Xankəndidəki ermənilərlə niyə təmas qurulur?
Blinken Əliyevə zəngində Qarabağdakı etnik erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Bu, Bakının Xankəndindəki ermənilərlə qeyri-formal əlaqələrin davam etdirilməsi mövqeyinin dəstəklənməsidir, hərçənd, “ermənilərlə qeyri-formal əlaqələr”ə müəyyən aydınlıq gətirməyə ehtiyac var, xüsusilə Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda.
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir?:
"Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvana masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır; Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır;
İkincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir, yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları – Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər; Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər “qeyri-formal əlaqələr” müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür.
Bunun əksi – təmasların siyasi səviyyədə qurulması müzakirə mövzusu ola bilməz.
Bu təmaslar niyə vacibdir?
Xankəndidə bayrağımızın dalğlanmasının iki yolu var:
a) Hərbi əməliyyatla bölgəni təmizləmək;
- Rusiya sülhməramlılarının bölgədə olması bu imkanı azaldır;
- Bunun baş verməsi Azərbaycana qarşı “soyqırım” ittihamlarını və bu ittihamların rəsmiləşməsi risklərini aktuallaşdırır;
- Antiterror əməliyyatı ilə separatçıları və qalıqları təmizlənsə belə, erməni əhalini vətəndaşlığı qəbul etməyə sövq etmək güc yolu ilə çətin görünür;
- Belə bir addım Ermənistanın “Qarabağ münaqişəsi”nin başlanması səbəbi kimi göstərdikləri “etnik münaqişə” ssenarisinin yenidən təkrarlanmasına gətirib çıxara bilər;
- Və nəhayət, istədiyimiz “birgəyaşayış planı” baş tutmaya, bölgədə maraqlı tərəflərin əlinə “əsas” verə bilər: bu, həm də rus qüvvələrin bölgədə daha uzunmüddətli qalması perspektivini gücləndirər;
b) Erməni əhali ilə təmaslar qurmaq, birgəyayışın bünövrəsini formalaşdırmaq; Azərbaycanın hədəfi budur və Qarabağda erməni əhalisinin ən azı müəyyən hissəsinin vətəndaşlığımızı qəbul etməsi, yaxud buna isti münasibəti vəziyyəti dəyişdirə bilər; bu, Azərbaycana imkan verə bilər ki, zərurət yaranarsa, öz vətəndaşlarının müdafiəsi məqsədilə separatçı-terrorçulara qarşı əməliyyatlar da həyata keçirsin;
Çətin və ağrılı prosesdir, lakin öncə erməni əhalisi ilə separatçı-terrorçuları bir-birindən ayırmağa nail olmalıyıq".
Xəyalə Məmmədova / Demedia.az