Henri Ford: Böyük bir uğur hekayəsi...
Henri Ford böyük bir uğur hekayəsidi... Onun bitmək bilməyən prinsipiallığı, mühəndislik zəkası və istehsalat texnologiyasındakı böyük yenilikləri avtomobil sənayesini kökündən dəyişdi. Yüz il əvvəl avtomobil, sadəcə, varlı adamların satın ala bildiyi lüks bir vasitə ikən Henri istənilən insanın avtomobil sahibi olmasını təmin etdi.
Henri 1863-cü ildə Miçiqanda dünyaya gəlib. Fordlar orta səviyyəli fermerlər idi. Fermanın işlərində atasına kömək üçün Henri dayanmadan işləyirdi. Di gəl, fermadakı işlər onun ürəyinə yatmırdı. Məktəbi də sevmirdi Henri. Onu maraqlandıran və həyəcanlandıran yeganə sahə mexanikalar idi. 12 yaşında ikən mexaniki saatları söküb təzədən yığırdı. 13 yaşında məktəb kollektivi ilə birgə Detroytda bir qatar zavodunu ziyarət edir. Burda Henri buxar maşını görür və mexanikaya olan marağı dəlilik həddinə çatır. Elə ordaca Henri buxarla işləyən mühərrikin nəqliyyatda böyük inqilab yaradacağı fikrinə qapılır. O, düşünür ki, mühərrik arabalarda atları əvəz edə bilər.
Çox keçmir ki, Henrinin anası qəflətən ölür. Henri sarsılır... O, anasının xatirələri ilə dolu olan fermadan uzaqlaşmaq istəsə də, bu fürsəti ancaq 3 il sonra əldə edə bilir. Həmin dövrdə hər gənc mexanikin asanca iş tapa bildiyi Detroyta yollanır. Detal emalatxanasında usta şagirdi kimi işə başlayır. Asudə vaxtlarını mexaniki sınaqlar apararaq keçirirdi.
1882-ci ildə, 19 yaşı olanda Henri atasına kömək etmək üçün fermaya dönür. Düzdü, o, fermada işləməyi sevmirdi, amma buxarlı maşınlar əkinçilikdə istifadə edilməyə başlamışdı. Henri məhz bu maşınlarla işləməkdən zövq alırdı. Qısa müddətdə onların necə işlədiyini və necə təmir edildiyini öyrəndi. 1885-ci ildə Henrinin əlinə bir dərgi keçir. İngilis dərgisində yanacaqla işləyən mühərrikin sxemi verilmişdi. Bu mühərrik alman mühəndis Nikolas Otto tərəfindən icad edilən daxili yanma mühərriki idi. 1889-cu ildə Henri bu mühərriklə işləmə fürsəti əldə etdi və onun avantajlarını anladı. Bu mühərrik buxarlı mühərriklərdəki ağır qazanlara və bol miqdarda suya ehtiyac duymurdu. Üstəlik, yüngül idi. Bundan əlavə, buxarlı mühərriklərdə suyu isitmək üçün, ən azı, 30 dəqiqə vaxt lazım olurdu. Daxili yanma mühərriki isə daha tez işə düşürdü. Bir sözlə, Henri daxili yanma mühərrikinə aşiq idi...
Henri zamanla mühərrikin bütün detallarını öyrəndi. Amma anlamadığı bir məqam vardı: mühərrikin daxilindəki partlama bir elektrik qığılcımının köməyilə baş verirdi və Henrinin elektriklə bağlı anlayışı az idi. Elektriki yaxından tanımaq istəyən Henri ailəsi ilə birgə Detroyta köçür. Burda Henri “Edison elektrik şirkəti”ndə işləməyə başlayır. Detroytda minlərlə evi elektriklə təmin etmək üçün şirkət buxarlı maşınlardan istifadə edirdi. Buxarlı maşınlar haqqında məlumatlı olan Henri şirkət üçün yaxşı işçi siyahısındaydı. Üstəlik, mühərriklər xarab olanda Henri onları təmin edirdi.
31 yaşında Henri şirkətdə baş mühəndis vəzifəsinə yüksəldi. Bu ərəfədə asudə vaxtlarının hamısını öz daxili yanma mühərrikini istehsal etməyə sərf edirdi. 3 il boyunca emalatxanasında saysız-hesabsız sınaqlar apardı, dayanmadan işlədi, nəhayət, “Quadricycle” adlı ilk maşınını yaratdı. Sadə gövdəyə, etanol ilə işləyən mühərrikə və 4 velosiped təkərinə malik olan maşının 2 sürət qutusu da vardı. Amma əyləc sistemi yox idi. Ən önəmlisi, maşında soyutma sistemi yox idi, isinmə isə əsl problem idi. Henri prototipi Tomas Edisonun da daxil olduğu şirkət müdirlərinə təqdim etdi. Edison onun icadından mütəəssir oldu. Müdirinin dəstəyi ilə bir il içində Henri maşınını bir az da təkmilləşdirdi. Məsələn; maşına bir soyutma sistemi əlavə etdi.
Henrinin bir az təkmilləşmiş “Quadricycle”-ı Detroytlu investorların diqqətini çəkdi. Onlardan biri –William Murphy Henriyə maliyyə dəstəyi ayırdı. Beləcə, Henri “Edison” şirkətindən ayrıldı və öz şirkətini qurdu. 1899-cu ildə 150 min dollarlıq sərmayə ilə Henri “Detroyt avtomobil firması”nı qurdu. İnvestorlar onun nə edəcəyini maraqla və səbirsizliklə gözləyirdilər.
Henrinin planı isə çox gözəl idi. Detroytda sənayenin hər incəliyinə bələd olan Henri sənaye maşınları istehsal edəcəkdi. Bir istehsalat sexi qurdu və 100 işçi götürdü. At arabasına bənzəyən bir maşın yaratdı, adını “Daşıma vaqonu” qoydu. Həm hündür, həm də ağır olan maşının yanma və karbürator problemləri vardı. Həmçinin, yüksək maliyyə tələb edirdi.
Sənaye maşınlarının istehsalı Henrinin düşündüyündən də çətin idi. Detallar başqa-başqa zavodlarda istehsal edildiyindən bəzən vaxtlı-vaxtında Henrinin əlinə çatmırdı. Beləcə, Henri bir ildə cəmi 20 maşın istehsal edə bildi.
İnvestorlar xəyal qırıqlığına uğradılar və Henrinin şirkətdən ayrılması üçün səsvermə keçirdilər. Hissələrin 15%-nə sahib olan Henrinin şirkətdən ayrılmaqdan başqa çarəsi qalmamışdı. Amma o, yolundan dönən adam deyildi. Bu dəfə o, sadə insanların da əlinin çatacağı ucuz avtomobillər istehsal etməyi planlaşdırdı. Bunun üçün Henri yenə saysız-hesabsız sınaqlar apardı... 20 avtomobil layihəsindən cəmi birini seçdi, ona “Model A” adını verdi. 1904-cü ildə artıq öz şirkətini qurmağa hazır idi. İnvestorların dəstəyiylə “Ford Motor Şirkəti”ni yaratdı. Bir neçə həftə sonra şirkət ilk avtomobilini təqdim etdi. İki oturacaqlı, mühərriki 8 at gücünə malik avtomobil idi.
Bundan sonra, bir neçə aydan bir “Ford” şirkəti bazara fərqli modellər çıxarmağa başladı. “Model K” ağır və bahalıydı, amma “Model N” yüngül və ucuz idi. Henri uğursuzluğa düçar olan ilk şirkətində detal istehsalının önəmini anlamışdı. 1905-ci ildə ikinci şirkəti olan “Ford Manufacturing Company”ni qurdu. Burada sürət qutusu və mühərrik istehsal etməyə başladı. Beləcə, “Ford” şirkəti bir günə 25 avtomobil istehsal edəcək qədər irəlilədi. İki ilə 1000 avtomobil satıldı.
1906-cı ildə “Ford” ABŞ-dakı ən böyük avtomobil şirkəti olmağı bacarmışdı. Amma bu da Henrini məmnun etmirdi. O, ən böyük xəyalına hələ çatmamışdı-sıradan insanlar hələ də avtomobilsiz idi. Əgər qısa vaxt ərzində daha çox avtomobil istehsal etsə, qiyməti aşağı sala bilərdi.
Bir gün Henrinin yolu Çikaqodakı sallaqxanaya düşür. Burda kəsilmiş heyvanların gövdələri zəncirlərdən asılmış vəziyyətdə daşınırdı. Qəssablar yerlərindən tərpənmir, yalnız öz işlərini görürdülər. Henri bu sistemi avtomobillərin montajına tətbiq edə biləcəyinin fərqinə vardı. 1908-ci ildə “Ford” şirkəti “Model T”-ni təqdim etdi. Avtomobilin dörd silindrli mühərriki 20 at gücündə idi... Maqnetik generatorlar sayəsində güclü yanma sisteminə malik idi. Üstü açıq və üstü qapalı modelləri vardı. Bazara, əvvəlcə, yaşıl, sonra isə qara rəngdə çıxdı. “Model T” avtomobil bazarında ən asan idarə edilən maşın idi.Təmiri də ucuz başa gəlirdi. Henri bu maşın vasitəsilə inqilab sayılacaq addım atdı: tarixdə ilk hərəkətli montaj xəttini qurdu. Sallaqxanadakı kimiydi; sadəcə, bu dəfə zəncirlərlə heyvan gövdələri deyil, avtomobil detalları daşınırdı. Bir neçə işçi bir maşın üzərində çalışmırdı; hər işçinin öz işi vardı və o, bütün maşınlar üçün çalışırdı. Bu inqilabi addım sayəsində bir avtomobilin istehsal müddəti 12 saatdan 1 saat 33 dəqiqəyədək azaldı. Həmçinin, avtomobillərin istehsal xərcləri də minimuma endi. O vaxt avtomobil bazarında orta qiymət 2000 dollar idi. Amma Henri “Model T”-ni 850 dollara satışa çıxardı.
Zaman keçdikcə, Henri ən böyük xəyalını reallaşdırdı: bir günə 1000 avtomobil istehsal edə bildi. Sonrakı 8 il ərzində “Model T”-nin qiyməti ilbəil azalaraq 350 dollar oldu. Uyğun qiymətlərə satılan avtomobillər indi hər insanın əlinin çatdığı bazar məhsulu idi.
1914-cü ildə “Ford” avtomobil bazarında lider idi və ABŞ-dakı hər iki avtomobildən biri “Model T” idi.
Bir şeyi də qeyd etmək lazımdır ki, hərəkətli montaj xətti tətbiq ediləndə, işçi böhranı yaşanmışdı. Yeni iş texnikaları və üsulları işçiləri qorxudurdu; yarısı işdən çıxırdı, yarısı da, ümumiyyətlə, necə işləyəcəyini bilmir, donuq-donuq baxırdı. Gün ərzində dayanmadan eyni işi görməkdən bezənlər də tapılırdı. İçlərində “mexanikləşdiklərini” düşünənlər də vardı. İşçi böhranını yox etmək üçün Henri şirkətin müdirləri ilə gizli iclas keçirdi. İş bazarında bir işçinin günlük qazancı 2 dollar yarım ikən, Henri “Ford” şirkətində işləyənlərə 5 dollar təklif etdi. İş saatını 9 saatdan 8 saata düşürdü. Digər avtomobil istehsalçıları onun bu addımları qarşısında təəccübləndilər. Onlar yüksək maaşın sənayenin sonunu gətirəcəyini düşünürdülər. Amma zaman onlara yanıldıqlarını göstərdi. “Ford”da iş gününün 5 dollar olduğu qəzetdə yazılandan bir gün sonra şirkətin qarşısına 10 min insan yığılmışdı. Henrinin bu yanaşması həm işçi böhranını həll etmiş, həm də bütün ölkə boyu işçilərin maaşlarını həssas mövzu kimi gündəmə gətirmişdi. Tənqidə məruz qalan bir çox şirkət işçilərin əmək haqqını artırmağa məcbur oldu...Henri yenə insanların həyatındakı dəyişikliyin səbəbkarı idi...
1920-ci ildə “Ford” digər qitələrə də avtomobil ixrac etməyə başladı. “Model T”-nin satışı 1920-ci ilin birinci yarısınadək artmaqda davam etdi. Amma Henrinin sadəcə qara rəngli avtomobil istehsal etməkdə israrı qəflətən satışın azalmasına gətirib çıxardı. Onun israrına səbəb qara rəngin daha tez quruması idi. Demək olar ki, 20 il boyunca “Model T” yalnız qara rəngdə bazara çıxdı. Bu məqamda Henri bəşər övladının təxəyyülünü nəzərə almamışdı. Bazarda çeşid artdıqca insanlar fərqli rənglərdə və fərqli modellərdə avtomobil almaq istəyirdilər. Bu isə Henrinin eyninə deyildi. Hətta bir jurnalistə ironiya ilə demişdi: “Qara olmaq şərtilə istədikləri rəng maşın ala bilərlər...” Bundan sonra “Model T”-nin satışları azaldı. Məcbur qalan Henri yeni rənglərdə və fərqli modellərdə avtomobil istehsal etməyə icazə verdi.
1927-ci ildə “Model T”-nin istehsalı dayandırıldı. Həmin vaxtadək 16 milyondan çox “Model T” satılmışdı. “Model T” 1969-cu ilədək “dünyanın ən çox satılan avtomobili” titulunu əlində saxladı. 1932-ci ildə dünyadakı hər 3 avtomobildən biri “Model T” idi. Bundan sonra Henri “Ford” şirkətini oğlu Edsel Forda verdi. Amma arxa planda olsa da, böyük qərarları yalnız özü verirdi. Edsel 49 yaşında mədə xərçəngindən öləndə Henrinin yaşı 80-i keçmişdi. Bu dəfə də o, şirkətin idarəsini nəvəsi Henri Forda həvalə etdi.
Ömrünün son illərini fermada keçirən avtomobil dahisi 1947-ci ildə gözlərini əbədi olaraq yumdu. Onun tabutunu görməyə 100 mindən çox adam gəlmişdi.
Hər kəsin avtomobil sürməsini təmin edən adam idi Henri Ford... Onun avtomobil sənayesindəki inqilabi addımlarının əksəriyyəti hələ də aktivliyini qoruyub saxlayır.
Bahadur Seyidov / Demedia.az