Evdə dondurma hazırlamağın ASAN ÜSULU
Dondurmalar insanları həm sərinlədir, həm də zövqünü oxşayır.
Amma dondurmanı evdə hazırlamağın daha faydalı olduğundan çoxları xəbərsizdir. Evdə hazırlanan dondurmaların bir üstünlüyü də ondadır ki, ona istədiyiniz meyvəni, yaxud başqa bir inqredienti qata bilərsiniz.
2 şaftalı götürün və qabıqlarını soyun. Çərtdəyini çıxarın. Dilimləyin. Üzərinə 1 xörək qaşığı bal əlavə edin. Blenderdən keçirin.
3 kivini qabığından təmizləyin və doğrayın. Bunun da üzərinə 1 xörək qaşığı bal əlavə edin və blenderdən keçirin.
1 stəkan qara qarağatı (təzə və ya dondurulmuş halda ola bilər) da blenderdən keçirin. 2 çay qaşığı qatıq və 1 xörək qaşığı bal əlavə edin. Birgə blenderdən keçirin.
Yarım stəkan çiyələyi (təzə və ya dondurulmuş halda ola bilər) blenderdən keçirin. 1 xörək qaşığı yağlılığı çox olan qaymaq, 1 xörək qaşığı da bal əlavə edin. Birlikdə blenderdən keçirin.
Dondurma üçün qabları götürün və sıra ilə hər qarışımdan 1 xörək qaşığı tökün. Qeyd edim ki, qəlibləri kapron stəkanla, yaxud kağız stəkanla əvəz eləmək olar.
Dolu qabları 6-12 saat müddətinə soyuducunun buzluğunda saxlayın.
Bir iri qaba isti su tökün və dondurma qablarını içərisinə su getməyəcək şəkildə bu isti suya salın. Təxminən, 10-20 saniyə saxlayın. Bu zaman dondurma qabdan daha asanlıqla çıxır.
Bahadur Seyidov / Demedia.az