İran da Ermənistan kimidir, gözləri onun-bunun “qapısı”ndadır - Ekspert

 16:37 20.10.2022     455

İran da Ermənistan kimi dünyada nadir ölkələrdəndir ki, qonşulara münasibətdə sərgilədiyi əyalət hiyləgərliyindən, bicliyindən başlamış, heç nədən hay-küyünə, hərbə-zorbasına, bitib-tükənməyən təxribatlarına kimi… yazdıqca qurtarmaq bilmir. Öz günlərinə, düşdükləri acınacaqlı duruma, ideoloji platformalarından tutmuş siyasi idarəçilik sistemlərinədək məsxərə obyektinə, məzhəkə subyektinə çevrilmələrinə ağlamaq əvəzinə gözləri onun-bunun “qapısı”nda, “pəncərə”sindədir.

Demedia.az xəbər verir ki, bunu ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar:

"Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər. Amma bölgədə özünü yad ünsür kimi aparan, gah o qütbə, gah bu qütbə yalmanan, yekə-yekə açıqlamalar, bəyanatlar verən bu iki ölkəni bir-birindən fərqləndirən çox önəmli bir cəhət var: Ermənistanın düşmənçiliyi ortaqlıdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil ağıza qoymadan İslam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Bu xüsusda yerinə düşən məşhur bir atalar məsəlimiz var: “Mərd ələ yapışar, namərd ayağa…”

Bunlar isə nə mərd kimi mərddilər, nə də namərd kimi namərd… Yapışanda da… ayaqqabıdan yapışırlar, o da əllərində qalır.

Hər dəfə Azərbaycan sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü, suverenliyini təhdid edən hansısa təxribatın qarşısını alanda, ölkəmiz İranla yaxından-uzağa heç bir əlaqəsi olmayan coğrafi, siyasi və diplomatik müstəvidə mövqelərini möhkəmləndirəndə, nədənsə burnu ovulan Ermənistandan daha çox İranın bəzi deputatları, hərbçiləri, sivil dünyada analoqu olmayan statusa sahib hansısa “Mirzə Taraqqa”ları sahiblənə bilmədikləri əllərinə, dillərinə “falaqqa” alıb, “əlif zəbər ə, bey zəbər bə…” ritorikasıyla “havaya” üsyan edirlər.

Nəcəf Bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” pyesində deyildiyi kimi,

“Mirzə Taraqqa budur ha, gəlir,

Əldə falaqqa budur ha gəlir…”

Gəlir… həm də təxminən 30 saniyəyə yerə yapışdırılan “İranlı Hulk” kimi - Sosial şəbəkələrdə hərbi geyimdə başından böyük pozlar verir və sonra təzək kimi çırpılır yerə…

Nə hədələrinin ünvanı bəllidir, nə də niyyətlərinin mahiyyəti… “Şirin quyruğu”, “qırmızı xətt”, “yaşıl həlqə”, “çəhrayı düzbucaq”… Zalımın uşağı, elə bil siyasətlə həndəsənin və zoologiyanın sintezini yaradırlar. Əslində, qarışqadan fil, fildən isə qarışqa düzəltmək İran adlanan ölkənin bəzi siyasi və dini, yaxud əksinə, təmsilçilərinin köhnə azarlarıdır. Bunların siyasəti də, əməllərinin görünən tərəfləri də mübaliğə, taşbeh üzərində qurulub. Doğrusu, belə bir təəssürat məndə hələ yeniyetməlik dövründə yaranıb.

Doğulduğum bölgəyə sovet dövründə də “nüfuz” edən İran telekanallarından birində sözügedən ölkənin futbol komandasının oyununu izləyirdim. Həmin dövrdə farsca bir o qədər yaxşı başa düşmürdüm. Birdən, diqqətim ekrandan yayındı və sadəcə icmalçının bəlağətli, gurultulu nitqi dəydi qulağıma: “Zərbeyi xəta dərvazayi İran”. Dedim, yəqin yer-göy dağılır, ya da İran futboçuları rəqib komandanın qapısını, öz təbirlərincə desək, “yerlə yeksan” ediblər. Sonralar anladım ki, sən demə, İran komandasının qapısına cərimə zərbəsi təyin olunubmuş… Belə… İndi ya zəlzələdən, ya da vəlvələdən, qonşuluğumuzdakı ölkənin bəzi nümayəndələri öz qapılarına top girəndə də bunu qol vurublarmış kimi qələmə verməkdə mahirdirlər".

Xəyalə Məmmədova / Demedia.az