Əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır - Natiq Cəfərli
Kazimirovu xatırlayırsınız, Minsk Qrupunun həmsədri idi, güya, Qarabağ məsələsinin həlli ilə məşğul olmaq adı altında illərlə Azərbaycanda tonlarla kabab yeyən, litrlərlə araq içən adamdır. Ermənistan mətbuatına açıqlama verib, boş söz yığını içində Kremlin demək istədiyi əsas fikri söyləyib – deyir ki, Qarabağda yaşayan erməni əhali, əslində nə Azərbaycana, nə də Ermənistana güvənmir, onların güvəndiyi yeganə ölkə, güc Rusiyadır, bunu mütləq nəzərə almaq lazımdır. Kazimirovun sözlərinin tərcüməsi belədir ki, Kreml bundan sonra da Xankəndi və ətrafını iqtisadi, sosial, siyasi və hərbi olaraq özünə bağlamağa davam edəcək, bunun üçün çalışacaq.
Demedia.az xəbər verir ki, bunu ReAl partiyasının sədr müavini Natiq Cəfərli deyib.
O bildirib ki, bu gün bölgənin Azərbaycana inteqrasi olunmasının qarşısını kəsən ən böyük amil məhz Rusiyadır:
"Xankəndi və ətrafında yaşayanları işlə təmin edir, onlara iqtisadi fürsətlər yaradır, rubl artıq dükan-bazarda işləməyə başlayıb. Pararlel olaraq da hər fürsətdə erməni əhalisinə deyir ki, biz olmasaq sizi heç kim qorumayacaq, ona görə də bizdən bərk yapışın, hətta Ermənistan və Azərbaycan öz arasında anlaşsa da, siz öz “qondarma” qurumunuzun “legitim” qərarı ilə bizi burada saxlayın – məhz buna görə Kreml Xankəndində yerləşən qondarma qurumu "de-facto" tanıyır və ayaqda saxlayır ki, kritik məqamda onların qərarlarını “de-jure” də tanıya bilsin,
Yəqin ki, Vardan Oskanyanı da xatırlayırsız, Ermənistan XİN-nin keçmiş rəhbərini deyirəm, o da geniş açıqlama verib, əsas tezisi də budur ki, qondarma qurumun “tanınması”, yəni, “xalqların öz müqəddəratını təyin etmə hüququ” beynəlxalq vəziyyətə görə (Rusiyanın Ukraynaya təcavüzü və geydirmə “referendumlarını” demək istəyir, amma demir) gündəlikdən çıxıb, amma biz bununla barışmamalı, məsələni aktuallaşdırmalıyıq – tərcüməsi budur ki, Xankəndindəki rejimin legitimləşdirilməsi üçün Rusiya ilə (həm də Fransa timsalında Qərb ilə) daha sıx işləmələyik,
Ermənistan parlamentinin spikeri Alen Simonyan “KTMT”-nin bölgədən gedəcəyindən ehtiyat edirlər, güya, bu məsələdən narahatdır, amma əslində Rusiyaya demək istəyir ki, Xankəndi və ətrafını məsələsini biz üzərimizdən atırıq, siz götürün, hətta de-jure tanıyib “KTMT”-yə də üzv edə bilərsiniz. Yəni, Ermənistan “pis və yaxşı polis” oynamağa, güya, özü Qərbyönümlü olmağa can atır, Qarabağı isə legitimləşdirməklə Rusiyayönümlü etməyə çalışır ki, hər tərəfi qane etsin.
Görünən odur ki, Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir, Qarabağ məsələsini ayrıca məsələ kimi görür, biz isə bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə NECƏ və NƏ VAXT inteqrasiya olunacağı haqqında heç bir “yol xəritəsi” açıqlamırıq – bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur. Sülh müqaviləsində mütləq Ermənistanın Qarabağla birgə Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalı, bölgədə yaşayan erməni əsilli azərbaycanlıların ölkənin siyasi, iqtisadi, sosial həyatına inteqrasiyası ilə bağlı yol xətirəsi ilə yanaşı, 1987-ci ildən bəri öz torpaqlarından zorla qovulmuş Ermənistanda yaşamış azərbaycan türklərinin də öz yaşadıqları torpaqlara qayıtmaq hüququ eyni qaydada yol xəritəsi ilə təsbit-təsdiq olunmalıdır. Soydaşlarımızın ora qayıdıb-qayıtmaması sonrakı məsələdir, amma Azərbaycan erməni əsilli vətəndaşlarına hansı zamənətləri verəcəksə, Ermənistan da eyni addımları dönmək istəyən Ermənistan vətəndaşları olacaq türklərə təmin etməklə bağlı yazılı öhdəlik götürməlidir.
Ədalətli sülhü bərqərar edəcək, əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır ki, bölgəmizə əminəmanlıq və rifah gəlsin. Ona görə də Ermənistan tərəfinin sonradan yozmağa çalışacağı heç bir söz, cümlə mətndə yer almamalıdır...".
Xəyalə Məmmədova / Demedia.az