Dünyada tapılan ən böyük 10 qızıl külçə - Araşdırma
Yüz illərdir insanların xəyallarını bəzəyən, rəngi, parıltısı və cazibəsi sayəsində cənnətdən gəldiyinə inanılan qızıl bahalı metallar sırasında ilk yerlərdədir. Bəzən qiyməti artıb-azalsa da, populyarlığı heç vaxt dəbdən düşmür.
Dünyada tapılan 10 ən böyük qızıl külçəsindən danışacağam.
10. 2 kq 18 q. -1800-cü illərin əvvəllərində hər il minlərlə insan qızıl tapmaq ümidiylə Kaliforniyaya axın edirdi. 1849-cu ildə tapılan bu qızıl külçəsi isə xəzinə axtarışında dönüm nöqtəsi oldu. Sierra Nevada dağının ətəklərində tapılan külçənin səs-sədası yayıldıqca, təkcə Amerikadan deyil, dünyanın hər yerindən insanlar gəlir, əllərinə bel- külüng alıb dağın ətəyini eşim-eşim edirlər. Bu hadisə tarixdə “Qızıla hücum” adıyla məhşurdur. Bəli, şəkildə gördüyünüz bu külçə minlərlə insanın taleyinin Sierra Nevada ilə kəsişməsinə səbəb olub.
9. 4 kq 10 q.- Kaliforniyalı bir adam həftə sonları metal detektoru ilə ətrafda gəzir, özü üçün macəra axtarırdı. Bir gün onun bu macərası həyatını dəyişir. O, torpağın 30 sm altından 4 kq 10 q çəkisi olan qızıl külçəsi tapır. Həmin külçənin dəyəri 250 min dollardır...
8. 4,5 kq.- 68 yaşlı Syd Pearson metal detektoru ilə qızıl axtarmağı özünə hobbi seçmişdi. Bir gün hobbisinin onu möcüzə ilə qarşılaşdırmasını heç ağlına da gətirmirdi. Təsadüf nəticəsində tapdığı 4,5 kq-lıq külçənin qiymətinin 300 min dollar olduğunu biləndə isə Pearson özünü “dünyanın ən xoşbəxt adamı” adlandırdı.
7. 5,5 kq. – 60 sm uzunluğundakı bu iri külçə Avstraliyada bir macərapərəst tərəfindən tapılıb. 320 min dollar dəyərində olan külçəni metal detektorunun köməyilə tapan adam uğurunu mediadan gizləməyib. Mediada yayılan “Xəzinə tapılıb” başlıqlı xəbərlər minlərlə insanın bölgəyə axın etməsinə və qızıl tapılan ərazinin başdan-başa qazılmasına səbəb olub...
6. 7 kq 655 q. – Külçə Rusiyanın Uzaq Şərqindəki “İrkindan” yatağında tapılıb. Xabarovsk bölgəsindəki “Vostok” qızıl mədəninin işçisi Aleksandr Starovoytov təsadüfən boks əlcəyi şəklində, parıldayan daş görür. Yaxınlaşanda isə bunun iri bir külçə olduğunun fərqinə varır. Analizlər nəticəsində 24 əyara malik olduğu açıqlanan külçənin dəyəri 500 min dollardan artıqdır.
5. 16,4 kq.- 1992-ci ildə Kaliforniyadakı bir mədənin işçiləri uzun və səbrli iş prosesindən sonra qayanın içində olan iri qızıl parçasını çıxara bildilər. Təmizləndikdən sonra külçəni çəkdilər. Ağırlığı 16,4 kq olan bu külçə hazırda Kaliforniyanın Vienersay muzeyindədir.
4. 25,5 kq. -1995-ci ildə Avstraliyada, Kalgoorlie'nin yaxınlığında tapılıb. Dünyada “indiyədək tapılan ən böyük 26-cı külçə” statusunu alıb. Təxminən, 50 milyon dollar dəyərə malik olan külçə Normandiyada bir muzeydə saxlanılır.
3. 27 kq 660 q. – Avstraliyanın Viktoriya bölgəsindəki Kral dağlarından tapılıb. 27 kq 660 q çəkisi olan külçəni Nevadalı bir kolleksiyaçı alıb. Hazırda Las-Veqasın ən böyük qumarxanası olan “Easy street” kazinosundadır.
2. 36 kq 200 q. – 1940-cı ildə Rusiyada, Ural dağlarının ətəklərində tapılıb. Üçbucaq şəklində olması səbəbiylə “Şeytan üçbucağı” ləqəbini alıb. Bu böyüklükdə külçənin ölkədən çıxarılmasına razı olmayan Rusiya hökuməti onu özü satın alıb. Hazırda 36 kq 200 q çəkiyə malik olan qızıl külçəsi Kreml muzeyindədir.
1.290 kq. – Gördüyünüz bu şəxsin adı Bernard Otto Holtermann`dır. Bu şəkil 1838-ci ildə; Holtermann`ın dünyanın ən böyük qızıl külçəsini tapdığı zaman çəkilib. 290 kq-lıq külçə elə ertəsi günü parçalanıb və satışa çıxarılıb. Maraqlısı odur ki, Holtermann qızılı tapdıqdan bir il sonra, “həddən ziyadə varlı olması” səbəbiylə vəfat edib...
Bahadur Seyidov / Demedia.az