ABŞ-İngiltərə tandeminin dünyada funksiyası... - DETALLAR
"Son vaxtlar Azərbaycanda sosial şəbəkələrin köməyindən faydalanmaqla, Qərb dünyasını, xüsusən də ABŞ-İngiltərə tandemini bəşəriyyətin xilaskarı qismində təqdim edənlərin və onların beynəlxalq hüququ indiyədək ayaq altına salan bütün əməllərini görməzdən gələnlərin, dövlətlər üzərindəki hər cür siyasi hoqqabazlıqlarına haqq qazandıranların sayı sürətlə artsa da, qoca tarix əksini söyləyir: sərvətlərlə zəngin İslam coğrafiyasındakı qüdrətli dövlətlərin çöküşündə və o sərvətlərin talan edilməsində, yenidən müstəqil şəkildə dirçəlişinin qarşısının alınmasında da məhz bu duet – ABŞ-İngiltərə tandemi əsas rol oynayıb!".
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O bildirib ki, bu gün dünyanın öz təbii axarıyla inkişafının önünə sədd çəkən, onu beynəlxalq təşkilatların əliylə öz istədiyi səmtə yönləndirən, “demokratiyanı qorumaq” adı altında dünyanın istənilən ölkəsinə açıq hərbi-siyasi müdaxilə hüququnu özündə saxlayan və bununla digər işğalçılar üçün də pis presedent yaradan məhz bu tandemin – ABŞ və İngiltərənin başında durduğu Qərb imperializmidir:
"Təəssüf ki, bizdə hələ də bunu anlayanlarımız çox azdır...
1990-cı illərdən Yaxın Şərqdə, xüsusən də İraqda çalışan iki tanınmış türk jurnalistin – Yunus Şen və Eyüp Coşkunun aşağıda sizə təqdim etdiyim “BABİL YANARKƏN: Səddamın İraqı və bir çöküşün hekayəsi” kitabı da təkcə Səddam Hüseynin timsalında Qərb xüsusi xidmət qurumlarının dəstəyi ilə hakimiyyətə gətirilən müsəlman diktatorların oxşar idarəetmə və cəmiyyətə nəzarət fəlsəfəsini, xarakterlərini, həyat tərzlərini faktlarla əks etdirməklə kifayətlənmir, həm də onlardan Qərbin maraqları üçün necə istifadə edildiyinin və nəzarətdən çıxmağa can atdıqda da necə cəzalandırıldıqlarının, faciəvi aqibətlərinin nümunəsini yaradır.
Əminəm ki, bu gün Avropanın ən bərəkətli torpaqlarına sahib Ukraynanın Rusiya tərəfindən vaxtı ötmüş, utilizasiyaya getməli olan silahlar vasitəsiylə bombardman edilməsini hərbi cinayətlər sayanlar və işğalını ən sərt şəkildə qınayanlar bu kitabı oxuduqdan sonra eyni hissləri, ağrıları bəşəriyyətin ən qədim mədəniyyət beşiyi sayılan Mesopotamiyanın bu neftlə zəngin dövlətinin – İraqın ABŞ-İngiltərə koalisiyası tərəfindən necə bombardman və tar-mar edildiyini öyrəndikdə də keçirəcəklər.
İşğalçının demokratı, diktatoru olmur, işğalçı elə işğalçıdır! Lənət oxuyursunuzsa, başda “Böyük Şeytan” olmaqla, bütün işğalçılara lənət oxuyun, “özümüzünkülər”ə və “özgələr”ə bölməyin!".
Xəyalə Məmmədova / Demedia.az