İsti su içməyin faydaları və ziyanları - Araşdırma
Bir çox insan günə isti çayla, yaxud isti kofe ilə başlayır. Danılmazdır ki, bu içkilər günə başlamaq üçün enerji verir. Belə bir sual yaranır: “Günə belə başlamaq düzgündürmü?”
Hamı bilir ki, sağlamlıq orqanizmdə maye balansını qorumaqdan da asılıdır. Bunun üçün də, lazımi qədər maye qəbul etmək lazımdır. Yaxşı olar ki, günə 1 stəkan təmiz su ilə başlayasınız. Həzm sistemini və metabolizmanı “oyatmaq” üçün bu, lazımdır. Əgər desək ki, təkcə alınan mayenin miqdarı yox, onun temperaturu da orqanizm üçün önəmlidir, təəccüblənərsiniz?
İsti su içmək nəzəriyyəsi Çində yaranıb. İn və yan fəlsəfəsinə əsasən, soyuq su içmək orqanizmdəki “in və yan” balansını pozur. Suyun temperaturu orqanizmin temperaturu ilə eyni olmalıdır. Təxminən, 37 dərəcə. Əgər insan xəstələnirsə, onun başlanğıcının soyuq olduğunu hesab edirlər. Balansı qorumaq üçün isti su içmək lazımdır. Bu nəzəriyyəyə əsaslansaq, ümumiyyətlə, soyuq su içmək məsləhət deyil.
Çünki soyuq su mədədə böyrəklərin enerjisi hesabına isidilir. Başqa sözlə, siz böyrəklərin enerjisini boşuna sərf etmiş olursunuz. Orqanizmin sağlamlığı üçün, yaxşı olar ki, isti su içəsiniz. Onun keyfiyyəti soyuq su ilə eyni deyil və onu qəbul etmək də çətindir. İsti suyu içməyə bir neçə udumla başlayın və hər gün miqdarını artırın.
İsti su mədədə dəyişikliyə uğramadan, birbaşa bağırsağa çatır. Axı onu həzm eləməyə və isitməyə gərək yoxdur. Mümkün qədər isti suyu acqarına için ki, yemək və həzm fermentləri ilə qarışmasın. Kisel, kompot və digər isti içkilərin həzmində tərkibindəki mürəkkəb komponentlərin parçalanması üçün müəyyən fermentlər lazım olur, amma isti su rahatca həzm olunur. İsti su orqanizmi yormur və qana tez sorulur.
İsti su metabolizmanı sürətləndirir; Səhər acqarına içilən bir stəkan suyun maddələr mübadiləsini sürətləndirdiyi elmə çoxdan məlumdur. Bu, hələ soyuq suya aiddir. İsti su sürəti iki dəfə artırır. İsti suya limon, yaxud zəncəfil qatsanız, nəticə daha ürəkaçan olar. Limonlu, yaxud zəncəfilli su orqanizmdəki toksinlərin xaric edilməsinə də kömək edir.
Həzmi asanlaşdırır; İsti su həzmsizliklə və qəbizliklə mübarizə aparır. Həmçinin, bağırsaqları toksinlərdən təmizləyir, həzm fermentlərinin istehsalını stimullaşdırır. Soyuq sudan fərqli olaraq, isti su yağ lipidlərini əridir və onların orqanizmdən xaric edilməsini asanlaşdırır. Mədə-bağırsaq sisteminin işini asanlaşdırması isti suyu üçün yeməkdən əvvəl də, sonra da içmək olar.
Bağırsaqların fəaliyyətini normallaşdırır; Yetəri qədər maye olmayanda bağırsaqlarda şişkinlik və ya qəbizlik yaranır. Belə hallarda da mədədə ağrılar olur. Mütəmadi olaraq, gün ərzində minimum 2 litr su içmək lazımdır. Ən yaxşısı isə isti su içməkdir.
Toksinləri orqanizmdən xaric edir; Bağırsağın köməyilə orqanizmdəki zərərli maddələrin xaric edilməsinə səbəb olur. İsti su qaraciyərin və böyrəklərin də fəaliyyətini yaxşılaşdırır. Toksinləri sidik vasitəsilə orqanizmdən atır.
Soyuqdəymənin simptomlarını xəfiflədir; İsti su virusların orqanizmdən atılmasını sürətləndirir. Ona görə də, məsləhətdir ki, soyuqdəymə zamanı bolluca isti su için. İsti su bəlğəmgətirici xüsusiyyətə malikdir. İsti suya limon və ya bal əlavə etsəniz, öskürəyiniz daha yumşaq olar. Bu resept qədim zamanlardan insanlara məlumdur. İsti su nəfəs yollarını da təmizləyir. Əsas odur ki, isti su öskürək əleyhinə dərmanlardan daha effektivdir, onlardan fərqli olaraq, heç bir əks təsiri yoxdur.
Sidik yolları xəstəliklərinin müalicəsində faydalıdır; Sidik yollarının soyuqlaması zamanı bol miqdarda maye qəbul etmək lazımdır. Maye zərərli bakteriyaların orqanizmdən xaric edilməsinə kömək edir. Xüsusilə də, isti suya limon və çuğundur qatanda suda turşu mühiti çoxalır, beləcə, bu qarışıq infeksiyanın törədicilərini yox edir.
Ağrıları yox edir; İsti su daxili orqanların əzələlərini sakitləşdirir, spazmları aradan qaldırır. Qadınlardakı aybaşı ağrıları isti suyun qəbulundan az sonra yox olur. Uşaqlığın əzələlərinin sıxılması ilə yaranan qarın ağrıları və damarların sıxılması ilə yaranan baş ağrılarının aradan qaldırılmasına kömək edir.
Dərini təravətləndirir; Bağırsaqlar təmizləndikcə, orqanizmdən toksinlər atıldıqca dəri də təmizlənir. Üzdəki səpkilər, sızanaqlar və digər problemlər bağırsaqlardakı toksinlərin çoxluğu səbəbilə yaranır. Mütəmadi olaraq, isti su qəbul etsəniz, daxildəki problemlər azalacaq və orqanizm xaricdən də yenilənəcək.
Qan dövranını yaxşılaşdırır; Lazımi miqdarda qəbul edilən su qanı duruldur, təmizləyir və onun orqanlara, toxumalara maneəsiz çatmasını təmin edir.
Qocalmanı ləngidir; İsti su hüceyrələrin və orqanların regenerasiyasına kömək edir. Hələ qədimdə bilirdilər ki, lazımi qədər maye qəbul edə bilməyən orqanizmdə quruma baş verir. Xüsusilə, bu, orta yaşlı insanlarda daha açıq gözə çarpır. Qatılaşmış qan baş ağrıları yaradır, trombların və bir çox ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Mütəmadi olaraq, su içsəniz, özünüzü bu risklərdən qorumuş olarsınız. Gündə 1 stəkan və ya daha çox isti su içmək sağlam hüceyrələrə xəsarət yetirən sərbəst radikalların və zərərli maddələrin orqanizmdən xaric edilməsini sürətləndirir. Lazımi miqdarda içilən su dəridəki qırışları və solğunluğu aradan qaldırır, dərini tonuslaşdırır və nəmləndirir.
Səhər acqarına içilən su sümüklərin dostudur; Bayaq da qeyd etdik ki, isti su qanın orqan və toxumalara çatmasını sürətləndirir. Sümük və əzələ sistemi haqqında da bu, keçərlidir. Mineral su sümüyün əsas maddəsi olan kalsiumun mənbəyidir.
Qripin prafilaktik tədbiri; Daim qəbul edilən bol maye immuniteti möhkəmlədir. Həmçinin, qan dövranını və limfatik sistemi işə salır. Beləcə, orqanizm qripə qarşı hazırlıqlı olur. niyə gün ərzində isti su içmək lazımdır? Kompleks effekt verməsi üçün isti suyu təkcə yemək öynlərində deyil, günün istnilən vaxtında içmək lazımdır. Xüsusilə, artıq çəkidən azad olmaq istəyənlər üçün bu, önəmlidir. Səhər acqarına isti su qəbul etməklə, siz metabolizmanı yemək qəbuluna hazırlayırsınız, həmçinin, iştahanız küsür deyə, daha az yemək yeyirsiniz. Tez doyursunuz, çünki, artıq mədənizin bir qismini isti su doldurub. İsti su artearial təzyiqin normallaşmasına da müsbət təsir edir. Gecə içilən isti su yuxunun keyfiyyətini artırır.
Sağlam yaşamaq istəyən insan gün ərzində isti su içməlidir. Bir daha qeyd edirəm ki, isti suyun əks təsiri yoxdur.
Amma bəzi xəstəliklər var ki, həmin vaxt suyu ehtiyatla içmək lazımdır. Əgər yüksək təzyiq və bədənə su yığılması ilə müşaiyət edilən xroniki böyrək çatışmazlığınız varsa, gün ərzində içə biləcəyiniz su miqdarını həkim təyin etməlidir. Yuxarıda sadalanan komponentlərə-bal, limon, zəncəfil və digər komponentlərə qarşı ellergiyanız varsa, onları suya qatmayın. Böyrək və sidik kisəsində olan daşlar zamanı da içilən suyun miqdarına nəzarət edilməlidir. Çünki isti su daşları tərpədər və ağrılar yaradar. Arterial təzyiqiniz yüksəkdirsə, ehtiyatlı olun. Mədə-bağırsaq sisteminizin soyuqlaması zamanı, qastrit, pankreatit kimi xəstəliklərdə sudan ehtiyatla istifadə etməyiniz tövsiyə edilir. Yayda isti su içməklə orqanizmi həddən artıq isitmək riski var. Bunu da nəzərə almalısınız. Ürək və qan-damar xəstəlikləri zamanı da isti su içməzdən qabaq həkimlə məsləhətləşsəniz, yaxşı olar.
Onu da qeyd edək ki, yuxarıda sadalanan müsbət keyfiyyətlər yalnız isti suya aiddir. Əgər daim isti çay və yaxud kofe içirsinizsə, lazımi nəticəni əldə edə bilməyəcəksiniz. Mütmadi olaraq, isti su içsəniz daha sağlam olacaqsınız.
Bahadur Seyidov / Demedia.az