Balın inanılmaz FAYDALARI: Yorğunluğu aradan qaldırır...
Bir canlıdakı xəstəliklərə qarşı müdafiə mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi yad və zərərli maddələrdən qoruyan immun sistemimizin bu günlərdə bizim də köməyimizə ehtiyacı var.
Və biz yalnız immuniteti artıran qidalar qəbul etməklə ona kömək edə bilərik. Bu, dolayısıyla, öz sağlamlığımız naminə atdığımız addımdır.
Koronavirusun həyatı təhdid etdiyi günlərdə mütəxəssislər düzgün və sağlam qidalanmanın önəmiylə bağlı açıqlamalara davam edir. Türkiyənin Qırxlareli Universitetinin dosenti İsmayıl Özkaya COVID-19-la mübarizədə sağlam qidalara üz tutmağı məsləhət görür. Özkayanın sözlərinə görə, bu günlərdə səhər süfrəsində mütləq bal və bəhməz olmalıdır. “Orqanizmin iki nüvə yanacağı var: bal və bəhməz”-deyə sözlərinə davam edən elm adamı müsahibəsində balın faydalarını da sayıb.
Tərkibində dəmir, kalsium, fosfat, sodium, xlor, kalium, maqnezium kimi minerallar olan bal, həmçinin, B qrupu vitaminlər kompleksi qaynağıdır. Bundan əlavə, balın antiseptik və antibakterial xüsusiyyətləri də var. Bal yorğunluğu aradan qaldırır, əzələ ağrılarını yox edir, qanda şəkəri nizamlayır, dərini təravətləndirir... Soyuqdəymə və öskürək əleyhinə reseptsiz satılan dərmanlara nisbətən balın nəfəs yollarını təmizləmə göstəricisi daha yüksəkdir. Müntəzəm olaraq səhər acqarına alınan bir qaşıq bal nəfəs yollarını müxtəlif virus və bakteriyalardan təmizləyir.
Korona ilə mübarizədə, eləcə də, yaz aylarında baş qaldıran bəzi mövsümi xəstəliklərə qarşı orqanizminin immunitetinin güclənməsində bal ən yaxın və etibarlı dostdur... Orqanizminizi bu dostdan məhrum etməyin.
Bahadur Seyidov / Demedia.az