Bakıda avtomobilləri çox görürük və elə bilirik ki... - Açıqlama



 17:32 21.10.2022     648

Vizual olaraq Bakıda avtomobilləri çox görürük və elə bilirik ki, say göstəriciləri bizdə dünya standartlarından yüksəkdir, amma elə deyil.

Demedia.az xəbər verir ki, bunu ReAl partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O bildirib ki, bu məsələdə Gürcüstandan 2 dəfə geri qalırıq:

"Ölkəmizdə hər min nəfərə düşən maşın sayı 120-130-a yaxındır. Amma Gürcüstanda bu rəqəm 300-ə yaxınlaşır, hətta Ermənistanda da hər 1000 nəfərə bizdən daha çox maşın düşür (son məlumat 200 civarında idi). Ona görə də Azərbaycanda tıxac məsələsi avtomobillərin çox olması ilə bağlı deyil, məhz infrastruktura görədir.

Digər tərəfdən, bütün iqtisadi fürsətlər Bakıya toplanıb, eyni zamanda əhali də regionlardan Bakıya axın edir, çünki hökumətin zay siyasəti nəticəsində regionlar inkişaf etmədi.

Azərbaycan gətirilən avtomobillərin 70-75%-i də Bakı və Abşeron yarmadasında qalır. Problem məhz buradan qaynaqlanır. Ona görə də əsas məsələ regionların inkişaf etdirilməsi, işğaldan azad olunmuş torpaqlara 1 milyon əhalinin köçürülməsinə nail olmaqdır. Bu zaman avtomobil sayı da mütənasib olaraq bölünəcək və Bakının yükü xeyli azalacaq. Bunun üçün isə normal, planı-proqramı olan hökumət qurmaq lazımdır...".

Xəyalə Məmmədova / Demedia.az