Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?



 11:33 12.10.2022     701

Hər bir Nazirlik və ya dövlət qurumu deyir ki, onun datasının sahibi elə özüdür. Qəribə səslənsə də reallıqda vəziyyət belədir.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, bəziləri uzun illər formalaşan datanı kimə istəsə pulsuz-parasız verir, bəziləri kimə istəsə satır, hətta xarici şirkətlərə təqdim edən də var və bir çoxları da onun üzərində kommersiya qurub özü üçün işlədir:

"Çox güman ki, bir çox hallarda məhz bu səbəbdən bəzi nazirliklər datanı inteqrasiya etməkdə maraqlı deyillər.

Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada, pdf formada sənədlər tələb edir.

Çünki, qonşudakı dövlət qurumunda bu informasiya , bu data olsa da onu digər dövlət qurumuna, sadəcə vermir.

ASAN-ının Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə bir xeyli səylər göstərsə də reallıq ondan ibarətdir ki, artıq bu iş bəlli bir səviyyəyə gəlib çatandan sonra irəli getmir.

Donub qalıb.

Gorünən odur ki, eGov Mərkəzinin kordinasiya imkanları çox zəifləyib. Əslində lap əvvəldən də eGov sahəsində kordinasiyada problemlər olub. Nəhəng dövlət qurumlarına datanı bölüşməklə, inteqrasiya ilə bağlı təsir etmək elə də asan başa gəlmir.

Nəticədə isə elektronlaşma, rəqəmsal transfromasiya ləngiyir.

Elə BMT-nin son Hesabatından da bunun acı nəticələrini gördük.

Şəxsən mən gözləyirdim ki, bu hesabatdan sonra ASAN və RİNN yığışıb hökumətə təklif verəcəklər ki, təcili Prezident yanında rəqəmsal hökumətlə bağlı kordinasiya mərkəzi formalaşdırılsın.

Əks halda bu sahədə işlər çox ləng gedəcək.

Yeri gəlmişkən, Prezident Administrasiyasının innovasiyalarla bağlı şöbəsinin də bu istiqamətdəki səylərini yetərli hesab etmək olmaz.

Təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və maraqlıdır ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi adında bir qurumumuz da dataların tənzimlənməsi və ondan effektiv istifadə sahəsində ciddi səylər göstərmirlər.

Bildiyim qədər RİNN "Fərdi məliumatlar haqqında" qanun layihəsini də hazırlayıb hökumətə təqdim edib.

Amma, ümumiyyətlə rəqəmsal transformasiyada dataların yeri, ondan effektiv istifadə məsələləri, açıq məlumat bazaların formalaşması sahəsində problemlər qalır.

Opendata.az resursundan bu sahədəki acınacaqlı vəziyyət çox yaxşı görünür.

Bəlkə də RİNN-nin hazırladığı rəqəmsal konsepsiya layihəsində bunlar nəzərdə tutulub.

Təəssüf ki , hətta ayrı-ayrı Nazirliklər rəqəmsal transformasiya konseptini hazırlayıb təsdiqlədə bilsələr də, indiyədək də ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təsdiqlənməyib.

Hansı ki qonşu ölkələrdə bu tip yanaşmalar artıq xeyli illər öncədən müəyyənləşib, buna uyğun da addımlar atırlar.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ümumiyyətlə nə ilə məşğul olduğu da hələlik bəlli deyil.

İndiyədək qanunvericilik istiqamətində, data və süni –intellekt sahəsində hər hansı konkret bir təşəbbüslərini görməmişəm. Arada məlumatlar yayıyılır ki hansısa sıradan bir tədbir keçiriblər. Düşünürəm ki, qurum öz adına uyğun ciddi təkliflər verməlidir, yeni çağırışlara uyğun hüquqi-normalarla bağlı təşəbbüslər etməlidir.

Hələ eşitməmişəm ki, bu qurum mövcud datalardan effektiv istfadə ilə bağlı hansısa bir real addım atsın".

Xəyalə Məmmədova / Demedia.az