Damarları təmizləyir, ürəyə faydalıdır... - Gilasın inanılmaz faydaları



 22:29 17.10.2022     1087

Gilas faydalı və gözəl görünüşə malik meyvələrdəndir. Hərçənd, çox vaxt onu giləmeyvə də hesab edirlər. Səbirsizliklə onun mövsümünü gözləyirik ki, ləzzətlə yeyək.

Gilasın orqanizmə faydaları və zərərləri. 

Öz şirin dadıyla gilas həm uşaqların, həm də böyüklərin sevimlisidir.  Gilas vitaminlərlə, antioksidantlarla və mineral maddələrlə zəngindir. Ürək-damar sistemi, həzm sistemi, sinir sistemi və oynaqlar üçün çox faydalıdır.  

Müasir dünyada temperaturun əlverişli olduğu bütün ölkələrdə gilas yetişir.  Amma onun tarixi Qədim Romadan başlayır. Rəvayətə görə, gilasın vətəni indiki Türkiyənin Giresun bölgəsidir. Hətta  bölgənin adının yunanca “kerasus”, yəni, gilas kəlməsindən qaynaqlandığı da ehtimal edilir. Bizim eradan əvvəl 74-cü ildə Romalı sərkərdə Lucullus Şərqi Qara dəniz bölgəsinə səfər edir. Burda o, Qərbə məlum olmayan yabanı gilas ağaclarını görür, Romaya dönərkən özüylə gilas tingləri aparır. Beləcə, gilas bütün dünyaya yayılır... 

Sonra insanlar müşahidə edib ki, gilası quşlar çox sevir. Onun adını “quş yeməyi” qoyublar. V əsrin sonlarında giləmeyvə artıq öz sabit adını alır: gilas. 

Hazırda gilas heç bir dərman siyahısına daxil edilmir. Amma nə vaxtsa o, dərmanlarla paralel olaraq qəbul edilirdi.  Məsələn; 
-yüksək arterial təzyiq olanda;
-damarlarda tromb olanda;
-qanda xolesterol yüksək səviyyədə olanda;
-immunitet aşağı düşəndə;
- soyuqdəymə tez-tez təkrarlananda; 
-mədə-bağırsaqda problemlər olanda;

Həmçinin, gilas dərinin, saçların və dırnaqların gözəlliyi üçün də istifadə edilirdi. Ümumiyyətlə, gilasın faydaları aşağıdakılardır: 

Şəkərli diabet zamanı faydalıdır. Bəli, şəkərli diabet zamanı gilas yemək qadağan edilməməlidir. Baxmayaraq ki, dadı şirindir, amma o, tərkibindəki təbii qlükoza ilə qlikemik indeksi tənzimləməyir. Şəkərli diabetdən əziyyət çəkənlər az miqdarda da olsa, gilas yeməlidir. Amma burda bir məqama xüsusi diqqət edilməlidir: diabet xəstələri yalnız və yalnız təzə gilas yeməlidir, gilasdan hazırlanan mürəbbə, kompot meyvənin özü kimi faydalı deyil... 

Damarları təmizləyir.  Gilasın tərkibində “kumarin” adlı maddə var. Bu maddə qanın keyfiyyətini yaxşılaşdırır. Həmçinin, tərkibindəki antioksidantlar və mineral maddələr sayəsində gilas damarları təmizləyir, qan dövranını yaxşılaşdırır, xolesterolun səviyyəsini nizamlayır, qan təzyiqini stabilləşdirir. Bununla da ürək iflicinin və infarktın qarşısının alınmasında orqanizmə kömək edir. 

Mədəaltı vəzin soyuqlaması-pankreatit zamanı faydalıdır. Bilirik ki, pankreatit ciddi pəhrz proqramı tələb edir. Hətta həkimlər xəstəliyin aşkar edildiyi ilk günlərdə mütləq aclıq tövsiyə edirlər. Amma gilas bu qatı pəhrizin bir hissəsi olmamalıdır. Sadəcə olaraq, bu vaxt dibaetdə olduğunun əksinə, təzə meyvə deyil, ondan hazırlanan kəmşirin kompot içilməli, məti çaya qatılmalıdır. Xroniki pankreatit zamanı da xəstə öz rasionuna gilas daxil etməlidir. Bir şərtlə ki, sutkada 100 qramdan artıq qəbul edilməsin. 

Ürək xəstəlikləri riskini aşağı salır. İstənilən meyvə və yaxud tərəvəz ürək-damar sisteminə faydalıdır. Bu təbii qidalarda qan dövranına və  ürək-damar sisteminə faydalı olacaq maddələr var. Gilas damarlarda tromb yaranmasının qarşısını alır, ürək döyüntüsünün normallaşmasına kömək edir. Meyvənin tərkibindəki kalium və maqneziumun “ürəyin dostu” sayılan minerallar olduğu çoxdan məlumdur. Antioksidantlar isə qanı təmizləyir və damarlardakı  çöküntülərin xaric edilməsini təmin edir. 

Daxili orqanlara faydalıdır. Mədə xəstəliklərinin kəskinləşməsi zamanı bütün meyvə və tərəvəzlər qadağan edilir.  Yəni, təzə gilas yemək bir az təhlükəli sayılır. Bunun səbəbini az sonra izah edəcəyik. İndi isə, onu qeyd edək ki, mədə xəstəlikləri zamanı az şəkərli gilas kompotunu ilıq halda içmək olar. Gilas qaraciyərin də  dostudur. Belə ki, dərmanlardan həddən artıq istifadə edənlərin qaraciyərinin zədələnməsinin qarşısını alır. Gilas immuniteti möhkəmləndirir ki, bu da, öz növbəsində, xəstəliklərə qarşı savaşmaq üçün orqanizmin gücünü artırır. Gilasın tərkibində yüksək miqdarda kalium var. Kaliumun sidikqovucu xüsusiyyəti isə böyrəklərin təmizlənməsi deməkdir. 

Bağırsaqlara xeyirdir. Lifli meyvələrdən sayılan gilas bağırsaqların işini nizama salır, həzmi rahatladır. Tərkibində olan yüksək miqdardakı karbohidratlar isə insanı tox saxlayır. Bağırsaqların işini sürətləndirən gilas qəbizliyi aradan qaldırır. 
Podaqranın azalmasına kömək edir. Podaqra ayaqda əmələ gələn metabolik xəstəlikdir. Kəskinləşəndə xəstəyə pəhriz proqramı tətbiq edilir. Gilas bu pəhrizin ən önəmli qidalarındandır. Qanın durulaşmasına və qan dövranının yaxşılaşmasına səbəb olan gilas oynaqlardakı iltihabın aradan qaldırılmasında faydalıdır. Antioksidantlar isə iltihabın artmasına səbəb olan sərbəst radikalların orqanizmdən xaric edilməsini təmin edir. 

Gilasın  qadınlara faydaları bunlardır: 
-hamiləlik zamanı immuniteti möhkəmlədir; 
-qan artırır; 
-ana bətnində körpənin beyninin inkişafını dəstəkləyir; 
-qəbizliyi aradan qaldırır;
-yuxu gətirir; 
-aybaşı zamanı baş qaldıran depressiyaları azaldır; 

Gilasın  kişilərə faydaları bunlardır: 
-cinsi aktivliyi artırır; 
-əzələlərdə meydana gələn ağrıları azaldır; 
-gümrahlaşdırır;
-qan dövranını sürətləndirir ki, bu da kişilərin tez yorulmasının qarşısını alır; 

Gilas idman edənlərin də sevimli meyvələrindəndir. Hətta bəzi idmançılar yarışlardan bir həftə əvvəl gilas suyu içməyə başlayırlar ki, tez yorulmasınlar. ƏGilasın çərtdəyində amiqdalin vardır ki, çərtdəyə acı dad verən də budur. B17 vitamini kimi məhşur olan amiqdalin son illər xərçəngin müalicəsində geniş istifadə edilir. Amma gilas çərtdəyinin təbabətdə istifadəsinin tarixi çox qədimdir. Anemiya zamanı, böyəkdə və sidik kisəsində daş olduqda, avitaminozda və oynaq ağrılarında gilas çərtdəyindən hazırlanan məhlullardan istifadə edilib. Bu məhlulu hazırlamaq üçün 5 qram sağlam çərtdək götürülür, üstünə 200 ml su tökülür.  15 dəqiqə vam odda dəmlənir.  Gün ərzində 2 dəfə, hər dəfə 10 ml olmaqla bu  məhlul içilir. Məhlulla oynaqları kompres etməklə ağrıların azalmasına nail olmaq da  mümkündür. 

Gilas saplaqlarını mövsümündə qurudub saxlayın.  Qış aylarında bu saplaqlardan dəmlənmiş çay böyrəklər üçün çox faydalıdır. Eyni zamanda, gilas saplağı çayı sidik yollarını təmizləyir və bu nahiyələrdə infeksiya əmələ gəlməsinin qarşısını alır. 

Bütün bu faydaları ilə bərabər, gilasın zərərləri də var.  Vurduğu ziyan gözlə görülməsə də, gilasın müəyyən miqdarda yeyilməsi məsləhətdir. Məsələn; həddən artıq yeyilən gilas mədədəki turşuluğu artırır, ishal yaradır. Elə orqanizm var ki, gilasa qarşı allergik həssaslığa malikdir. Həddən çox yeyilən gilas ürəkbulanmaya və qusmaya da gətirib çıxara bilər. 

Bahadur Seyidov / Demedia.az