Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq - TƏHLİL
ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistan barədə sərt açıqlama verib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün guya təhlükə yaradır.
Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.
Məqalədə qeyd olunub ki, Bayden demək istəyib ki, Pakistan nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə bilər:
"Halbuki, belə bir fakt yoxdur. Nüvə silahına malik olan dövlətlər qonşuluqlarında nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Misal üçün İran nüvə silahını əldə etmək üçün Pakistan dəstək istəyə bilərdi. Ancaq bu Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir.
Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağrılıb və ona Baydenin açıqlamasına aydınlıq gətirilməsi tələb edilib. Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub. Pakistan cəmiyyətində əvvəl də anti-Amerika əhval-ruhiyyəsi mövcud idi, Baydenin açıqlaması və münasibətləri daha da gərginləşdirdi.
“Soyuq müharibə” illərində Pakistan ABŞ-ın müttəfiqi idi. SSRİ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdə ABŞ Pakistanla birgə bu müdaxiləyə qarşı mübarizə aparır, əfqan mücahidələri silahlandırırdılar. “Soyuq müharibə” bitdikdən sonra ittifaqa ehtiyac azaldı. Bundan başqa ABŞ-ın radikal islamçı qruplarla mübarizəsi başladı. Vaşinqtonda hesab edirlər ki, həmin islamçı qruplar Pakistanda dəstəyə malikdirlər.
Əslində Vaşinqtonun xarici və təhlükəsizlik siyasətindəki yanlışlıqlar Pakistanı başqa tərəfdaşlar axtarmağa məcbur edib. Bunun nəticəsidir ki, Pakistan Çinlə sıx tərəfdaşlıq münasibətləri qurub, iki ölkə müttəfiqdirlər, Rusiya və Çinin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. İslamabadın bu siyasəti Vaşinqtonun xoşuna gəlmir və Bayden nüvə silahını bəhanə edərək Pakistanın siyasətindən narazıdır. Necə ki, Vaşinqton yanlış siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırıb, keçmiş tərəfdaşdan bölgədəki rəbiqinə çevirib, eləcə də Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq. Vaşinqton Hindistanı dəstəkləyir".
Xəyalə Məmmədova / Demedia.az