Onların tələbi qardaş Türkiyəyə qarşıdır - Fazil Mustafa

 18:00 14.10.2022     479

İllərdir gördüyüm mənzərədir. Avropa Şurasının qarşısında yaradılmış təhlükəsizlik zolağında Kürd Fəhlə Partiyasının (PKK) təbliğat kampı qurulmuş. Terrorçu Öcalanın portretlərini asmışlar, imza toplamaq üçün masa qoymuşlar, kürdcə mahnılar oxuyurlar, siyasi şüarlar səsləndirirlər.

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, onların tələbi qardaş Türkiyəyə qarşıdır, illərdir həbsdə yatan terrorçu liderlərinə azadlıq istəyirlər:

"Bədbəxtlər, özləri də fərqində deyillər ki, kürd xalqını bu qədər mənasız məcaraya sürükləməsəydilər, daha çox inkişaf edərdilər, Türkiyənin daha güclü dövlət olmasından ən çox bəhrənələrdilər. Bu gün də onlarla yanaşı bir məkanda toplaşmış ukraynalı qadın və kişilərin səsləndirdiyi kədərli mahnıları dinlədim. Onlar da plakatlar qaldırıb, şüarlar səsləndirib Rusiyaya qarşı tədbir görülməsini istəyirlər. İnsaf naminə deyək ki, Avropa ölkələri görə bildiyi qədər tədbir görmüş, Ukraynaya açıqca dəstəyini əsirgəməmişlər. Bundan artığını necə edə bilər, gerçəkdən düşündürücüdür. Burada gürcülərin də rəssam tərəfindən çəkilmiş təbliğat materialları var. Bir üzdə iki sifət- Stalin və Putin rəsmi neçə illərdir ki, Avropa Şurasının binasına tərəf boylanır. Gürcülər də Abxaziyanın və Cənubi Osetiyanın rus işğalından azadlığını istəyirlər. Bir neçə il öncə bizimkilər də bura gəlirdilər. Avropa Şurasının binasına boylanıb Azərbaycan üçün demokratiya tələb edirdilər. İndi bizimkilər daha çox binanın içində çalışırlar, görüşürlər, ölkədə demokratiyanın boğulmasından, azadlığın olmamasından bəhs edirlər. İnsafən içərisində Qarabağ məsələsinə həssaslıq göstərənlər, görüşlərdə Azərbaycanın mövqeyinin haqlı olduğundan danışanlar da var. Bir də içəridə İran müxalifətinin xalq mücahidləri qolunu qaynaşdığını görürsən. Hamının qarşısına sənəd uzadıb imzalamasını istəyirlər. Bunlar da vaxtilə şah rejiminə qarşı mollalarla bir səngərdə savaşmış mücahidlərdir. Uzun illərdən bəri mühacirətdə yaşamaq əzabını daşıyaraq mollaların süpürüb atılmasını istəyirlər. Bu il Avropa Şurasının binasında sayları da bir neçə dəfə artmış, görünür İranla bağlı burada aktiv siyasət yürüdülməsi prosesi gedir. Xüsusilə də İranın Ukraynanı vurmaq üçün Rusiyaya insansız uçuş vasitələri verməsi ciddi qınağa tuş gəlməkdədir. Ermənilər isə fransızlarla və digər özlərinəbənzər avropalılarla usanmadan və deyərdim ki, görünməmiş həyasızlıqla işləyirlər. Hər yerdə, hər sənəddə erməni barmağı özünü büruzə verir. Təsəvvür edin ki, 30 ildir bir ölkənin torpağını işğal edəsən, bunun tozunu üstündən çırpıb Azərbaycanı işğalçı dövlət kimi tanıtmağa çalışasan, bu həyasızlığı ancaq erməni edə bilər. Təbii ki, cavabları verilir, həm nümayəndə heyətimiz tərəfindən, həm də çox gərgin və keyfiyyətli çalışan Avropa Şurasındakı səfirliyimiz tərəfindən. Preventiv addımlar da öz təsirini göstərir. Bu dəfə də Avropa Şurasında Azərbaycan əleyhinə heç bir qərar qəbul edə bilmədilər. Səbəbi açıq söyləmək olar: ölkə prezidentinin Praqada atdığı peşəkar diplomatik addımlar idi. Oradakı danışıqlar Avropanın siyasi qafasını müvəqqəti olaraq yenidən reallığa qaytardı. İndi ikinci erməni dövləti olan (heç şübhəsiz üçüncü erməni dövləti İrandır) Fransa Senatda Azərbaycan əleyhinə çıxaracağı qərarla, öz vasitəçiliyini legitimləşdirməklə bizi yıpratmağa çalışdır. Fransa prezidenti Makron da bütün siyasi tərbiyə sərhədlərini aşaraq açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, utanmadan Qarabağı mübahisəli ərazi sayır və burada ruslarla azərbaycanlıların əlbir olduğunu vurğulayaraq Fransanın hərbi gücünü bölgəyə soxuşdurmağa təşəbbüs edir. Bunları niyə yazıram? Hər kəs bir az da Vətənimiz Azərbaycana dönüb dünya məkanından baxsın. Bu gün dünya başını itirib. Burada hayqıran ukraynalı deputatların ürək ağrısı ilə dinlədiyimiz çıxışlarınına qarşı ancaq mənəvi təsəlli dəstəyi verilir. Ukraynanın məğrur lideri Zelenskinin də kədərli çıxışını on-line formatda dinləyənlər qalxıb alqışlamağa həqiqətən səmimi borc kimi baxırlar burada. Lakin burada hamı aydın görür ki, kimsə hələlik Rusiyanın dayandırmaq imkanında deyil. Xalq qəhrəmancasına döyüşür, siyasi hakimiyyət ləyaqətlə dövlətin müstəqilliyini qoruyur və Ukraynada da hər kəs anlayır ki, hər şey sahədə həll olunur. Savaşın bədəlini Ukrayna xalqı ödəməlidir və ödəyir. Bu xalq, əlbəttə məğlub olmayacaq, belə bir iradə ilə müstəqilliyini qoruyacaq, dünyanın verdiyi dəstəyi daha ağıllı şəkildə sahəyə yönəltsələr, bu böyük faciədən qurtula biləcəklər. Ancaq dağıdılmış gözəl məmləkətin, mənəvi aurası alt-üst olmuş, uzun illər mühacir həyatı yaşayacaq milyonların arzularının ardıcıllığını pozulması hesabına, həyatının bitməsi hesabına.

Azərbaycan dövlət olaraq böyük bir tarixi problemi əsasən həll edib. Sərhəddə möhkəmlənmişik, yolları çəkmişik, minalarıın çoxunu təmizləmişik, hava limanları tikmişik, şəhərləri bərpa edirik, az sayda da olsa köçkünlərimizi bölgəyə köçürmüşük, torpağın real sahibiyik. Lakin azərbaycanlıların bir çoxu hələ də öz dövləti ilə problemlərini həll edə bilmirlər. Umduqları, narazı qaldıqları, ədalət axtardıqları bu dövlətdən həm də İran ayətullahları və fransız ermənisi Makron da narazıdır. Ayətullah Makronun son çıxışları vaxtilə Aqanbeqyanın çıxışı kimi nəticəyə yönəlmiş proqram xarakteri daşıyır. Bu proqramı dağıtmaq üçün sadəcə dövlətimizin inamla yürüdüyü yolu dağıtmamaq lazım. Makronun çıxışı göstərir ki, hələ müharibə qurtarmayıb, ancaq nədənsə bizlərin çoxunun qafasında bitmiş bu savaş, çoxumuz rahatlıqla məşhur filmdə olduğu kimi dövlətin qarşısına keçib “pulumu verin!”, “haqqımı verin!” deməyə tələsirik. Bəlkə hamını tam qane edən şəkildə olmasa da, öz imkanları ilə bunu da səmimi şəkildə edir Azərbaycan dövləti. Haqq, ədalət, hüquq olacaq, həm də o halda olacaq ki, öz ərazisinin hər qarşında sözü keçən dövlət olsun!

Avropa Şurası Fransanın gözəl şəhərlərinin birində yerləşir. Həm də demokratiyanın simvolu sayılır. Demokratiyanın simvoluna yer vermiş dövlət isə işğalçı, vəhşi ermənilərə qahmar çıxır. Nə qədər istəyirsiniz buradan demokratiya haqqında qətnamə götürə bilərsiniz, ancaq reallıqda bizdən kimsə demokratiya istəmir, sadəcə işğalçıya qarşı sükunət istəyirlər!

Ancaq bizə sükunət başqa yerdə lazımdır: Torpaqlar tam azad olunanadək, sonuncu erməni ram edilənədək dövlətdən umacaqlara, narazılıqlara ağıllı və milli bir sükunət!

Bu tarixi zamanı siyasi itkisiz adlamalıyıq, əfəndilər!".

Xəyalə Məmmədova / Demedia.az