Makronun müdafiəsinə qalxanlar...



 15:31 19.10.2022     377

Erməni işğalçılarına qarşı 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında qələbəylə bitirdiyimiz Vətən savaşı bizə təkcə itirdiyimiz və 30 il boyunca həsrət qaldığımız torpaqlarımızı geri qaytarmadı, həm də gələcəyimizi düzgün qura bilməmizə fürsət açan boşluqları, qüsur və çatışmazlıqları aşkarlayıb gözlərimiz önünə sərdi.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, ağıllı dövlətlər və hakimiyyətlər təbii ekstremal şəraitin – müharibənin aşkarladığı bu boşluqları, qüsur və çatışmazlıqları dərhal qeydə alar, onu siyasi uçurumlardan qoruyacaq “yol xəritəsi”ndə düzəlişlər aparar, beləcə, səhvlərini, yanlışlıqlarını aradan qaldırmaqla özünütəkmilləşdirmənin və güclü olmanın ən optimal yolunu tapıb özünü də, ölkəsini də qalıcı uğurlara götürər:

"Mən əminəm ki, hərb meydanında məğlub etdiyimiz Ermənistanı diplomatik masa arxasında da tam yendikdən, ona sülh müqaviləsini imzalatdırdıqdan sonra Azərbaycan hakimiyyəti, qələbəmizin memarı Prezident İlham Əliyev də 44 gün ərzində aşkarlanan və hər birimizin gördüyü qüsurlarımızın qeydə alındığı yeni “yol xəritəsi”ylə addımlayacaq, sürətli inkişafımıza buxov olan 30 illik bir müharibənin vurduğu yaraların tam sağalması üçün ölkənin daxilində inqilabi addımlar ataraq, xalqımızı həqiqi rifaha qovuşduracaq!

Bax, yalnız onda biz hamılıqla həqiqi müstəqilliyin dadını biləcək, tamam fərqli – azad, zəngin, qalib və qüdrətli, regionun lokomotivinə çevriləcək bir Azərbaycanın vətəndaşları olmaqdan, gerçəkdən də, qürur duyacaq, öyünəcəyik!

Şübhəsiz ki, bu gedişatı biz gördüyümüz kimi, Azərbaycanın uğurunu istəməyən xarici düşmənləri və illərdir Əliyevin yerinə göz dikmiş, həsrətlə o posta əyləşəcəyi günü gözləyən içdəki siyasi rəqibləri də yaxşı görür, anlayırlar.

Başa düşürlər ki, Qarabağ probleminin mövcud olduğu illərdə Əliyevi yıxmaq mümkün olmadısa, bu problemin həllindən sonra yıxmaq heç mümkün olmayacaq və Azərbaycan xalqı da müstəqillik dönəmində 3 mərhum prezidentinin – Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevin çox istəyib də həll edə bilmədikləri problemi həll etməyi bacarmış, tarixi düşməninin kürəyini yerə vurmuş qalib və məğrur bir komandanı - İlham Əliyevi ömürlük özünün lideri seçəcək!

Elə bu səbəbdən, son iki ildə Azərbaycanın düşmənləri Ermənistanın arxasında durub, onu sülh müqaviləsinin imzalanmasından çəkindirdikləri kimi, paralel şəkildə də Əliyevin uğurunu istəməyənlər də ölkənin içərisindən bu prosesə fəal şəkildə dəstək verməyə can atır, sülhün baş tutmamasını arzulayır, ictimai rəydə qəsdən Azərbaycanın qalib gəlmədiyi təəssüratını yaradır, qələbəmizin miqyasını kiçiltməyə, prezident Əliyevin əhali arasında xeyli artan populyarlığını və nüfuzunu dezinformasiyalarla, söyüş və təhqirlərlə aşağı salmağa çalışır, hətta bu məqsədlə açıq-aşkar erməni təbliğat maşınına dəstək verməkdən belə, çəkinmirlər.

Apardığımız müşahidələr onu deməyə əsas verir ki, son iki il ərzində Azərbaycan dövlətinin düşmənlə müharibə siyasətinin və təbliğat strategiyasının əleyhinə ölkənin içrisindən yalnız bir siyasi qüvvə - AXCP və onun ehtiyat limanı kimi fəaliyyət göstərən Milli Şura rəhbərliyi çıxış edir, bütün istiqamətlər üzrə pozucu, destruktiv, fitnəkar mövqe tutur!

İlham Əliyevə rüsvayçı məğlubiyyətin və 20 illik davamlı uğursuzluğun yaratdığı kin, nifrət, paxıllıq və həsəd hissi vaxtilə Azərbaycan gəncliyinin siyasət meydanında öndə olan ən parlaq simalarından birinin - AXCP sədri Əli Kərimlinin o qonur gözlərini elə tutub, qəlbini elə möhürləyib ki, indi - 57 yaşında müxalif partiya liderliyindən ölkəsinin düşmənlərinin təbliğat maşınının adi sıravi əsgəri, kiberəməliyyatlarının trolu səviyyəsinədək düşdüyünün heç fərqində belə, deyil!

Bəli, qisas çox güclü hissdir, insanı hər yola əl atmağa vadar edər. Ancaq bu, heç bir halda siyasi iddiası olan kəsi uğuru, karyerası naminə öz dövlətinin, millətinin məğlubiyyətini istəyəcək qədər alçaltmamalı, düşmənlə əməkdaşlıq kimi qiymətləndirilə biləcək hərəkətlərə sövq etməməlidir!

Axı bir insanın daxili gücü və gerçək ləyaqəti həm də öz düşməni və ya rəqibiylə davranışında üzə çıxar! Ləyaqətli rəqib özünü hər yola qoymaz, hər halında ləyaqətlə davranar!

Bəs, bu nə edir?! Müharibə başlayanda 50-yə yaxın partiya rəhbəri ilk gündən bəyanat verib İlham Əliyevlə eyni səngərdə durduqlarını elan etdikləri, xarici güclərə Qarabağ məsələsində Azərbaycanın içərisində hamının yekdil siyasi mövqe tutduğunu göstərmək məqsədiylə eyni sənədə imza atdıqları bir vaxtda, AXCP sədri yaxasını kənara çəkdi, marığa yatıb gözlədi ki, görək, əməliyyatlar nə ilə bitir. Yalnız Şuşa alındıqdan 1 gün sonra – 9 noyabrda ictimai qınaq və qəzəbdən qorxaraq, udquna-udquna bir cümləylə Ali Baş Komandanı təbrik etsə də, ertəsi gün dərhal da 10 noyabr atəşkəs razılaşmasını əsas götürüb, yenidən hakimiyyəti sərt ittihamlara başladı, psixoloji baxımdan sınmış və çökmüş düşmənə nəfəs verənlərin sırasında yer aldı...

Necə də VII əsrdə Şam valisi olmuş Müaviyə ibn Əbu Sufyanın davranışlarını xatırladır, deyilmi?

Vaxtilə Müaviyə də xəlifə Əliyə beyət etməmək və ona qarşı çıxışını əsaslandırmaq üçün mahiyyətini və nəticəsini öncədən bildiyi bir məsələni - Osmanın qatillərinin tapılıb ona verilməsini bəhanə kimi irəli sürmüş, qiyama qalxmışdı.

Eynilə AXCP və Milli Şura rəhbərliyi də 10 noyabr 2020-ci ildən üzübəri Müaviyə kimi davranaraq, rus sülhməramlılarının Qarabağa yerləşməsi faktını İlham Əliyevə qarşı çıxışlarını əsaslandıracaq yeni bəhanəyə, qiyam bayrağına çeviriblər və düz 2 ildir də bu mövzuda cəmiyyəti çaşdırmağa, gərginləşdirib ayaqlandırmağa çalışırlar...

Baxın, AXCP sədri indi də ağlını verib dünənədək yorulmadan Əliyevlərin şit məddahlığını etmiş, hakimiyyət dəhlizlərindən rüsvayçılıqla qovulduqdan sonra müxalif düşərgədə lövbər salmış iki qadına - dövrümüzün Kəsrifləri sayılan Sevinc Osmanqızına və Gültəkin Hacıbəyliyə! Üçlükdə erməni təbliğat maşınının tezisləri əsasında, düz 1 aydır sübut etməyə girişiblər ki, Azərbaycan Ordusu Rusiyanın təhrikiylə sentyabrın 13-də Ermənistan ərazisinə təcavüz edib, onların torpaqlarına girib, işğalçıdır və biz boşuna şəhidlər vermişik.

Halbuki bütün Azərbaycan bilir ki, erməni təxribatlarına cavab olaraq keçirilən bu əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanla sərhəd boyu öz torpaqlarımızda 70-dən çox strateji yüksəkliyi nəzarətə götürüb və bu da 44 günlük savaşdan sonra düşmənə vurulan ikinci ən ağır hərbi zəfər sayılır: tutulan döyüş mövqeləri həm ərazilərimizin təhlükəsizliyinin təmini, həm gələcək hərbi əməliyyatlar, həm də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən və sülh sazişi imzalamaqdan yayınan Paşinyan hakimiyyətinə gərəkli qulaqburması vermək üçün əlimizi xeyli gücləndirib!

Yaxşı, adamdan soruşarlar: düşmənə endirilən bu zərbədən və Paşinyan hakimiyyətinin laxlamasından, sülhə məcbur edilməsindən siz niyə bu qədər narahatsınız, siz niyə sevinmək yerinə, təşvişə düşmüsünüz?!

Məgər, siz deyildinizmi, 2 il əvvəl “Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı?” bağırtısıyla efirlərdə hay-həşir salan, Ordumuzun irəliləməsini tələb edən?! Onda “beynəlxalq təzyiqlər” yadınıza düşmürdümü?!

Lap, tutaq ki, danışıqlarda əlimizi gücləndirmək, düşməni öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün biz hücuma keçmişik, əməliyyatı biz başladıb, düşmən ərazisinə daşımışıq! Nəyi pisdir ki?! Müharibədir, əcəb də etmişik!

Məgər, bu, əsas verir ki, siz gedib erməni lobbisinin təbliğat maşınıyla birləşib, ölkəmizin, Ordumuzun əleyhinə kampaniya aparasınız, onların beynəlxalq təşkilatlara təqdim etdiyi tezisləri ölkənin içərisindən təsdiqləyəsiniz, təkrarlayıb təzyiqlər üçün zəmin hazırlaysanız?!

Hara yoxa çıxdı sizin hər gün pafosla danışdığınız vətən, millət, dövlət təəssübünüz, sevginiz, milli qeyrətiniz?!

Bəs hal-hazırda açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınan və bir ovuc erməni terrorçu-separatçısına Qarabağda status tələb edərək sülhün əldə edilməsinə mane olan Fransa prezidenti Makronu sudan quru çıxarmaq, Azərbaycan ictimaiyyətinin qəzəbindən yayındırıb qorumaq təşəbbüs və cəhdlərinizi nə ilə izah edəcəksiniz?!

Lap Makronun müsahibəsindəki hansısa iki cümləsi düzgün tərcümə edilməyib. Onun Ermənistanı açıq-aşkar himayə edən mövqeyi və Azərbaycandan tələbləridəmi təhrif olunub, saxtalaşdırılıb, ay Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Sevinc Osmanqızı...?!

Açıq deyin görək, siz axı kimin yanındasınız: Ermənistanın, yoxsa Azərbaycanın?!

Sevimli və çox inandığınız, müdafiəsinə qalxdığınız Makronunuzun Rusiyanın Türkiyə və Azərbaycana kömək etdiyi, Fransanınsa Ermənistanın əlini buraxmayacağı haqda fikirləri ki təhrif olunmayıb!

Yaxşı, dünənədək torpaqlarımızın işğal edilməsində rolu olan Rusiya Türkiyənin də təsiriylə bu gün Azərbaycanın haqq işinə dəstək veribsə, Ermənistana qarşı bu gün Azərbaycanın yanında yer alıbsa, bu, axı sizi niyə bu qədər narahat edir?!

Deməli, sizin üçün Qərb təbliğatına qoşularaq Rusiyanın işğalçı imicinin yaradılması öz torpaqlarınızın azad edilməsindən daha önəmlidir, eləmi?!

Ay sizi, intellektual satqınlar! Çoxbilmiş quş dimdiyindən tələyə düşdüyü kimi, siz də o iti dilinizdən özünüzü tələyə salmısınız artıq...

Əliyevə kininiz və nifrətiniz sizi düşmənin xəyanət qapısı ağzında yatıb gecələməyə, onun təbliğat muzdurları kimi çıxış etməyə qədər aparıb çıxarıbsa, vay halınıza!

İnanmıram ki, bu dəfə Sem dayınız sizi Əliyevin dəmir yumruqları altında əzilməkdən xilas edə bilsin!

Sizin dönəminiz bitib, qapınızsa qapanıb artıq!".

Xəyalə Məmmədova / Demedia.az