarətdədir, daxildə heç bir güclü fiqur birbaşa Putinə qarşı addımlar atmır, amma maraqlı başqa proses gedir: Elita bütün uğursuzluqların “günah keçisini” axtarmağa başladıqca bir-birlərini batırmağa çalışacaqlar. “Çarın” qəzəbindən yayınmaq üçün uğursuzluğun “adını, soyadını, atasının adını” ona çatdırmaqla daxili intriqaları artıracaqlar.

Bu yeni situasiyadır, amma müharibənin, Rusiyanın işğalçı, vəhşi addımlarının sona çatması üçün yetərli deyil. Çox təhlükəli bir dönmə qədəm qoyuruq, bütün dünya üçün faktiki olaraq onmilyonların həyatına başa gələ biləcək avanturist addımlar ərəfəsindəyik – açığı, çıxış yolu da, hələ ki, görünmür. Amma qardaş Türkiyənin yeni təşəbbüsü, bəlkə də Dünya üçün son şans ola bilər – rəsmi Ankara Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniya arasında yüksək səviyyəli “zirvə görüşü” təklif edib, əgər bu baş tutsa onmilyonların həyatı xilas olacaq.

Dünya Rusiyanın “insansevməz” vəhşiliyi ilə Qərbin daha geniş planlarından doğan “insanlığanifrət” yanaşması arasında qalıb – bu isə qlobal faciələrə qapı açır. İndi bir çox analitiklər ötən əsrin 60-cı illərində az qala nüvə müharibəsi ilə bitəcək “Karib böhranı” ilə paralellər aparır, məncə, çox səhv yanaşmadır – “Karib böhranı” qarşılıqlı güzəştlər üçün meydanın olduğu üçün danışıqlarla bitdi, Rusiya Kubadan, ABŞ isə (NATO) Türkiyədən nüvə silahlarını geri çəkdi. İndiki durumda qarşılıqlı güzəştlər üçün bütün imkanları bilərəkdən tükətdilər – Rusiya işğal etdiyi bütün əraziləri “qanuni” olaraq öz ərazisi elan etməklə güzəşt qapısını bağladı, Qərb isə Rusianı dayandırmaq üçün yeganə yolun hərbi qələbə olduğunu düşünərək bu yolu qapadıb. Faciələrə qapı aralayan bir durumdur, çıxış yolu isə, hələ ki, görünmür, hətta Rusiya elitası qeyrətə gəlib Putini devirsə belə, bu da artıq problemləri tam həll edə bilməyəcək, Putin elə bir konfiqurasiya qurub ki, özündən sonra daha pis “putinlər” gələcək...".

Xəyalə Məmmədova / Demedia.az