Faydalarını saymaqla bitməyən BİTKİ - Şüyüdün inanılmaz tərsiri
Bu gün sizə şüyüd toxumunun faydalarından və zərərlərindən danışacağam.
Şüyüd toxumunun faydaları haqqında insanlar qədimdən məlumatlı olublar. Onun tibbdə istifadəsinin tarixi eramızdan 7000 il əvvələdək gedib çıxır. Həmçinin, şüyüd toxumu kulinariyada və kosmetologiyada da öz yerini tutub. Gənc analarda laktasiyanın stimulyasiyasında da şüyüd toxumu istifadə edilib. Bəzi mədəniyyətlərdə toxumun mistik gücə malik olmasına inanıblar. Əmin olublar ki, şüyüd toxumu şər ruhları uzaq tutmaqda kömək edir. Səyyahlar həmişə çantalarına şüyüd toxumu qoyublar. Toxum ürəkbulanmanın və mədə problemlərinin qarşısını almaqda onlara kömək olub.
Müasir dövrdə də mütəxəssislər toxumun müalicəvi xüsusiyyətlərini etiraf edirlər. Tərkibindəki vitaminlər və efir yağları ilə şüyüd toxumu orqanizmə faydalıdır.
Şəkərli diabet zamanı. Bu xəstəlik qanda qlükozanın miqdarının yüksəlməsi səbəbiylə yaranır. Diabet qidalanmaya nəzarət etməyi tələb edir. Daim şəkəri aşağı salacaq dərmanlar içilməlidir. Şəkərli diabet zamanı göyərtilər qadağan olunmuş qidalar siyahısına daxil edilmir. Xüsusilə, şüyüd toxumunun rasionun bir hissəsinə çevrilməsi tövsiyə olunur. Diabet zamanı toxumun orqanizmə faydaları bunlardır:
Metabolizmanı sürətləndirir və yağların orqanizmdə depolanmasının qarşısını alır;
Həzm fermentlərinin ifrazını artırmaqla həzm prosesini yaxşılaşdırır;
Qanda qlükozanın miqdarını normallaşdırır;
Pankreatit zamanı. Xəstəlik həzm fermentlərinin ifrazatını azaldır. Kəskin ağrılarla özünü büruzə verir. Pankreatit zamanı qidaların normal qəbulu və onların orqanizm tərəfindən mənimsənilməsi çətinləşir. Beləcə, faydalı maddələr orqanizmə çatmır. Pankreatit zamanı şüyüd toxumu:
Metabolizmanı sürətləndirir və qidaların həzminə kömək edir;
Mədəaltı vəzinə düşən yükü azaldır;
Bağırsaqlardakı soyuqdəyməni aradan qaldırır;
Mədə hüceyrələrinin fəaliyyət qabiliyyətini yüksəldir, mədə şirəsinin ifrazını normallaşdırır;
Bağırsaq mikroflorasını bərpa edir;
Mədə spazmlarının qarşısını alır;
Qazları orqanizmdən xaric edir;
Diqqət etmək lazımdır ki, şüyüd toxumu müəyyən edilmiş qaydada qəbul edilsin. Yoxsa faydası bir yana, “kəpənək effekti” yaradacaq.
Qastrit zamanı. Qastrit zamanı ciddi pəhriz saxlanılmalıdır. Bəzi məhsulların qəbulu, ümumiyyətlə, qadağan edilməlidir. Amma şüyüd toxumunun istifadəsində heç bir qadağa yoxdur. Çünki o, soyuqdəyməni və simptomları azaldır. Həmçinin, xəstənin vəziyyətinin yaxşılaşmasını təmin edir. Şüyüd toxumunu çay kimi dəmləmək, ondan məhlul hazırlamaq, hətta infuziya da mümkündür. Toxum ədviyyat kimi də dəyərlidir. Amma öz-özünüzü müalicə etməzdən qabaq həkimlə məsləhətləşin ki, ziyan çəkməyəsiniz.
Bağırsaqlara faydası. Mədə-bağırsaq traktatı üçün şüyüd toxumu əvəzedilməzdir. Bağırsaqların fəaliyyətini normallaşdırır, mütəmadi olaraq, təmizlənməsini təmin edir. Mədə ağrılarını və spazmları əngəlləyir, qazların xaric olunmasını sürətləndirir. Qazyaranma prosesi hər bir orqanizmdə baş verir. Həzm zamanı qidalardan ayrılan qazlar, əksər hallarda, bağırsaq qıvrımlarında toplanır. Şüyüd toxumu həmin qazların hərəkət sürətini artırır və irəliləmələrində ləngiməni aradan qaldırır. Metabolizmanı sürətləndirən toxum qidaların qısa zamanda orqanizm tərəfindən mənimsənilməsində də böyük rol oynayır.
Qaz olduqda. Qazyaranma prosesindən sonra qazların orqanizmdən xaric olması müəyyən zaman ərzində baş verir. Amma bəzi hallarda qazlar orqanizmdə yığılır ki, bu da sancılara, ürəkbulanmalara, hətta qusmalara da səbəb ola bilir. Narahatlığın hiss olunduğu andan etibarən şüyüd toxumunu xatırlasanız, yaxşı olar. Çünki o, ən yaxınınızdakı köməkçidir. Tərkibindəki maqnium, dəmir və fosfor sayəsində toxum bağırsaqları yumşaldır, qazların digər maddələrin arasından özünə yol tapmasına kömək edir.
Kolit zamanı. Bayaq qeyd etdim ki, şüyüd toxumu soyuqdəymə əleyhinə vasitədir. Həmçinin, bağırsaq mikroflorasını normallaşdırır. Soyuqdəymə səbəbilə bağırsaqda yaranan şişkinliklər zamanı şüyüd toxumu əvəzedilməzdir. İnfeksiyanı aradan qaldırır və simptomları ləğv edir. Kolitin yaranma səbəbləri sırasında düzgün qidalanmamaq, soyuqdəymə və genetik faktorlar birinci sıradadırlar. Bunlardan ikisinin-düzgün qidalanmamağın yaratdığı problemlərin və soyuqdəymənin qənimi olan şüyüd toxumu üçüncü halda da xəstənin vəziyyətinin yaxşılaşmasına kömək edir.
Qaraciyərə faydaları. Şüyüd toxumları qaraciyəri təmizləyir və toksik maddələrin emalından sonra onun özünü bərpa etməyinə kömək edir. Tərkibindəki antioksidantlar sayəsində hüceyrələrin məhvinin qarşısını alır. Qaraciyərə faydası dəyməsi üçün onu ədviyyat kimi, yaxud ondan hazırlanan məhlulu istifadə edə bilərsiniz.
Babasil zamanı. Xəstəliyin yaranması bir çox amildən asılıdır. Ən çox rast gəlinən səbəblər oturaq həyat tərzi, passivlik, qazlar və düzgün qidalanmamaqdır. Bu halların hər birində şüyüd toxumları simptomları azaldır. Dərmanlara qarşı kompleksi olan insanlar üçün şüyüd toxumu ən əlverişli vasitədir. Müntəzəm olaraq, bağırsaqları təmizləyir ki, bu da sağalmağa gedən yolun başlanğıcı sayılır.
Xolesistit zamanı. Öd kisəsinin soyuqlaması da pəhriz tələb edən xəstəliklərdəndir. Gərək, elə qidalar qəbul edilsin ki, xəstəlik irəliləməsin. Şüyüd toxumu xəstəliyin qarşısını almaqda orqanizmə kömək edir. Qidaların emalında böyük əməyi olan şüyüd toxumu öd kisəsinin fəaliyyətini dəstəkləyir.
Təzyiqə faydaları. Toxumun tərkibində dəmir var. Mütəmadi olaraq, şüyüd toxumu qəbul etmək dəmir çatışmazlığının qarşısını alır. Patalogiya zamanı hemoqlobin azalır, toxumalar və hüceyrələr oksigen aclığı çəkir. Yeməklərə şüyüd toxumu əlavə etməklə arterial təzyiqi artırmaq mümkündür.
Parazitlərlə mübarizədə... Təmizləmə və məhvetmə qabiliyyətinə malik şüyüd toxumu burda da köməyə çatır. Birincisi, mədə-bağırsaqda mikrofloranın bərpasını təmin edir. Sağlam mikroflora parazitlərin əmələ gəlməsinin və inkişafının qarşısını alır. İkincisi isə şüyüdün tərkibindəki efir yağlarının məharətidir. Bu yağlar parazitləri iflic edir və onların bağırsaqlar tərəfindən atılmasını sürətləndirir. Üçüncüsü, şüyüd toxumu bağırsaqları elastikləşdirir və sürüşkən edir. Bu zaman da parazitlər bağırsağın divarına yapışa bilmir.
Sistit zamanı. Sidik kisəsinin iltihablanması ilə xarakterizə edilən xəstəlik sidiyin xaric olmasında çətinliklər yaradır. Sidik zamanı yanmalar, hətta dözülməz ağrılar olur. Şüyüd toxumu ilə vanna eləmək, yaxud ondan hazırlanan məhluldan istifadə etmək sistit zamanı faydalıdır. Belə ki, o, iltihablanmanı azaldır, sidiyin bədəndən xaric olmasını asanlaşdırır. Ağrıları azaldır, soyuqdəyməni aradan qaldırır və həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Şişkinliklər zamanı. Şişkinliklər müxtəlif səbəblərdən qaynaqlanır və bədənin fərqli yerlərində peyda olur. Şişkinliyi yaradan səbəblər sırasında xəstə böyrəklər, problemli ürək və varikoz ilkin sıralardadır. Orqanizmdə yığılan maye Yerin cazibə qüvvəsinin təsiriylə aşağı çəkildiyindən, şişkinliklər daha çox ayaqlarda yaranır. Şüyüd toxumunun köməyilə evdə bu problemlə mübarizə apara bilərsiniz. Sidikqovucu xüsusiyyətə malik olan şüyüd toxumu qanda su-elektrolit balansını tənzimləyir.
Hipertoniya zamanı istifadə edilən resept:
Hipertoniklər üçün şüyüd toxumu “can dostu”dur. İnfuziya, yaxud ədviyyat şəklində qəbul edilən toxum təzyiqi normallaşdırır. Möcüzəvi vasitə ürəyin işini də yaxşılaşdırır. Sidikqovucu qabiliyyəti ilə damarların işini azaldır və onlara güc düşməsinin qarşısını alır.
1 xörək qaşığı şüyüd toxumu götürün. 500 ml qaynar suya əlavə edin və 20 dəq vam odda qaynadın. Sonra soyumasını gözləyin. Gün ərzində bir neçə dəfə, hər dəfə də yarım stəkan olmaqla için. Proses 7 gün davam etməlidir. Sonra 7 gün fasilə verin və yenidən 7 gün için.
Qanda şəkərin miqdarını azlatmaq üçün şüyüd suyu:
Yaşından asılı olmayaraq, hər kəs bu sudan istifadə edə bilər. 1 stəkan qaynar suya 1 çay qaşığı şüyüd toxumu əlavə edin. Ağzını örtün və yarım saat saxlayın. Sutkada 50-100 qram olmaqla acqarına uşaqlara içirə bilərsiniz. Böyüklər üçün də qayda eynidir. Sadəcə, şüyüdün miqdarını ikiqat artırın.
Şüyüd suyu metabolizmanı sürətləndirir, mədə ağrılarını aradan qaldırır və qanda şəkərin miqdarını azaldır.
İştahı açmaq üçün:
1 çay qaşığı şüyüd toxumunu 1 stəkan qaynar suya əlavə edin. Təxminən, 10 dəq vam odda qaynadın. Sonra soyumasını gözləyin və için. Tövsiyə edilən miqdar acqarına 50 ml-dir.
Mədənin fəaliyyətinin stimulyasiyası üçün resept:
5-7 qram şüyüd toxumu götürün. Termosa tökün və üzərinə 1 litr qaynar su əlavə edin. Termosun ağzını bərk bağlayın. Bir neçə saatdan sonra termosda hazır məhlul tapacaqsınız. Gündə 3 dəfə, hər dəfə də yarım stəkan olmaqla yeməkdən sonra için.
Sidik yollarının təmizlənməsi üçün resept:
Şüyüd toxumlarını üyüdün və gün ərzində 2-3 qram qəbul edin. Sidik yollarını təmizləyəcək, sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdə artıq mayenin yığılmasının qarşısını alacaq.
Sistit zamanı vanna etmək üçün:
Sidik kisəsinin soyuqlaması və iltihabı zamanı şüyüd toxumu ilə vanna eləmək də köməyə çatır. 30-40 qram şüyüd toxumunu ağzı bağlı qabda qaynar suya qatın. Qabın ağzının bağlı olması ona görə mütləqdir ki, efir yağları uçmasın. 5 dəq gözləyin. Sonra qabın ağzını açın, üstündə oturun, ətrafınızı adyalla bükün ki, suyun buxarı kənara yox, sizin bədəninizə vursun. Saniyələr içində ağrıların azaldığını, bədəninizin rahatladığını hiss edəcəksiniz.
Sistit zamanı şüyüd toxumunun faydalarından yararlanmağın bir neçə üsulu var.
1 çay qaşığı üyüdülmüş şüyüd toxumunu 1 stəkan qaynar suya qatın. Ağzını örtün və bütün gecəni dəmlənməyə qoyun. Qarışımı acqarına için.
1 çay qaşığı şüyüd toxumunu suya qatın, 10-15 dəqiqə qaynadın. Soyuyandan sonra günün istənilən saatında için.
Əks təsirləri:
İstənilən məhsulun əks təsir göstərmə qabiliyyəti var.
-Sidik kisəsində, yaxud böyrəyində daş olanlar şüyüd toxumunu istifadə etməməlidirlər. Sidikqovucu xüsusiyyəti sayəsində sidiyin orqanizmdən xaric olmasını sürətləndirən şüyüd toxumu daşların silkələnməsinə, hətta sidik yoluna düşməsinə də səbəb ola bilər.
-Daimi aşağı təzyiqdən əziyyət çəkənlər də şüyüd toxumundan uzaq durmalıdırlar. Yüksək təzyiq əleyhinə vasitə sayılan şüyüd toxumu aşağı təzyiqlə yaşayanlara mənfi təsir edə bilər. Qəfil düşən arterial təzyiq baş gicəllənməsinə, ürəkbulanmaya, hətta, özündən getməyə də səbəb olar.
-Şüyüdün iyinə və dadına qarşı allergiyası olanlara isə şüyüd toxumundan istifadə birmənalı olaraq, qadağan edilir.
-1 yaşınadək körpələrə də şüyüd toxumunu ehtiyatla vermək lazımdır. Çünki bu müddətdə hələ onların bağırsaqları formalaşma prosesindədir.
Bahadur Seyidov / Demedia.az