Kreml anlamalıdır ki, Xəzər sahili ölkələr mövcud vəziyyətdən narazıdırlar - TƏHLİL



 17:02 11.10.2022     632

"Xəzər sahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq ediblər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub".

Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.

Bildirilib ki, Rusiya konvensiyanın bu bəndini artıq necənci dəfədir pozur:

"Rusiyanın dəniz donanması illər öncə Xəzərdən Suriya ərazisini raket atəşinə tuturdu. O zaman bu etiraz doğurmurdu, çünki sözdə də olsa Suriyada terrorçu qruplaşmalar hədəf götürülürdü. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu dəfə Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutulur. Bu zaman Ukraynada infrastruktur dağıdılır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

Ukrayna Xəzər sahili ölkələrdən Azərbaycanla, Qazaxıstanla və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Belə çıxır ki, Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və təhlükə altına alır.

Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var.

Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Misal üçün Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risq etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər.

İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır.

Xəzər sahili ölkələrin ayrılıqda Rusiyaya etiraz etməsi çətindir. Rusiya ona etiraz edən ölkəyə təzyiqi artıracaq. Buna baxmayaraq, Xəzər sahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac var. Kreml anlamalıdır ki, Xəzər sahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər".

Xəyalə Məmmədova / Demedia.az