Çinlilərin nuşi-canla yedikləri qeyri-adi yeməklər - Araşdırma



 21:34 12.10.2022     987

Dünyadakı bir çox yoluxucu xəstəliklərin Asiyada, xüsusilə, Çində meydana çıxması təsadüfi deyil.

Təxminlərə görə, vəhşi heyvanlarda hələ tibb elminin tanımadığı 1,7 milyon virus növü var. Bura Çindəki heyvan bazarlarından biridir. Göründüyü kimi, qəfəslər üst-üstə yığılıb. Aşağıdakı canlılar yuxarıdakıların zibillərinə və nəcislərinə məruz qalır.  Xəstəliklər bir heyvandan digər heyvana məhz bu şəkildə keçir. Daha sonra bu heyvanlar insanla təmas edərsə, ya da bir insan tərəfindən yeyilirsə, xəstəlik insana keçir. Beləliklə də, yoluxmanın ilk etapı tamamlanır. 

Bu, Vuhan bazarından menyu örnəyidir. Bütün bu heyvanların eyni bazarda olmasının səbəbi isə budur:  1958-ci ildə Çində böyük qıtlıq yaşandı. 36 milyon insan acından öldü.  Qida istehsalına nəzarət edən kommunist rejim 900 milyondan çox insanı yedirdə bilmirdi.  1978-ci ildə çöküşün bir addımlığında rejim ciddi nəzarəti aradan qaldırdı və şəxsi təsərrüfata icazə verdi. Böyük şirkətlər donuz və quşçuluq fermaları qurarkən, sadə insanlar vəhşi heyvanları ovlamağa və satmağa yönəldilər. Beləcə, zamanla vəhşi heyvan fermaları da meydana çıxdı. 

Bu vəziyyət insanları doyurmağa kömək etdiyindən hökumət heç bir söz demədi. Bir hesabata görə, vəhşi heyvan yetişdirilməsi və istehlakı sənayesinin illik gəliri, təxminən, 73 milyard dollardır. 

Çin mətbəxi olduqca qəribədir. Canlı-canlı üzgəcləri kəsildikdən sonra köpək balıqları lazımsız bir şey kimi dənizə geri atılır. Üzə bilmədikləri üçün ov edə bilməyən köpək balıqları ya acından ölür, ya da boğulur.  Köpək balığı üzgəclərindən hazırlanan yeməyin bir kasasının qiyməti 70 dollardan başlayır. Beş-altı dəqiqəlik yemək ləzzəti naminə son 15 ildə bəzi köpək balığı növləri 98% azalıb. Dünya üzrə, bütün köpək balıqlarının sayı isə son 60 ildə 80% azalıb. 

1 ildə 73 milyon köpək balığı və 56 milyard quru heyvanı sırf ləzzətli dad naminə məhv edilir. 

Çinlilərin pişik və it əti yemək adətinin tarixi 500 il əvvələ gedib çıxır.  Hətta hər il keçirdikləri “İt əti festivalı” da var.  Festival zamanı  50 mindən artıq pişik və it yeyilir.  Heyvanlar festival keçirilən yerə basabasda gətirilir. Döyülərək öldürülür, canı çıxmamış qaynar yağa atılır... Və daha nələr, nələr...

Camaat və satıcılar festivalda humanist davranıldığını iddia etsələr də, internetdə yayılan görüntülər bu iddianın böyük bir yalan olduğunu sübut edir. Çinlilər deyirlər ki, it əti həm dadlı, həm də faydalı olduğundan baş verənlərə göz yummaq olar. Bu, əslində, bir sektor halına gəlib.  Çinlilərin dediklərinə görə, bu itlər ev heyvanları deyil. Onlar digər kənd təsərrüfatı heyvanları kimi fermalarda  istehlak məqsədilə yetişdirilir. 

Amma izlədiyim görüntülər içərisində cins və xaltalı köpəklərin olması  ev heyvanlarının sırf  pul qazanmaq üçün qaçırılması iddialarını doğrulayır.  Çinlilərin 1 ildə 10 milyon it və 4 milyon pişik yedikləri də söylənənlər sırasındadır. 

Bu yumurtanın tarixi 500 il əvvələ -Ming xanədanlığına qədər uzanır. Rəvayətə görə, bir gün bir  çin kəndlisi palçıqlı gölməçədə bir ördək yumurtası tapır. O, yumurtanın dadına baxmaq istəyir. Dadı xoşuna gəlir və bu yumurtadan zəhərlənmir. Bundan sonra yumurtaları bu şəkildə saxlamağa qərar verir. Beləcə, çinlilərin sevimli yeməkləri ortaya çıxır. Yumurtanın hazırlanması bu cürdür: bir iri qaba su, duz, kirəc və təzə odun külü tökülür. Qarışdırılır. Bu qarışım 12 saat saxlanır.  Sonra yumurtalar qarışımın içinə qoyulur və ağzı qapadılır. 7 həftədən 5 ayadək uzanan müddət ərzində bu halda saxlanılır. Çürüyərək jele halına düşən yumurtanın ammonyak  kimi qoxduğunu deyirlər. 

Xüsusilə, yay aylarında insanların enerjisinin yüksəldiyinə inanan çinlilər 10 yaşına çatmayan oğlan uşaqlarının idrarlarını toplayır, içində soyutma yumurta bişirirlər. 

Səkkizayağı canlı-canlı yemək koreyalıların adətidir. Amma çin mətbəxində də geniş yayılıb. Hətta son zamanlarda yemək yeyərkən video çəkilməsi adətinin populyarlaşması ilə internetdə belə görüntülər yayıldı. Səkkizayaqları canlı-canlı qaynar suya atıb bişirirlər.  Krevetləri canlı-canlı alkoqola batırıb saxlayırlar. Bu yeməyin adı “Sərxoş krevet”dir. Gördüyünüz kimi, krevetləri də canlı-canlı yeyirlər. 

Supermarketlərdə tısbağa, qurbağa, dəniz ilanları, xərçənglər canlı olaraq da satılır. 

Tropik bölgələrdə yaşayan mağara qaranquşlarının qurduğu bu yuvalar min ildi ki, çinlilərin menyusundadır. Erkək qaranquş yosunların jelatinəbənzər  maddələrini yedikdən sonra, tüpürərək yuva qurur. Əvvəllər, insanlar mağaralarda bu yuvaları çətinliklə toplayırdılar. Bu gün isə sırf qaranquşların yuva qurması üçün binalar inşa ediblər və quşlar yuva qurduqca toplayırlar. Qaranquşları binaya çəkmək üçün isə səs sitemi qurublar. Binanın içi mağaradakı kimi nəmli olur. Yuvalar toplandıqdan sonra içindəki zibillər və tüklər  təmizlənir. Suyun içinə atılaraq yumşalmasını gözləyirlər. Daha sonra isə, yemək hazırlanmağa başlayır. 1 kq-da, təxminən, 120 yuva olur. Bu yeməyin bir kasasının qiyməti 30 dollardan başlayır. İnanclara görə, bu şorbadan içənlərin dərisi qocalmır, immunitetləri güclənir, həzm sistemi təmizlənir, qısası, hər bir xəstəlikdən uzaq olurlar. 

Döllənmiş ördək embrionu. İçində canlı ördək balası olan 18 günlük yumurtalar qabıqlı halda qaynadılır. Bizə qəddar görünsə də, onlar üçün bu, adi yeməkdir.

Əqrəblər qızardılır, qovrulur, ya da kabab  edilərək yeyilir. Canlı əqrəb yemək şansı da var. İstiyə məruz qaldıqda əqrəblərin iynələrindəki zəhər itir. Buna görə də, iynəsi üstündə yemək olur. \

Hörümçək, qırxayaq, kərtənkələ, çəyirtkə, hamam böcəyi, sürfələr, ilbiz kimi canlılar çinlilərin atışdırmalıqlarıdır. Bol yağda qızardılan böcəklər, adətən, çubuğa taxılaraq satılır.  Menyuda dəniz atına və dəniz ulduzuna da rast gəlmək mümkündür. 

Dəniz anası isə salat üçün əladır. İlan şorbası hazırlamaq üçün, ən azı, 2 fərqli növ ilanın əti lazımdır. İlanları canlı-canlı  bir qaba qoyurlar, üstünə qaynar su tökürlər. Daha sonra isə, canlı ilanı doğramağa başlayırlar. Çinlilər ilanın ödünün həzm sistemini gücləndirdiyinə inanırlar. Bu videoda isə canlı ilanın ödünü çıxarıb şərabla qarışdırdıqdan sonra içirlər. 

Siçan da çinlilərin süfrəsini bəzəyən canlılar sırasındadır. İlan və siçanları təkcə yeməklə qalmır, onlardan şərab da hazırlayırlar. Böyük şüşələrdəki viskinin içinə ilanı atıb dəmə qoyurlar. Və bu içkilərin çox ləzzətli olduğunu deyirlər.  

Göyərçinlər isə Çinin şimalında daha məhşurdur. Çubuğa taxılan quşlar ayaqüstü yeməklərə daxildir. Göyərçinlər çində “mükafat yemək” sayılır. Ailəvi şənliklərin və ziyafətlərin bəzəyidir göyərçin əti. 

Soyutma donuz beyni ədviyyatlı suda bişirilir. Yüz illərdir ki, bu yemək Çin mətbəxinin bir hissəsidir və çox məşhurdur. Lakin tərkibində sağlamlığa zərərli olan xolesterol bol olduğu üçün xroniki xəstəlikləri oyatdığına da inanılır. 

Qurbağalar menyuya bişmiş və çiy halda daxil edilir. Uşaqlarına canlı çömçəquyruq yedirdən valideynlər də var. Çində uşaqlar yemək mədəniyyəti ilə uşaqlıqdan tanış edilir. 

Yarasa da çox yeyilən canlılardandır. Xüsusilə, yarasa və siçanların orqanizmə faydalı olması iddiaları çinlilər arasında geniş yayılıb. Amma bu iddiaları dəstəkləyən heç bir elmi sübut yoxdur. 

Birdən elə bilərsiniz ki, adını çəkdiyim heyvanların, sadəcə, ətini yeyirlər.  Yox, sadəcə, əti yox, bütün orqanları menyuya daxildir. Ayrıca, inanırlar ki, heyvanın hansı orqanını yeyirlərsə, yedikləri məhz o orqanlarına fayda verir. Məsələn; guya beyin yemək beyinə, böyrək yemək böyrəyə yaxşı təsir edir. 

Çinlilərin quzudan hazırladıqları bir şorbaları var. Quzunun bütün orqanlarını şorbanın içinə qoyurlar. Timsah, tısbağa, dovşan, kirpi, rakun, tülkü və daha başqa heyvanlar da  “yeməli” siyahısına daxildir. 

Çində heyvanat bağçasındakı pələnglər də canlı heyvanlarla bəslənir. Və zolaqlıların yemək vaxtı turistlərin daha bol olduğu vaxta  “təsadüf edir”.  Əslində, hal-hazırda bu prosesin mövcudluğu haqqında dəqiq mənbə yoxdur. Amma bir zamanlar bu hadisə dünya mediasını zəbt etmişdi. 

Kiçik heyvanların plastik torbalara qoyulub açarlıq kimi istifadə edilməsi də mediada gündəm olmuşdu. 

Bahadur Seyidov / Demedia.az