Kredit kartları necə meydana gəlib? - Araşdırma
Kredit kartları həyatımızın bir parçasına çevrilib. Hazırda, az qala, hamının kredit kartı var. Bəs, kredit kartları nə vaxt meydana gəlib? Dünyada bir saniyədə neçə kredit kartı istifadə edilir?
Kredit kartları ilə bağlı daha öncə eşitmədiyiniz maraqlı məlumatlarla tanış olacaqsınız...
Bu gün həyatımızın mərkəzində özünə yer edən kredit kartlarının çox maraqlı tarixi var. İlk kredit kartları ABŞ-da meydana gəlib və onlar kartondan hazırlanıb. O vaxt fermerlər yalnız məhsul mövsümündə qazanc əldə edirdi. İlin başqa mövsümlərində isə onlar borc alaraq dolanırdılar. Fermerlərin sayı artdıqca banklar kimin borcunun nə qədər olduğunu ayrıca hesablayır, sonra da özlərinə məlumat verirdilər. Bir gün bank əməkdaşlarının birinin ağlına yeni ideya gəldi. O, üzərinə borc kağızlarının qeydiyyat nömrəsi yazılan karton kartlar hazırlayıb fermerlərə verməyi təklif etdi. Beləcə, kartın üzərindəki nömrəyə baxaraq həmin fermerin bank sənədlərini tez və asanca tapmaq olurdu. İlk kredit kartları bu cür yarandı...
Banklar tərəfindən kredit kartlarının rəsmi istifadəsinin tarixi isə 1946-cı ildən başlayır. Həmin ildə Nyu-York Flatbush Beynəlxalq Bankın əməkdaşı John Briggs “Charge-İt” adlı ilk kredit kartını hazırladı və istifadə edilməsi üçün müştərilərə təklif etdi. Bu kartla alış-veriş edənlər ay sonunda mütləq məbləği banka ödəməliydi. Təbii ki, bu kartlar Nyu-York Flatbush Beynəlxalq Bankın yaxınlığındakı mağazalar və alış-veriş mərkəzləri üçün keçərliydi.
1950-ci ildə Hamilton Kredit Şirkətinin başçısı McNamara “Diners Club Card” adlı kredit kartlarını istifadəyə buraxdı. Bu kart müxtəlif mağazalarda, hətta, restoranlarda da istifadə edilə bilirdi. Ən maraqlı və diqqətçəkən tarixçə məhz bu kartındı. McNamara bir gün restoranda yemək yeyir, ödəmə zamanı xatırlayır ki, pulqabını evdə unudub. Ödəmənin başqa bir yolu haqqında o zaman düşünür... “Diners Club Card”lar ilk dəfə 200 nəfərçün hazırlanıb və Nyu-Yorkun 27 restoranında istifadə edilməsi nəzərdə tutulub. Amma, qısa zaman ərzində 20 mindən çox adam “Diners Club Card”a sahib olub.
Bu gün dünyada istifadə edilən kredit kartlarının sayı, təxminən, 2 milyarddan çoxdur. Bu kartları uc-uca birləşdirsək, planetin ətrafını üç dəfə sarımaq mümkündür. Amerikan Bankları Birliyi tərəfindən aparılan araşdırmaya görə, dünyada hər saniyədə 10 min ədəd kredit kartı istifadə edilir.
Bahadur Seyidov /Demedia.az