Bu qidalar insanı qocaldır - Araşdırma



 20:32 17.10.2022     1060

Heç birimiz  daha yaşlı görünmək istəmirik. Genetikamızla bərabər yaşadığımız coğrafiya da qocalma prosesinə təsir edir. Amma elə şeylər var ki, biz onları nəzarətdə saxlamaqla qocalmanı ləngidə bilərik. Məsələn; bəzi qidalar bizim həm daxilən, həm də zahirən sürətlə qocalmağımızın səbəbidir. 

Ən birinci imtina etməli olduğumuz qida ağ çörəkdir. Çünki onun tərkibində rafinə edilmiş şəkərlə zülalın kimyəvi reaksiyası nəticəsində kanserogen maddə yaranır. Məhz bu məhsul xroniki xəstəliklərin yaranmasına və qocalmanın sürətlənməsinə səbəb olur. Başa düşürəm, ağ çörək yemək uşaqlıq vərdişimizdir. Amma son dövrlər dietoloqların həyəcan təbili çalmasını da qulaqardına vurmaq olmaz. Onların dediyinə görə, “ağ ölüm” təkcə duz deyil. İndi “ağ ölüm” siyahısında 3 qida var: ağ duz, rafinə edilmiş şəkər və ağ un. Ağ çörəyin glikemik indeksi yüksəkdir. Əgər siz “çörəksiz doymuram” deyənlərdənsinizsə,  bunun da çarəsi var. Çovdar çörəyi yeyə bilərsiniz. Çovdar çörəyi orqanizm üçün faydalı olan təbii antioksidantlarla da zəngindir. Xahiş edirəm, məni düzgün anlayın. Mən çörəyin əleyhinə deyiləm. Şəkər əlavə edilmiş çörəyin əleyhinəyəm. 

Siyahımızın ikincisi, əlbəttə ki, ağ şəkərdir. Qocalmaqla bağlı video hazırlayarkən onu yada salmamaq mümkün deyil. Sağlamlığımızda yaranan problemlərin əksəriyyətini rafinə edilmiş ağ şəkər “çağırır”. Yuxarıda qeyd etdiyim kimi, rafinə edilmiş şəkər orqanizmdə müxtəlif elementlərlə reaksiyaya girir. Bu da öz növbəsində, orqanizmdəki hallogenləri zədələyir. Rasionumuzda şəkərin miqdarı çoxaldıqca, qocalmağımız sürətlənir. 

Trans yağlar və marqarin. Bu ikisi haqqında eyni zamanda danışmaq istəyirəm. Mütəmadi olaraq marqarin yeyən insanların orqanizmində marqarin turşusunun miqdarı artır. Bu da orqanizmi yükləyir.  Marqarin adi kərə yağına nisbətən çox təhlükəlidir. Çünki o,  hidrogenləşdirilmiş yağdır. Digər deyimlə, trans yağdır. Ürək-damar xəstəliklərinin əksəriyyətini yaradan trans yağlardır. Bir şey ki, orqanizmdə 5-10 sutka qalır, onun zərərləri haqqında düşünməyə dəyməzmi? Trans yağlar onkoloji xəstəliklərdə də “çapar” rolundadırlar; onları oyadır və hərəkətə keçirirlər. Ən təhlükəli qida isə trans yağla şəkərin birləşməsidir. Heç düşünmüsünüzmü,  niyə burgerlər “təhlükəli qidalar” siyahısındadır? Çünki onda bayaqdan haqqında danışdıqlarımın hamısı var.

Ağ çörək və tərkibi naməlum kotlet. Aparılan araşdırmalar nəticəsində burgerlərdəki kotletlərin cəmi 10% ətdən ibarət olduğu aşkarlanıb. 90% isə trans yağlar, qlisedil efirlər,  kanserogen maddələr və insan orqanizminə zərərli, qocalmanı sürətləndirən elementlərdir. Başqa bir elmi tədqiqatın nəticələrinə əsasən, trans yağların yeyilməsi dərimizi ultrabənövşəyi şüalar qarşısında daha müdafiəsiz edir. Onsuz da, həddən artıq gün işığının dərimiz üçün faydalı olmadığını bilirik. Trans yağları yedikcə, gün işığının dərimizə verdiyi xəsarətlərin həcmi artır. Plyajda, yaxud hovuz kənarında sevimli dondurmanı yemək zövq verir. Amma dərinizin xətrinə, ya gün işığı altında dondurmadan imtina edin, ya da dondurmanı kölgədə yeyin. 

Fritürdə hazırlanmış qidalar. Əvvəlcə, fritür haqqında məlumat verim.  Belə bir ifadə var dilimizdə “silələmə yağ”. Adətən, peraşki, pişi kimi atışdırmalıqları bişirəndə çalışırıq ki, tavada yağ silələmə olsun. Bu cür bişirmə üsulu fritür adlanır. Hazırda bütün dünyada kartofun, toyuq naqetlərinin, çipsilərin, suxarıların hazırlanması üçün xüsusi aparatlar, elektrikli avadanlıqlar geniş istifadə olunur. Və bunların hamısı fritür adlanır. Fritürdəki “silələmə yağ”ı “qatil” adlandıran dietoloqların sayı günbəgün artır.

Bir şeyi də unutmayın ki, fritürdəki yağlar uzun müddət dəyişilmir; ard-arda, ən azı, 10 cür məhsul  salınır o qaba. Halbuki, bu yağların ikinci dəfə istifadəsi belə tövsiyə edilmir. Ləzzətlə yediyimiz çipsilərin tərkibindəki trans yağları, qlisedil efirləri, sərbəst radikalları düşündükcə adam dəhşətə gəlir. Nəticə etibarilə, fritürdə hazırlanan yeməklər DNT-də dəyişikliyə səbəb olur. Dəri hüceyrələrini isə ölümcül zədələyir. Bundan əlavə, fritürdə bişən qidaların tərkibində duz çox olur.  Həddən artıq yeyilən duz bədəndə susuzluq, başqa sözlə, quruluq yaradır ki, bu da ən bariz şəkildə dəridə özünü büruzə verir. Dərimiz bürüşür, qırışır və quruyaraq çatlayır. Hansısa restoranda kartof-friyə 5 kq kartofun pulunu verməzdən qabaq büdcənizlə bərabər sağlamlığınız haqqında da düşünsəniz, yaxşı olar. 

Siyahımızın beşincisi daimi mübahisə mövzusudur, yəni, süd məhsulları. Ağartılar ətrafında müzakirələrin bitmədiyini əminliklə deyə bilərəm. Onların faydaları, təhlükəsiz olmaları, yaxud zərərləri barədə hər ağızdan bir səs çıxır. İnternet mediada tamamilə süd məhsullarından imtina edən, bu imtinadan sonra da həyat keyfiyyətinin yaxşılaşdığını deyənlər var. Həmin adamlar bir çox xroniki xəstəliklərinin yoxa çıxdığını, dərilərinin daha da gənc və təravətli göründüyünü deyirlər. Bəzi adamlarda isə süd məhsullarından imtina heç bir işə yaramayıb. Bu ikitirəlik təkcə ayrı-ayrı şəxslərin təcrübələrində deyil, mütəxəssis rəylərində də var. Deməli, məsələ bütün süd məhsullarından eyni anda imtina etməkdə yox, orqanizmin reaksiyalarını müşahidə edərək ziyanlı olanlardan imtina etməkdədir. Təbiətdə hər bir canlı təkdir və istənilən qidaya hər bir canlının öz reaksiyası var.

Bir misal çəkək:  dünyada süd verən inəklərin 87%-i hamilə olur, bu da onların südündə estrogenin miqdarının çox olması deməkdir. Məhz bu südün insanlar tərəfindən mütəmadi qəbulu tövsiyə edilmir. Hətta ən keyfiyyətli südün içində belə estrogen olması mümkündür. Çünki bütün fermalarda inəklərin südü sağılır, hamısı bir çənə yığılır, sonra emal prosesindən keçir. Süd əvəzinə ondan hazırlanan kəsmik, şor, pendir kimi məhsulları qəbul etmək daha faydalıdır. Bir də laktozanın mənimsənilməsi prosesi var. Tarixçilərin fikrincə, inəyin ev heyvanı kimi saxlanmasının tarixi çox qədim deyil. Buna görə də, insan orqanizmi laktozanı tam mənimsəyəcək qədər təkamül etməyib. Hazırda dünyada laktozadan əziyyət çəkən insanların əksəriyyəti orta yaşdadırlar. Onlar süd içəndən sonra özlərini narahat hiss etdiklərini deyirlər. Bəzilərində isə süd içəndən sonra bədəndə olan soyuqdəymənin miqdarı yüksəlir. Hətta süd içdiyinə görə, sedativ stressə düşənlər də var.

Həyat keyfiyyətinin aşağı düşməsi, orqanizmin gücə düşməsi, sedativ stress-bütün bunların hamısı insanın həm daxilən, həm də  zahirən qocalmasını sürətləndirir. 

Əlavə olaraq, bir məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Əgər südsüz yaşamaq istəmirsinizsə, lakin süd içəndə  hər hansı problem yaşayırsınızsa, bitki südü içə bilərsiniz. Təbii ki, südün alternativi olsa da, bitki südü ilə əsl südün tərkibi eyni deyil. Amma çoxları bitki südünün daha dadlı olduğu qənaətindədir. Soya südü, badam südü, kokos südü, fındıq südü və s. bunun kimi məhsulları istədiyiniz kimi istifadə edə bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az