Avropa bu qışı normal keçirə biləcək - Rusiyanın şok anti-təbliğat planı...
"Avropa donacaq", "qışa tədarük görmək üçün Berlində ağacları kəsməyə başlayıblar" təbliğatının fonunda "Qazprom" şefi Miller etiraf edib ki, Avropa bu qışı normal keçirə biləcək.
Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, qənaət tədbirləri, havaların hələ ki isti keçməsi təbii qaza olan tələbatı azaldıb:
"10 oktyabr tarixinə olan məlumata görə, Avropada anbarlar 88,58% dolub. Ən böyük istehlakçı Almaniyada, eləcə də Belçika, Polşa və Portuqaliyada doluluq səviyyəsi 90%-i aşıb.
Hazırda Rusiya qazının Avropa bazarındakı payı 7 (yeddi) faizə qədər geriləyib. Halbuki Ukrayna müharibəsindən əvvəl 35 faizdən (bəzi ölkələr üçün 40%-dən) yuxarı idi.
Aleksey Miller ümid edir ki, 2023-2024 qış mövsümündə Avropanın Rusiya qazına indikindən daha çox ehtiyacı yaranacaq. Amma bu, özünütəsəlliyə oxşayır. Rusiyanın "enerji iynəsi"ndən qurtulmaq Qərbin strateji qərarıdır. Rusiya çox tez müddətdə Avropa qaz bazarından sıxışdırıldı (yaxud özü özünü strateji tədarükçü rolundan məhrum etdi), onun boşluğunu ABŞ və Norveç doldurmağa başlayıb. Hazırda Avropa bazarına daxil olan təbii qazın 80%-i bu iki dövlətin payına düşür. Niderland hökuməti isə bildirib ki, kritik vəziyyət yaranarsa, zəlzələyə səbəb olduğu üçün qapatma tədbirlərinə başlanılan Qroningen yatağında hasilatı artıra bilər.
Rusiya öz qazı üçün alternativ bazarlar axtarışındadır və üzünü Asiyaya çevirib. Lakin tam şəkildə bu bazara yönəlmək üçün müvafiq infrastrukturun qurulmasına illər lazımdır. Sanksiyalar şəraitində Rusiyanın buna necə nail olacağı da sual doğurur, çünki texnologiyaları yoxdur, Türkiyədə "enerji habı" qurulması ideyası da bu baxımdan problemli məsələdir və hazırda içiboş təbliğatdan ibarətdir. Ona görə də indi Rusiyada daxili istehlakı artırmaq və regionları qazlaşdırmaq ideyası yaxın perspektiv üçün daha cəlbedici və optimal çıxış yolu kimi görünür.
Ukrayna müharibəsi dünyanı dəyişdirir və dəyişdirməyə davam edəcək".
Xəyalə Məmmədova / Demedia.az