Yadplanetlilər haqqında doğrular... - Elon Maskın fikirləri



 19:32 19.10.2022     1378

Hələ neçə il bundan əvvəl Elon Mask yadplanetlilərin mövcudluğuna kifayət qədər şübhəylə yanaşırdı. O, ehtimal edirdi ki, yad planetlərdə həyat mövcud olsa  belə, əlimizdə  bunu sübut edəcək konkret elmi faktlar yoxdur. Amma sonradan o, yadplanetlilər haqqında fikrini dəyişib.

2019-cu ildə Elon Mask yadplanetlilər haqqında danışarkən bunları deyib: 

“Bəlkə də, həyatın başqa forması var. Amma biz, hələ ki, onun hansısa əlamətini görməmişik.”

Mask əlavə edib ki, əgər Yerdən kənardakı həyat var olsaydı, bu haqda ilk məlumat alanlardan biri məhz özü olardı. O, “51-ci zona” barədə də fikirlərini bölüşüb. Yadınızdadırsa, 2019-cu ildə ABŞ vətəndaşları “51-ci zona”dakı hərbi bazanı hücumla ələ keçirməyə çalışırdılar. Onlar düşünürdülər ki, hərbi bazada yaplanetlilər saxlanılır və onların üzərində müxtəlif sınaqlar həyata keçirilir. Elon Mask baza haqqında söylənənləri “kiminsə pis zarafatı” adlandırıb və vətəndaşların hücum cəhdinə skeptik yanaşıb. 

Bu yaxınlarda Elon Mask qrafiklər yayınladı. Burada bəşəriyyətin və  yadplanetlilərin təkamülü göstərilib. Qrafiklərdə yüksək intellektli yadplanetli həyat təkzib edilir. Və göstərilir ki, insan daim inkişafda olsa da, Yerdən kənardakı həyat durğundur. Amma bəzi insanlar milyarderin fikri ilə razılaşmır. Sosial şəbəkə istifadəçiləri yadplanetli həyatın mövcudiyyətini sübut edəcək foto və video materiallar paylaşıb. Onlar Elon Maskı lağa qoyublar. Hətta bir nəfər yazıb:

“Yadplanetlidən elə bu cavabı gözləmək olardı.” Bax, indi maraqlı məqama yaxınlaşırıq. Elon Mask müsahibəsində bu iddianı təkzib etmir və bəyan edir ki: “Mən yadplanetliyəm”. Bu sözləri Mask bir neçə dəfə dilə gətirib.  
“Becouse, I am alien”. (“Çünki mən yadplanetliyəm”) 

2021-ci ilin aprelində Elon Mask tvitterdə ondan: “Sən yadplanetlisən?”-deyə soruşan izləyicisinə cavab olaraq yazmışdı: “Bu, aydındır.” Bəlli deyil, milyarder zarafat edir, yoxsa ciddidir? Belə ki, Maskın özü  yadplanetlilərin bizim planetdə, bizim simamızda ola biləcəyini təkzib etmir. Məsələn; 2020-ci ildə o, belə bir tvit atmışdı: “Misir piramidalarını yadplanetlilər tikib.”

Hətta o, əlavə etmişdi ki: “Firon II Ramzes yadplanetli idi.” 

Bu, bir faktdır ki, Xeops piramidası 8 min il ərzində “dünyanın ən hündür tikilisi” statusunda qalıb.  Qeyd edim ki, Misir piramidalarının yadplanetlilər tərəfindən tikilməsi ideyasını səsləndirən təkcə Elon Mask deyil. Amma fironların hansınınsa yadplanetli olması fikri nadirən kiminsə ağlına gəlir. Hərçənd, bu açıqlamaların hamısı heç də inandırıcı təsir bağışlamır. Nəzəriyyəçilər hesab edir ki, bu ehtimal doğru ola bilər. 

Bu yaxınlarda nəzəriyyəçilər iddia etdilər ki, təkcə II Ramzes yox, Tutanhamonun atası Exnaton da yadplanetli olub. Onlar indiyə qədər qorunmuş, bizə gəlib çatmış arxeoloji nəsnələri tədqiq edərək bu fikrə gəliblər. Nəsnələrdə Exnatonun təsvirini tədqiq edən nəzəriyyəçilər onun üz quruluşuna, domba gözlərinə və  uzunsov kəllə sümüyünə diqqət çəkirlər. Təsvirlərdən birində Exnaton günəşə bənzər diskə sitayiş edir. Bu disk “uçan boşqab”a oxşayır. 

Təəccüblü deyil ki, Elona inanan insanların sayı günbəgün çoxalır. Onun açıqlamarı doğru ola bilər. Amma misirşünaslar bu deyilənlərlə razılaşmırlar. Hətta onlar “qalmaqallı tvitlər”dən sonra Elonu Misirə dəvət etmişdilər ki, necə yanıldığını öz gözləri ilə görsün. 

Tamam, bütün bunları milyarderin şıltaqlığı kimi yozmaq olar. Elon Maskın zarafat etməyi sevdiyi sirr deyil. Baxaq görək, o, yadplanetlilər haqqında daha nələr söyləyib. 
 “Fermi paradoksu”. 

Kainatın 14 mlrd ildən artıq yaşı var və o, özündə inanılmaz sayda planetləri ehtiva edir.  Sual meydana çıxır: “Yadplanetlilər hardadır?” Bu, ən həyəcanverici sualdır. Məncə, cavab “Fermi paradoksu”nda gizlidir. Elon Mask yadplanetlilərin mövcudluğu ilə bağlı düşüncələrini məhz bu formada dilə gətirir. Demək lazımdır ki, “Fermi paradoksu” bizə lazım olan cavabı verməyə qadirdir: Yadplanetlilər mövcuddur, yoxsa yox? 

Daha dəqiq desək, “Fermi paradoksu” bizə niyə indiyə qədər yadplanetlilərin mövcudluğu haqqında faktların olmamasının səbəblərini izah edir. “Fermi paradoksu”nun məğzi milyarderin səsləndirdiyi kimidir. Niyə biz yadplanetlilərin fəaliyyətini görmürük, yaxud onların mövcudluğuna dair konkret bir əlamətlə qarşılaşmamışıq? Axı milyard illər ərzində onlar bütün kainatı ələ keçirə bilərdilər. “Niyə biz yadplanetliləri müşahidə edə bilmirik?” sualını, yəni, “Fermi paradoksu”nu izah etmək üçün bir neçə nəzəriyyə mövcuddur. 

Bu nəzəriyyələrdən birinə görə, bəşəriyyət inkişafın növbəti mərhələsinə keçməyə əngəl törədən müəyyən bir filtri, səddi keçməlidir. Hesab edilir ki, o səddi keçdikdən sonra biz yadplanetlilərlə əlaqə yarada biləcəyik. Elon Maskın özü “tvit”lərindən birində bu filtri keçməyimizin labüdlüyü haqqında yazmışdı. Bəs, biz bunu edə bilərikmi? Alimlərin fikrincə, bu hədəfə çatmaq, demək olar ki, qeyri-mümkündür.  Bu filtrin harda başlayıb harda bitdiyi məlum deyil. Üumilikdə, digər mərhələyə keçidin özündə nəyi ehtiva etdiyi haqqında da fikrimiz yoxdur. 

“Fermi paradoksu”nun başqa cür izahları da var. Onlardan birinə görə, yüksək intellektli yadplanetlilər keçmişdə Yer kürəsini ziyarət ediblər. Planetimiz artıq onlar üçün maraqlı deyil. Kim bilir, bəlkə də, Misir piramidalarının yadplanetlilər tərəfindən tikildiyini iddia edəndə Mask haqlıydı? Bəlkə, həmin tarixi dövrdə yadplanetlilər Yer kürəsinin qonağı idilər? 
Digər bir nəzəriyyəyə görə, qalaktika artıq çoxdan koloniyalaşdırılıb. Biz, sadəcə, boşluqda yaşayırıq və heç kimin maraq dairəsində deyilik. Niyə də yox? Yer kürəsinin öz tarixində bu cür faktlar var. Amerika qitəsi Avropa tərəfindən bir neçə əsr əvvəl koloniyalaşdırılıb. Kanadanın şimalında yaşayan inuitlər haqqında isə dünya yalnız 19-cu əsrdə xəbər tutdu. Təsəvvür edin ki, biz inuitlərik, yadplanetlilər isə avropalılar. Qalaktika da Amerikadır. O zaman hər şey məntiqli görünür. Bəlkə də, biz qalaktikamızdakı yadplanetlilərlə bağlı öyrənəcəyik. Amma çox sonra... 

“Fermi paradoksu”nun başqa maraqlı izahları da var. ola bilər ki, yadplanetlilər bizə düşündüyümüzdən də yaxındılar. O qədər yaxın ki, Elon Maskın iddia etdiyi kimi, bizimlə birlikdə yaşayırlar. Həqiqət odur ki, biz onları görmürük və ya alqılaya bilmirik. Bəlkə də, heç zaman alqılaya bilməyəcəyik. Meşənin kənarındakı qarışqa yuvasını təsəvvür edin. Yuvanın yanında isə müasir yol çəkilir. Bu yüksək texnologiyalı yolu qarışqalar anlaya biləcəkmi? Onlar, ümumiyyətlə, bu yolun nəyə lazım olduğunu, ordan keçənlərin kim olduğunu dərk edə bilirmi? Və onlar bu yolu çəkən, bu yoldan istifadə edən insanların məqsədlərini anlayırlarmı? Təbii ki, yox! Bu nəzəriyyəyə görə, biz “axmaq qarışqalarıq”, yadplanetlilər isə “yol çəkənlər”. Bəlkə də, yadplanetlilər çoxdan bizim burnumuzun dibindədirlər və biz bunu heç vaxt alqılaya bilməyəcəyik. 
Başqa bir izaha görə, yadplanetlilər mövcudluğumuzdan xəbərdardırlar və diqqətlə bizi izləyirlər. Elon Mask ən çox bu ehtimala inandığını bildirir. 

“Əgər yadplanetlilər varsa, deməli, çoxdandır ki, biz onların müşahidə sahəsindəyik. Bu, ən ağlabatan nəzəriyyədir. O ki, qaldı bizə...Hələ yadplanetlilərin mövcudluğunu dərk edəcək səviyyəyə çatmamışıq.” –milyarder belə deyir. 
Şüur və köç. 

Elon Mask əmin deyil ki, yadplanetlilərin dəqiq ünvanı hardadır.  Bu, anlaşılandır; milyarderin əlində konkret fakt yoxdur.  Sadəcə,  o da bizim kimi ehtimalları dəyərləndirir. Nəzəriyyələrdən birinə görə, yadplanetlilər mövcuddur. Amma bizimlə əlaqə qura bilməmələrinin səbəbi öz qalaktikalarından çıxmaq şanslarının olmamasıdır. Mask şüura işarə edir. Maraqlıdır, kainatda yalnız bir planetdə yaşam mövcud olan neçə qalaktika var?  “Bizə bənzəyən planet sakinləri   hələ öz qalaktikalarından çıxa bilməyiblər. Ya da xarici faktorlar səbəbiylə məhv olublar. Yəqin ki, belə yaşam şəkli çoxsaylıdır.”-deyir Elon Mask. 

Milyarder bizi də həmin aqibətin gözlədiyini söyləyir. Elon Mask o faktı da istisna etmir ki: “Biz kainatda tək ola bilərik.”  O, deyir: “Kainatda tək olma ehtimalımız bizim bütün kainata yayılma şansımızı artırır. Ona görə də, biz kosmik texnologiyaları inkişaf etdirməliyik, sivilizasiyamızı gücləndirməliyik və həyatı digər planetlərə daşımalıyıq. Kainatda tək olmaq ehtimalımız bizim digər planetlərə həyat aparmaq təşəbbüsümüzə stimul verir.” 

Onun fikrincə, bizim 2 seçimimiz var. 

1) Biz daim Yerdə qalırıq, sonunda da yoxolma baş verir. 
“Mənim dünyanın sonuyla bağlı dəqiq peyğəmbərliyim yoxdur. Ancaq tarix göstərdiyi kimi, gec-tez nəsə baş verəcək və hər şeyin sonu olacaq”.

2)  Bəşəriyyətin yeganə alternativ seçimi “kosmik sivilizasiya” olmaqdır. 
“Kainatın 14 mlrd-dan çox, Yer kürəsinin isə 4 mlrd-a yaxın yaşı var. Biz unikal vaxtda yaşayırıq-kosmik kəşflərin dövründə. Nə qədər ki, vaxt var, çoxplanetli yaşam tərzinə keçəyə çalışmalıyıq".

Bahadur Seyidov / Demedia.az