Sərhəddə hərbi təlimlərin “dostluqla” nə əlaqəsi var?
Hər bir ölkənin hərbi təlimlər keçirməsi həmin dövlətin müstəsna hüququdur. Ancaq hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir.
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, bu mənada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlərinin məqsədi nədir və kimə mesaj göndərirlər?:
"SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin “dostluqla” nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı məsələnin məğzini açır: “hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”. İranın ətrafında düşmənmi var? Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdidmi var?
Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? Tehranın bu siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək".
Xəyalə Məmmədova / Demedia.az