Qızdırmanı aşağı salır, baş ağrısına təsir edir... - Qarpızın İNANILMAZ FAYDALARI



 22:42 14.10.2022     1102

Qarpızın vətəni Afrika sayılır. Qədim zamanlardan qarpız qida və tibbi məqsədlər üçün istifadə edilib. Hazırda ölkəmizdə də qarpız becərilir.

Qarpızın kimyəvi tərkibi originaldır. Likopenlə zəngindir. Qeyd edim ki, likopen çatışmazlığı ürək-damar xəstəliklərinin aktivləşməsinə səbəb olur. Təbii antioksidant sayılan likopen orqanizmin qocalmasını ləngidir, hüceyrələrin ölməyinin qarşısını alır, sərbəst radikalların və toksinlərin orqanizmdən xaric edilməsini sürətləndirir. Mütəmadi olaraq qarpız yemək bir çox onkoloji xəstəliklərin və aterosklerozun qarşısını alır. 

Qarpızın tərkibində yüksək miqdarda maqnezium var. Bu mikroelement sinir sisteminin normal işləməsi üçün vacibdir.

Maqnezium çatışmazlığı orqanizmdə xroniki yorğunluğa, gərginliyə və müxtəlif nahiyələrdə sonu gəlməyən ağrılara  səbəb olur. Qarpızın tərkibindəki maddələrdən danışarkən kalsiumu xüsusi qeyd etmək lazımdır. Çünki dişlərin və sümüklərin sağlamlığı üçün kalsium əvəzedilməzdir. Kalsium sümüklərin inkişafı prosesində də iştirak edir.  Natrium və kalium da qarpızın tərkibindəki maddələrdəndir. Hər iki element ürək-damar sisteminin işinə dəstək olur. Natrium, yaxud kalium çatışmazlığı ürək döyüntüsünü azaldır, qan dövranını zəiflədir. 

B qrupu vitaminləri, C vitamini, fruktoza və pektin  ilə zəngin olan qarpız, eyni zamanda, təbii sidikqovucudur. Böyrəkdə çöküntü, yaxud qum olanda  qarpızın rasiona daxil edilməsi mütləqdir. Qarpız qızdırmanı salır, soyuqdəyməni azaldır, qan təzyiqini normallaşdırır, damar divarlarının təmiz qalmasını təmin edir və immuniteti möhkəmləndirir. 
Qarpız xalq təbabətində… 

Hələ qədimdən qarpız bir çox xəstəliklərin müalicəsində istifadə edilib. Çində qarpız istinin təsirini azaltmaq üçün vasitə sayılıb. Bundan əlavə, çinlilər soyuqdəyməni azaltmaq üçün, hətta ağrıkəsici olaraq da qarpız yeyiblər. Ölkəmizdə də qarpızdan artrit, sidik yolu xəstəlikləri, böyrək problemləri zamanı istifadə etmək üçün müxtəlif reseptlər hazırlanır. Şirin meyvənin tumlarının və qabığının da faydalı olduğunu bir daha təkrarlamaq istəyirəm. Hər ikisi parazit əleyhinə vasitədir. 
Şişkinlik zamanı. Qarpız süzücü xüsusiyyətə  malikdir. O, artıq mayenin orqanizmdən xaric olunmasına kömək edir. Artıq mayelərin və bu mayeləri ətrafına yığıb saxlayan səbəblərin  sidik yoluyla orqanizmdən atılması üçün qarpızdan xüsusi içki hazırlanır. Qarpız lətini 1:10 nisbətində suya qatın. Vam odda, təxminən, 20 dəq qaynadın. Sonra otaq temperaturunda soyumasını gözləyin. Səhər və axşam bu içkidən yarım stəkan için. 

İşemiya zamanı. Qarpız ürək sağlamlığını qorumağa kömək edir. Miokard infarktının əsas simptomu sinədə yaranan ağrılardır. Səbəbi isə ürək damarlarında yaranan aterosklerozdur. Başqa sözlə desək, pis xolesterolun damar divarlarına yapışmasıdır. Elmi araşdırmalar zamanı sübut olunub ki, qarpız şirəsi pis xolesterolun səviyyəsini aşağı salır, miokarda aparıb çıxaracaq bir çox proseslərə mane olur, maddələr mübadiləsini asanlaşdırır. Bunun üçün qarpızın şirəsini çəkin, içinə azca alma şirəsi qatın. İçkini hər səhər yeməkdən sonra için. 

Kolit zamanı. Növbəti reseptimiz bağırsaqların soyuqlamasının qarşısını almağa qadirdir. Qarpızın lətini əzin. Bu əzmədən 5 xörək qaşığı götürüb 2 stəkan qaynar suya qatın. Ağzını örtüb bir neçə saat saxlayın. İlıq halda gün ərzində bir neçə dəfə, hər dəfə də yarım stəkan olmaqla için. 

Helmintlərdən yaxa qurtarmaq üçün… Əvvəlcə, onu qeyd edim ki, helmintlər parazit qurdlardır. İnsan sağlamlığına zərər verirlər. Qarpız tumları parazit əleyhinə vasitədir. Çoxları qarpız tumunun faydalarından xəbərsiz olduğu üçün onu atır. Qarpız tumları balqabaq tumları ilə eyni kimyəvi tərkibə malik olmasa da, oxşardır. Buna görə də, onu parazit əleyhinə vasitə kimi təkcə böyüklər yox,  uşaqlar da istifadə edə bilər. Bu təbii, zərərsiz vasitənin faydalarını görmək üçün heç vaxt gec deyil.Lazımi resepti hazırlamaq üçün qarpız tumlarını artlayın. 5 xörək qaşığı qarpız tumunu 1 litr soyuq suya qatın. Təxminən, 1 saat vam odda qaynadın. Alınan mayeni otaq temperaturunda soyudun, səhər və axşam 1 stəkan için. Digər bir üsul isə artlanmış qarpız tumlarını sobada qovurmaqdır. Qovrulmuş tumları 1:10 nisbətində südə qatın. Gün ərzində 1 stəkan için. 

Baş ağrıları və miqren zamanı. Dəhşətli  baş ağrılarından qurtulmaq üçün 2 stəkan qarpız şirəsini aram-aram içmək lazımdır. Əgər pristup güclüdürsə, dərman içə bilərsiniz.  Qarpız şirəsi beyin damarlarındakı gərginliyi azaldır, beləcə, ağrı yavaş-yavaş yoxa çıxır. Şirə çəkməyə ərinirsinizsə, qarpız lətinin ən şirin yerindən asta-asta yeməyə başlayın. 
Sidik kisəsində, yaxud böyrəklərdə qum olarsa… Sidik kisəsindəki, yaxud böyrəkdəki qumlardan yaxa qurtarmaq üçün  də qarpıza üz tuta bilərsiniz. Bunun üçün isti suyla doldurulmuş vannada uzanın və qarpız yeməyə başlayın. Bacardıqca çox qarpız yeyin. Sidiyinizi isə sərbəst buraxın. Vannadakı suyun temperaturu 370-380 olmalıdır. Xüsusilə, qarpız mövsümündə prosesi tez-tez təkrarlayın. Amma unutmayın ki, ən yaxşı variant mütəxəssislə məsləhətləşməkdir. 
Babasil zamanı. Babasilin əmələgəlmə səbəblərindən biri bağırsaqlardakı köpdür. Qarpızın təkibindəki liflər həzm sisteminin işini normallaşdırır. Buna görə də, qarpız babasilin profilaktikasında əvəzsizdir. Qarpızın şirəsinə batırılmış tamponu nahiyəyə qoya bilərsiniz, yaxud qarpız şirəsi ilə nahiyəni ova bilərsiniz. 

Qızdırmanı zamanı qarpızdan hazırlanan qədimi reseptə nəzər salmaq lazımdır. 1 xörək artlanmış qarpız tumunu 1:20 nisbətində suya qatın.  Gündə 5 dəfə, hər dəfə 1 çay qaşığı olmaqla qarışımdan için. 

Qanaxma və anemiya zamanı. Növbəti reseptimiz qanaxmanın sürətini azaldır. Artlanmış qarpız tumunu 1:10 nisbətində südə qatın. Qanaxma dayananadək hər 2 saatdan bir, hər dəfə  1 xörək qaşığı qəbul edin. Dəmir çatışmazlığı səbəbiylə yaranan anemiyanın profilaktikasında da qarpız köməyə çatır. Bu zaman qarpız yemək mütəxəssislərin tövsiyəsidir. Qarpızın lətində orqanizm tərəfindən asan mənimsənilən,  yüksək miqdarda təbii dəmir var. Anemiya zamanı gün ərzində 1 kq dəmir yemək faydalıdır. Bu, orqanizmin gün ərzində dəmirə olan ehtiyacının ödənilməsi deməkdir. Bundan əlavə, qarpızın tərkibində fol turşusu da var. Qan azlığı zamanı fol turşusu qəbulu faydalıdır. Fol turşusu müxtəlif meyvə-tərəvəzlərin tərkibində var. Amma qarpızın üstünlüyü ondadır ki, o, orqanizm tərəfindən asan qəbul olunur və tərkibindəki maddələr olduğu kimi, heç bir təsirə məruz qalmadan orqanlara çatır. 

Onkoloji xəstələrin ən yaxın dostu… Qarpızdan hazırlanan reseptlər müxtəlif şişlərin müalicəsində istifadə olunur.  Tərkibindəki minerallar və vitaminlər şiş xəstəliklərinin inkişafını ləngidir. Qarpız balı geniş yayılmış müalicəvi vasitələrdəndir. Xırda doğranmış qarpız lətini süzgəcdən keçirin. Maye qatılaşana və üzündə köpük yaranana qədər vam odda qaynadın. Şirənin həcmi 5 dəfə azalanda onu hermetik qaba boşaldın.  Məhlulu gün ərzində 5 dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. 

Zərərləri və əks təsirləri. 

Qarpız özlüyündə təhlükəsiz qida sayılır. Amma müəyyən şərtlərdə onu ehtiyatla qəbul etmək lazımdır. Məsələn; 
-şəkərli diabet zamanı; 
-qarpıza qarşı allergiya varsa; 
-körpə uşaqlarda səpkilər yaranarsa; 
-sidik yolunda daş varsa; 
-mədə-bağırsaq soyuqlayanda;

Qarpızın son illər təhükə mənbəyinə çevrilməsinin səbəbi ona verilən gübrələrdir. Məhsulun tez əmələ gəlməsi üçün verilən gübrələr orqanizmi zəhərləyə bilir. Ona görə də, yaxşı olar ki, qarpız alarkən onun təbii olmasına üstünlük verəsiniz. Qarpızı mövsümündə almaq məsləhət görülür. Qışın ortasında marketlərin vitrinini bəzəyən qarpızın təbiiliyi şübhə altındadır. Gübrə ilə zəngin qarpızın  orqanizmə verdiyi ən böyük zərər xərçəng riskini artırmaqdır. Qarpızı kəsərkən qabıqla lətin birləşdiyi yerdə sarı xətt varsa, demək, qarpız zəhərlidir. Ən yaxşı qarpızlar öz mövsümündə-avqust və sentyabr aylarında olur. 

Qarpızın gübrə ilə zəngin olmasını anlamaq üçün bir neçə üsul var. 
Qarpızı su ilə dolu vannaya buraxın. Əgər o, batmırsa, demək, yaxşı qarpızdır. Vannanın dibinə batırsa, nitratla zəngindir. 
Lətin rənginə baxın: sarıya çalırsa, nitratlıdır. 
Qarpızın lətini xırdalayın, 1 stəkan suda 10-15 dəqiqə saxlayın. Su çəhrayı rəngdə olursa, demək, qarpız keyfiyyətlidir. Su tünd-qırmızıya dönürsə, bu, nitratın çoxluğundan xəbər verir. 
Qarpız uşaqdan-böyüyə hamının sevimlisidir. Tövsiyə edilir ki, meyvəni qədərində yeyəsiniz. 

Bahadur Seyidov / Demedia.az