Kəhanətlər kitabı haqda ŞOK FAKTLAR: 104 il sonra...



 22:03 11.10.2022     955

BBC-nin bir reportajından yola çıxaq. “Fransız ordusu “gələcəyin təhdidlərini” təxmin etmək üçün fantastik yazarların xəyal gücündən yararlanacaq”.  Bu xəbər sosial mediyada gülümsəyən, tənə edən, təəccüb edən smayliklərlə paylaşıldı.  Əslində isə, Fransanın Müdafiə Nazirliyi uzun illərin təcrübəsindən yararlanmağa çalışırdı. 

1865-ci ildə Jül Vern “Aya yolçuluq” kitabını yazıb. Həmin kitabda Floridadan  Aya raket göndərilir və həmin raketdə üç kosmonavt olur. Yazıçının təxəyyülü 104 il sonra gerçəkləşdi, “Apollo 11” Aya eniş etdi. 
1927-ci ildə “Metropolis”  filmində “görüntülü telefon danışığı”  olan səhnə vardı. O vaxt bu, fantastika sayılırdı. İndi isə burda oturub, okeanın o tayındakı dostumuza videozəng edə bilirik. 
    
Bu cür misalları çox çəkmək olar.  Mövzunu gündəmə gətirməyimin səbəbi isə başqadır.  Hazırda sosial mediyada, elektron mətbuatda “Kəhanətlər” adlı bir kitabdan və onun yazarından çox danışılır.  Çünki,  həmin kitabda koronavirusla bağlı olduqca maraqlı bənzərliklər var. 

Dünya tarixində hadisələrin öncəgörülməsiylə bağlı yazılanlar, deyilənlər az deyil. Amma, Silviya Browne adlı bir Amerikalı mediumun Lindsay Harrison ilə birgə yazdığı “Kəhanətlər” kitabı  yaxın tarixdə-15 il əvvəl çap olunub. Həmin kitabın 210-cu səhifəsində müəllif Silviya Browne yazıb: “2020-ci illərdə ağciyərlərə və bronxlara ciddi şəkildə təsir edən, müalicəyə qarşı zalımca müqavimət  göstərən sətəlcəmə bənzər bir xəstəlik meydana çıxacaq. Tibbi maskalar və plastik əlcəklər geyinən insanlarla rastlaşacağıq. Xəstəlik haqqında ən qəribə hal odur ki, bir qış boyunca dünyanı panika altında saxlayacaq, sonra isə anidən yoxa çıxacaq. 10 il sonra yenidən peyda olacaq və yenə anidən yoxa çıxacaq”. 

Kitabdan da göründüyü kimi, sanki müəllif bu gün dünyada baş verənləri, həqiqətən, öncədən görüb.  Sizcə, bu yazdıqları onun təxəyyülünün məhsulu ola bilərdimi? Əgər belədirsə, bir yazıçının təxəyyülündə yaratdıqları gerçəyə dönə bilərmi? Ən maraqlısı isə, Jül Vern də “Aya yolçuluq” kitabını yazanda “Apollon 11”-i öncədən görə bilmişdimi? Hamımızın cavab axtardığı suallarla bağlı fikirlərinizi rəylərdə yaza bilərsiniz. Çünki, koronavirus təhlükəsi bir daha sübut etdi ki, bəzi sualların cavabını tapmaq üçün bəşəriyyət birlikdə düşünməlidir... 

Bahadur Seyidov / Demedia.az