Yaponlar bunu dünyadan gizlədir - ŞOK ARAŞDIRMA
Gəncliyimizi necə qoruya bilərik? Niyə yaponlar uzunömürlüdürlər? Bunun sirri nədir?
Neçə illərdir ki, yaponlar “uzunömürlülər siyahısı”nda liderdir. Ölkə əhalisinin hər 4 nəfərindən biri 65 yaşını sağlam qeyd edir. Və insanların yarıdan çoxu 100 yaşı görəcəyindən əmindir. Alimlər, gerontoloqlar, qocalma ilə bağlı araşdırma aparanlar yaponların bu qəribəlikləri ilə daim maraqlanırlar. Onların gəldiyi nəticələrə əasən, uzun və sağlam yaşamaq üçün bir neçə qaydaya əməl etmək lazımdır. Qeyd edim ki, bu qaydalar Yaponiyada adi haldır.
Bəşəriyyətin bundan sonrakı həyatı naminə bütün dünyadan olan alimlər, həmçinin, Yaponiyadan olan mütəxəssislər uzunömürlülüyə səbəb olan yaşam formulunun axtarışına çıxıblar. Birinci yerdə genetika dayanır ki, insanlar bu yöndə nəsə etməkdə acizdirlər. İkinci yerdə isə həyat tərzi və qidalanmadır.
Yaponiyada 100-cü ad gününü qeyd etmək qeyri-adi hal deyil. Ölkədə orta yaş həddi 84-dür. Həyat keyfiyyəti yüksək sayılan Avropa ölkələrində belə, orta yaş həddi bu rəqəmdən xeyli aşağıdır. Amerikada, daha dəqiqi, ABŞ-da sürətli iqtisadiyyata baxmayaraq, orta yaş həddi yaponlara çatmır. “Uzunömürlülər siyahısı”nda ABŞ 183 ölkə arasında 30-cu yerdədir. Rusiyada isə orta yaş həddi 70-72-dir.
Yaponların qəribəliyi uzunömürlülük deyil, bu uzun ömürü sağlam yaşamaqdır. Bayaq qeyd etdiyim kimi, bu da müəyyən qaydalara əsaslanır.
Bacardıqca az duz qəbul etmək. Hazırda Yaponiya dünyada “duzdan az istifadə edən ölkələr” siyahısında liderdir. Amma həmişə belə olmayıb. Keçən əsrin 50-ci illərində yaponlar vərəmlə mübarizə aparıblar. 70-ci illərdə isə Yaponiya əhalisi ürək-damar xəstəlikləri ilə yaxından tanış olmağa, bu haqda məlumatlanmağa başlayıblar. Yaponların yeməklərində yağ cüzi miqdarda olur. Amma onlar duzu çox yeyirdilər. Hesablamalara görə, bir yapon gün ərzində 30-40 qram duz qəbul edirdi. Bu da yüksək arterial təzyiqə, ürək-damar problemlərinə, xüsusilə, infarkta və insulta səbəb olurdu. Alimlər gərgin araşdırmalardan sonra, nəhayət ki, duzla xroniki ürək-damar xəstəlikləri arasındakı əlaqəni tapdılar. Günümüzdə yaponların gündəlik rasionundakı duzun miqdarı 10 qrama çatmır. Bizim boşqabımıza duz əlavə etmək adətimiz Yaponiyada “qəribəlik” sayılır.
Doyana kimi yeməmək. Yaponlar, xüsusilə, gənc qızlar belə düşünür ki, yeməyin yalnız 80%-ni yemək lazımdır. Masadan azca aclıq hissiylə qalxmaq haqqında qədim şərq təbabətində müxtəlif tövsiyələr də var. Dietoloqların fikrincə, tam doymaq orqanizmi yükləyir. Yaponiyada yeməklər kiçik ölçülü boşqablarda servis edilir. Bundan əlavə, yaponların əməl etməyə çalışdıqları bir qayda da var: gündəlik 7 növ meyvə-tərəvəzdən dadmaq. Gözəl bədən quruluşuna malik olmaq üçün qızların əksəriyyəti rafinə edilmiş ağ şəkərdən imtina edir. Bir yaponun gündəlik menyusuna, təxminən, bunlar daxildir: ton balığı, yerkökü, kələm, bibər, tofu, soya cücərtiləri. Yaponlar maye qəbulunu da rejimə salıblar.
Qaynar yeməklərdən imtina etmək. Bir vaxtlar Yaponiyada mədə xərçəngindən ölənlərin sayı günbəgün artırdı. Xəstəliyin profilaktikasında riayət edilən qaydalardan biri də yeməyi qaynar halda yeməmək idi. Beləcə, yaponlar zamanla qaynar yeməkdən imtina etdilər. Sonradan imtina siyahısına qaynar içkiləri də saldılar.
Aralıq dənizi dieti, amma süd ilə. Yaponların menyusu Aralıq dənizi dietini xatırladır. Çünki tərkibində bol miqdarda meyvə-tərəvəz var. Rasionun əsasını toyuq əti, bitki yağı, balıq və digər dəniz məhsulları təşkil edir. Toyuq yumurtasını yaponlar çox yemir; həftədə 2-3 dənə onlara bəs edir. Yavaş-yavaş dünya kulinariyasına daxil olan “mərmər ət” termini də yaponlara aiddir. “Vaqiu” inəklərinin əti mərməri xatırlatdığı üçün belə adlanır. Və hazırda bu ət Yaponiyada çox məşhur, eləcə də, çox bahadır. Əksər yaponlar bu əti yalnız xüsusi günlərdə delikates kimi yeyir. Yaponlar alkoqollu içkiləri az içirlər. Yapon mətbəxinin əsasını şəkər, süd, qatıq və süddən hazırlanan pendir təşkil edir. Amma müasir dövrdə süddən hazırlanan pendirlərin yerini tofu tutmaqdadır. Tofu soyadan hazırlanan pendirdir.
Yeməklərin hazırlanma qaydası. Yaponiyada qızardılmış yeməklərə az rast gəlinir. Adətən, masanın üstündəki konusvari ocaqda hazırlanan yeməkləri yaponlar təzə-təzə yeməyi xoşlayır. Yapon mətbəxində elə yeməklər var ki, sousda saxlanmaqla, yaxud qısamüddətli buxara verməklə hazır olur. Yeməklərin əksəriyyətində istifadə edilən ton balığı alaçiy şəkildə yeyilir. Bambuk çubuqları ilə yeyilən yeməkləri nadir hallarda orta ölçülü boşqabda görə bilərsiniz; bizim çərəz qabımız onların əsas yeməkləri üçün ayrılır. Bambuk çubuqları imkan verir ki, yeməkləri səbirlə, tələsmədən yesinlər. Araşdırmalar göstərir ki, bir yapon bir avropalıdan daha uzun müddət süfrə arxasında oturur, amma ondan 20% az yeyir.
Aktiv həyat tərzi. Yaponiyada hərəkət edərək enerji və güc qazanmaq fikri çox populyardır. Ölkə əhalisinin böyük hissəsi səhər gimnastikası ilə məşğul olur. “Onurğanı gərmək” adlı milli hərəkətləri də var. İdman edərkən belə, hərəkətlərində bir nizam, harmoniya müşahidə edilir. Bu da onların qəfil travmalardan və yıxılmaqdan qaçmaq cəhdidir.
Sənə dəxli olan hadisələrlə maraqlan! Uzunömürlü yaponlar yaşları irəlilədikcə aydın zehinlərini də qorumağa çalışırlar. Baxmayaraq ki, yapon alimlər uzun illərdir alzeymerlə bağlı araşdırmalar aparırlar, burda da həmin xəstəlikdən əziyyət çəkənlər var. Araşdırmaların mərkəzində beyini qidalandıran damarların sağlamlığını qorumaq dayanır. Yaponlar düşünür ki, qocalmış beyinin aydın düşünməyini təmin etmək üçün onu qorumaq lazımdır. Ona görə də, yaşlıların əksəriyyəti aktiv həyat tərzi keçirir, sosial maraqlarını təmin etməyə çalışır, insanlarla ünsiyyətdə olmağı, iş görməyi sevirlər. Ölkədə yaşlı insanların sevdikləri işlə məşğul olmasını təmin edən klublar var. Ən əsası isə, yaponlar yalnız onlara dəxli olan hadisələrlə maraqlanır, bu haqda müzakirələr aparırlar. Başqa sözlə, özlərini artıq informasiya ilə yükləmirlər.
Yüksək keyfiyyətli və əlçatan tibb. Hələ 60-cı illərdə ölkədə müəyyən istiqamətlər üzrə sığorta vardı. Dövrümüzdə isə istənilən vətəndaş sığorta sayəsində vaxtında və keyfiyyətli tibbi xidmət ala bilir.
Stressi yüngül keçirmək. Yaponlar inanır ki, evdə, yaxud işdə kitab oxumaq, yazı yazmaq beyinin aktivliyini artırır. Aktiv beyin isə problemləri tez həll edir və ən çətin anlarda belə, çıxış yolu taparaq stressi yüngül keçirməyə kömək edir.
Günəşin altında dayanmaqdan imtina etmək. Saatlarla günəş şüasına məruz qalmaq dərimizə, ümumiyyətlə, bütün orqanizmə ziyandır. Günəş şüaları sayəsində hərəkətə keçən sərbəst radikalların qocalmanı sürətləndirdiyi barədə də nəzəriyyələr mövcuddur. Dərilərini ultrabənövşəyi şüalardan qorumaq və təravətli qalmasını təmin etmək üçün günəşin altında dayanmaqdan çəkinən yaponlar günəş əleyhinə kremləri də xüsusi qaydalarla hazırlayırlar. Əgər hansısa səbəbdən 2-3 saat günün altında qalmağa məcbur olsalar, yaxın bir neçə gün ərzində bolluca su içir, acı və duzlu yeməklərdən imtina edirlər. Yaponlara görə, dərinin cavanlığı rahat yuxudan, düzgün qidalanmadan və bolluca su içməkdən asılıdır.
Az depressiya, çox optimizm. “Sürət əsri”ndə yaşamağımıza baxmayaraq, yapon gerontoloqlar deyir ki: “Problemləri qloballaşdırmayın və onlar haqqında çox düşünməyin.” Depressiyadan qaçmağın ən yaxşı yolunun tez-tez gülümsəməkdən, pozitiv insanlarla ünsiyyətdən keçdiyini deyən yaponlar özləri daim bu qaydaya riayət etməyə çalışırlar.
Yaşıl çay. Çay içmək Yaponiyada xüsusi mərasim kimidir. Əhalinin 98%-i yaşıl çaya üstünlük verir. Tərkibində yüksək miqdarda nutrientlər olan yaşıl çay antioksidantdır. Əhval-ruhiyyəni yaxşılaşdıran, dərini təravətləndirən, toksinləri orqanizmdən xaric edən, maddələr mübadiləsini sürətləndirən yaşıl çay orqanizmin gənc qalmasını da dəstəkləyir. Yaşıl çay, həmçinin, soyuqdəymə əleyhinə vasitədir. Bir çox xroniki xəstəliyin ilkin səbəblərini aradan qaldırır. Sidikqovucu xüsusiyyəti sayəsində yaşıl çay ayaqlardakı şişkinlikləri yox edir, sidik sistemini təmizləyir. Ürək-damar xəstəlikləri riskinin aşağı salınmasında da, damarların elastikliyinin təmin olunmasında da yaşıl çayın payı var. Çaya jasmin çiçəyi əlavə edəndə isə qanda pis xolesterolun səviyyəsi aşağı düşür.
Qocalıq qaçılmaz bioloji prosesdir. Yaponların tətbiq etdiyi qaydalarla yaşamağa çalışmaqla həyat keyfiyyətiniz yaxşılaşar, yaşadığınız günləri ağrısız keçirərsiniz.
Bahadur Seyidov / Demedia.az