1920-ci ilin Qafqaz xəritəsinə qayıdılmalıdır: Qərb və Rusiya isə...
Dünən Ermənistan Təhlükəsizlik Şurasının Baş Katibi Armen Qriqoryan bəyanatında iki ölkə arasında qüvvədə olan delimitasiya haqqında "sənəd" kimi 1929 -cu il tarixini göstərib və qeyd edib ki 1991 ci ildə SSR dağılarkən 1929- cu ilin 29.800 kvadrat km ilə Ermənistan SSR müstəqillik əldə etdi. Aydın məsələdir ki, Qriqoryan 1929 cu ilə aid olan heç bir kağız üzərində hüququ qüvvəsi olan sənədi ortaya çıxarda bilməz. Onun bu bəyanatının səbəbi faktı gizlətmək və danışıqlarda cığallıq etməkdən ibarətdir.
Demedia.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, əlbəttə ki, kommunistlərin 1920 ci ilin noyabrın 30 dan 10 il ərzində Azərbaycan torpaqlarını birtərəfli şəkildə Ermənistan SSR-yə bağışlamaları və bundan sonra iki ölkə arasında olan formal sərhəddin hazırda danışıqlarda yol xəritəsi olmasından söhbət gedə bilməz:
"Beləcə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də, Ermənistan tərəfi SSR xəritələrinə istinad etmək istəyir. Son variant kimi, İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək istəyir.
Rusiya isə, ən son xəritələr haqqında danışarkən 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını nəzərdə tutur. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-n sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.
Yuxarıdakı deyilənləri nəzərə alaraq 1991 ci il Alma -Ata sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual altına qoyulur. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə, 1984-86 cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi.
Qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməmişdir. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi.
Beləliklə, SSR dövrü zamanı, 1920 ci ilin sonundan 1991 -ci ilə qədər Ermənistana verilən bütün torpaqlar qeyri - qanunidir və bu məsələnin beynəlxalq arenada qabardılması indiki şəraitdə mümkünsüz kimi görünməməlidir.
Əgər söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə o zaman, müstəqil aktorlar qismində 1920 ci ilə qədər hər iki dövlətin sərhəddinə baxmaq lazımdır. Aydın məsələdir ki, SSR işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri - qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın özünün bir çox qonşu dövlətlərin sərhədlərini 1920 -ci il kontekstində sual altına qoyduğu, Qərbin SSR kommunist rejimini qanunsuz qara yara adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920 -ci ilə qayıtması tutarlı arqumentlərlə doludur.
1920- ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 000 kv km əraziyə malik idi. Buna görə də, hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyacan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur".
Xəyalə Məmmədova / Demedia.az