Uşaq böyüdərkən yol verilən 8 səhv - Araşdırma
“Uşaq böyütmək asan deyil...” Bəli, bu cümləni tez-tez eşidirik. Uşaq böyütmək çətin proses olmaqla bərabər, valideynlərin vaxtını alır. Təbii ki, uşaqların böyüdülməsində yol verilən səhvlər də az deyil. Elə valideynlər olur ki, daim nəyinsə düz getmədiyini düşünür, özünün yaxşı ata, ana olmasından əminlik duymur.
Statistik rəqəmlər isə başqa cürdür. Sorğular nəticəsində məlum olub ki, valideynlərin böyük hissəsi uşağını düzgün qaydada böyütdüyündən əmindir və öz pedaqoji biliklərinə güvənir. Ola bilər ki, onlar haqlıdır. Əksi də istisna deyil.
Psixoloqların uzunmüddətli araşdırmaları nəticəsində uşaqların böyüdülməsi prosesində yol verilən 8 əsas səhv müəyyən edilib. Narahat olmayın, fikrimiz təkcə bu səhvləri sadalamaq deyil. Uşaqlarınızın özgüvənli, məntiqli böyüməsi üçün alternativlər də təklif edirik.
Əvvəlcə, səhvlərin nədən ibarət olduğuna baxaq.
Hiyləgərlik pisdir. Hərdən uşaqlar digər uşaqların hiyləgərliklərindən şikayət edəndə valideyn belə cavab verir: “Sən elə eləmə. Hiyləgərlik pisdi.” Valideynlərin çoxu elə düşünür ki, uşaqları hiyləgərlik eləməsə yaxşıdır. Prinsip etibarilə, uşağın öz problemini özü həll etməsi pis deyil. Amma nəticələr bir neçə variantda olur. Çox vaxt biz uşaqların soyuqlamasından daha çox narahat oluruq, nəinki, davranışlarından və üzləşdikləri məsələlərdən. Psixoloqlar isə əmindir ki, məktəb yaşlarındakı şagirdin problemləri daha çoxdur. Onlar düşünür ki, problemlərinin həllində kiçik hiyləgərliklər edən uşaqlar bunu valideyndən gizlətməyə məcbur olurlar. Beləcə, onun “gizli həyatı” başlayır. Bu da onun gələcəyinə təsirsiz ötüşmür. Bəs, belə vəziyyətdə uşağa nəyi öyrətmək lazımdır? Uşaqla açıq danışın, ona qarşı dürüst olun. Valideynlər uşağına yalnız güclü tərəflərini göstərməməlidirlər. Onlar öz həyatlarındakı çətinliklərdən də bəhs etməli, həlli yollarını necə axtardığını uşaqla bölüşməlidirlər. Məsələn; uşaq gəlib deyir: “Sinif yoldaşım dəftərimi cırdı.” Valideynlər də həmin gün rastlaşdıqları bir çətinlikdən danışmalıdır. Sonra ana-bala, yaxud ata-bala qarşı-qarşıya oturub həll yollarını birgə axtarmalıdırlar. Bəzən elə olur ki, uşaq köməyə ehtiyacı olduğunu belə, dilinə gətirə bilmir. Ona görə də, uşaqla elə münasibət qurmalısınız ki, nə vaxt ona kömək lazım olduğunu anlayasınız.
Uşaq öz mənfi emosiyalarını gizlətməlidir. Heç bir valideyn uşağının ağlamağını, kədərlənməyini görmək istəmir. Hərdən uşaqlar qəzəblənir, ağlayır, hansısa oyuncaqdan ötrü söylənməyə başlayır. Valideynlərin əksəriyyəti belə hallarda deyir: “Sus! Bəsdir!”, “Ağıllı ol!”, “Konsert vermə!” və s. Mənfi emosiyalarının bu cür reaksiya görməsi uşağı incidir. Belə olan halda, uşağınızın mənfi emosiyalarının qaynağını tapmağa çalışın. Sonra isə birlikdə o qaynağı yox edin. Əgər ağlayan, kədərlənən, hətta qəzəblənən uşağa həmin anda çığırsanız, onun davranışları növbəti dəfə bir pillə yüksələcək. Uşaq düşünəcək ki:
onu əsəbiləşdirən, kədərləndirən hadisə mənfi deyil, o, özü pisdir;
mənfi emosiyaları gizlətmək lazımdır;
onun hissləri valideynləri üçün maraqlı deyil;
Psixoloqlar deyir ki, belə hallarda uşaq valideynlərinə etibar etməməyə başlayır. Hisslərini gizlətməyə çalışır ki, kimsə onu anlamasın. Üst-üstə yığılan gizli emosiyalar zamanla qəzəb böhranlarına, hətta psixi pozğunluqlara da gətirib çıxara bilir. Bəs, mənfi emosiyalara köklənmiş uşağa nəyi öyrətmək lazımdır? Ona emosiyalarının normal olduğunu anladın. Küçədə uca səslə bağıran və oyuncaqlarını qıran uşaq normal uşaqdır. Valideyn onun anlıq emosiyalarını da ciddiyə almalıdır. Mənfi emosiyaların üzə çıxması isə sinir sistemini yüklənməkdən xilas edir. Uşaqlar öz emosiyalarını idarə edə bilmir. Ona görə də, ata-ananın köməyi lazımdır. Həmçinin, valideyn təcrübəsi ona mənfi emosiyaların yönləndirilməsində də kömək olacaq. Ağlayan uşağa yaxınlaşın, onu ciddiyə aldığınızı göstərin və soruşun: “Niyə ağlayırsan?” Əgər uşaq insanların içində ağlayırsa, onu sakit bir guşəyə çəkin. Sakitləşənə qədər yanında durun və ona dəstək olduğunuzu bildirin. Deyin: “Gəl, elə edək ki, bir də bu oyuncaq səni ağlatmasın.”
Uşaqlar müəllimlərin də, həmyaşıdlarının da, qohum-əqrəbanın da, hətta qonşuların da xoşuna gəlməlidir və bu münasibət qarşılıqlı olmalıdır. Bütün valideynlər arzulayır ki, uşağı ətraf mühitlə barış içində yaşasın, məktəbdə heç bir problem çıxarmasın. Ona görə də, uşağına hamıya qarşı mülayim olmağı öyrədir. Məktəbdə müəllimdən yalnız tərif alan, heç bir həmyaşıdı ilə dalaşmayan uşaq “yaxşı uşaq” sayılır. Əslində isə, bu, normal hal deyil. Əgər uşağınıza: “Hamıyla mülayim davran!”-desəniz, o, düşünəcək: “Qarşımdakı insanlar həmişə məndən vacibdir.” İstəyəcək ki, hər şey sinif yoldaşlarının xeyrinə olsun. Beləcə, digər uşaqların: “Ver dəftərini köçürək” təklifini geri çevirməyəcək, hətta yeri gələndə onların ev tapşırıqlarını da yazacaq. Çünki uşaq olsalar da, hər bir insan övladı özündən gücsüz hesab etdiyini üstələməyə çalışır. Uşağınıza,ən birinci, özünə dəyər verməyi öyrədin. Hər kəslə nəzakətlə davranmaqla bərabər istənilən hadisəyə öz fikri ilə yanaşmağı aşılayın. Uşaqlar öz hədəflərini və maraqlarını başqasının xeyrinə qurban verməməlidirlər. Üstəlik, onu istəmədiyi bir şeyə, lap elə istəmədiyi bir münasibətə məcbur eləmək də düzgün deyil. Bir də, uşağınıza nəzakətli şəkildə “Yox!” deməyi öyrədin. Məsələn; əgər sinif yoldaşları ondan köçürmək istəyirsə, “Yox!” desin. Düzdür, onlar uşağınızdan küsəcək, bəlkə, bir az da pisikdirməyə çalışacaqlar. Amma qısa zaman ərzində anlayacaqlar ki, o, özünə hörmət qoyur və öz maraqlarını qoruya bilir. Bu da onu həmyaşıdları arasında daha hörmətli edəcək.
Pis qiymət alsan, yaxşı iş tapa bilməyəcəksən. Əgər uşağınız ev tapşırığını eləmək istəmirsə, onu təhdid elmək lazım deyil ki: “Böyüyəndə küçəsüpürən olacaqsan!” Uşağınızı əlaçı görmək istəyirsinizsə, bunu nizamlı şəkildə edin. Yaxşı qiymət almaq möhtəşəmdir. Amma uşağı inandırmayın ki, qiymətlər onun gələcəyinə təsir edəcək. Yoxsa onu ən böyük xəyal qırıqlığına elə siz salacaqsınız. Gələcəkdə öz istədiyi peşəni seçməkdə də, iş rejimini müəyyən etməkdə də sizin dediyiniz bu cümlə ona mane olacaq: “Pis qiymət alsan, yaxşı iş tapa bilməyəcəksən!” Məsələyə bir də digər tərəfdən baxın. Valideynlərin tutulduqları “əlaçı sindromu” elə onların öz uşaqlıqlarından qaynaqlanır. Əslində isə, həyat xaosdur və heç kim gələcəyi hesablaya bilmir. Bəs, uşağa nəyi başa salmaq lazımdır? “Yaxşı oxumaq biliklərinin artması üçün lazımdır, qiymətin o qədər də önəmi yoxdur.” Uşağın qarışıq qiymətlər alması normaldır. “2” almaq da təcrübədir. Gündəliyindəki qiymətlərin hamısının “5” olmaması, yaxud hansısa dərsi yaxşı başa düşməməsi o demək deyil ki, uşağınız anormaldır. ABŞ alimi Howard Gardner 8 tip intellekt olduğu fikrindədir.
əhatəli;
musiqili;
kinestetik;
Bunlar uşaqlar tərəfindən arxa plana atılan intellekt tipləridir. Çünki əksərən uşaqlar hər şeyə məntiqi intellektlə yanaşırlar. Hərçənd, intellektin başqa tiplərində də uşaqlar uğur qazana bilərlər.
Uşaqlara hər şeyin ən yaxşısını və ən bahalısını almaq lazımdır. Valideynlər çalışır ki, uşağın gözü heç nədə qalmasın. Uşağın üzündəki xoşbəxtlik valideynlərin özlərindən razı qalmasına səbəb olur. ABŞ sosioloqları həyəcan təbili çalır: “İldən-ilə valideynlərin uşaqlara xərclədikləri pulun miqdarı artır.” Bu, bizdə də belədir. Öz ehtiyaclarını qarşılamaq üçün xəsislik edib cibinin dərinliyində gizlətdiyi pulu uşağın bir sözüylə “uf” demədən xərcləyən valideynlərin sayı günbəgün artır. Sosioloqlar isə məsləhət görür ki, uşaqlara pul xərcləyərkən iki dəfə düşünün və özünüzə bu sualı verin: “Buna uşağın, həqiqətən, ehtiyacı varmı?” Bəlkə də, öz uşaqlıq arzularınızı uşağınızın vasitəçiliyi ilə həyata keçirməyə can atırsınız. Ya da, sadəcə olaraq, onların sevgisini satın almaq istəyirsiniz... Bu iki məqamı da düşünməyə dəyər. Ürəyi istəyən hər şeyi aldığınız uşaq xudpəsənd böyüyür və düşünür ki: “Mən hər şeyin ən yaxşısına layiqəm. Hamı mənimçün ən yaxşıları təşkil etməyə borcludur.” Bir şeyi də unutmayın ki, uşaqlar həyatı hər şeydən, hamıdan çox məhz sizdən-valideynlərindən öyrənir. Hər dediklərini almaq əvəzinə uşağınıza pula qarşı məsuliyyətli olmağı öyrədin. Qənaətcillik sizi pis valideyn eləmir. Əksinə, maliyyə cavabdehliyini hiss edən ata, yaxud ana uşağı üçün gözəl nümunədir. Nizamlı və qənaətcil ailədə böyüyən uşaq pulu yaşamaq üçün vasitə kimi görür, əyləncə və şənlik kimi yox. Lazımi məqamda alınan hədiyyələr gözəldir. Amma istədiyi hər şeyi həmən almağın uşağa faydası yoxdur. Ailədəki münasibətlər sevgi və anlayış üzərində qurulmalıdır, pul və hədiyyə üzərində deyil. Alış-veriş sevgi göstəricisi olmamalıdır. Uşağın hər dediyini alan valideynləri də uşaqlar sevir. Sadəcə, onlara lazım olduğunuz, onların valideyni olduğunuz üçün yox, onlara hədiyyələr aldığınız üçün... Bu cür uşaqlar böyüyəndə digər insanları da nəsə əldə etmək üçün vasitə kimi görəcəklər. Narsist və eqoist olacaqlar.
Cəzalandırmaq üçün uşağı nədənsə məhrum etmək lazımdır. Valideynlər üçün uşaqların davranışlarına iki növ reaksiya vermək olar. “Afərin” demək və cəzalandırmaq. Halbuki, uşağın elədiyinin doğru olub-olmadığını nəzakətlə və mehribanlıqla başa salmaq daha yaxşı nəticələr verir. Məsələn;
Tərifləmək əvəzinə uşağa istədiyini vermək;
“Afərin” sözü yerinə uşağı xoşu gəlməyən nədənsə uzaqlaşdırmaq;
Cəza olaraq isə sevmədiyi bir işi görməyə məcbur etmək;
Sevdiyi nədənsə məhrum edərkən bunun səbəbini sadə dillə izah etmək;
Televizoru söndürmək, telefonu əlindən almaq son dönəmlərin ən geniş yayılmış cəza üsuludur. Klassik ənənə isə belə idi: “Axşam yeməyi olmadan yatmağa!” Bəs, bu cür cəzalar gözlənilən nəticəni verirmi? Heç də yox! Ekspertlər bu fikirdədirlər ki, uşağı nədənsə məhrum etmək ən yaxşı cəza üsulu deyil. “Cəzalandırmaq və mükafatlandırmaqla uşaq böyütmək meqolamanların üsuludur.” –bunu isə psixoloqlar deyir. Statistik rəqəmlər göstərir ki, cəzanın necəliyi daha çox valideynin əhval-ruhiyyəsindən asılıdır. Uşağın əlindən sevdiyi nəyisə alanda onda belə təəssürat yaranır ki: “Kim güclüdürsə, o, doğrudur.” Uşağı acqarına yatmağa göndərmək isə onun orqanizminə mənfi təsir göstərir. Uşaqları bütün səhvlərin cəza ilə nəticələnməsinə inandırmayın. Əgər uşağınız “2” alıbsa, demək, ona hansısa mövzunu başa düşməkdə kömək lazımdır. Ona ev tapşırıqlarında kömək edin. Uşağın davranışlarını da daim diqqətdə saxlayın. Bəlkə, o, sizdən kömək istəməyi bilmir? Uşağınızın mütləq cəzalanmalı olduğunu düşünürsünüzsə, ona ev işləri tapşırın. Məsələn; oyuncaqlarını yığışdırmaq, kitab rəfini səliqəyə salmaq və s. Belə olan halda, uşaq həm cəzalandırıldığını biləcək, həm də ev işləri öyrənəcək. Əsas odur ki, uşağınıza gücün hər şeyi həll etmədiyini anladın.
Uşağın əli boş durmamalıdır. Əksər valideynlər istəmir ki, uşağa boş vaxt versin. Çünki bu zaman onlar valideynlərin xoşuna gəlməyən işlərlə məşğul olurlar. Amma bu, valideynlərə o haqqı vermir ki, uşağın bütün gününü planlaşdırsın. Uşaqlara onlara maraqlı gəlməyən idman saatları salmaq, musiqi müəllimi tapmaq lazım deyil. Düzdür, uşağın daim nəyləsə məşğul olmağı yaxşıdır. Yetər ki, həmin məşğuliyyət onun ürəyincə olsun. Uşaqlığını daim planlı və məşğul keçirən uşaqların böyüdükdən sonrakı həyatlarında tüfeyli olmaq ehtimalı var. Çünki istədiklərini etməyə onlara uşaqkən imkan verilməyib. Bəzi uşaqlar isə istək və arzularını bildirmək naminə qeyri-adi davranışlar sərgiləməyə başlayırlar ki, valideynin diqqətini cəlb etsin. “Rəqs”, “idman”,” teatr qrupu” və sair və ilaxır kimi sözlər yazılmış təqvimi divarınızdan sökün. Bütün bunlar uşağınızın özüylə baş-başa qalmaq imkanını da əlindən alır. Özünü dinləmək isə bir insanın daim ehtiyacı olan şeydir. Sinifdənxaric məşğuliyyətlər yaxşıdır. Amma uşaq təkcə onlarla böyümür. Uşağınıza tək qalmağın, bəzən dəqiqələr boyunca oturub gözlərini bir nöqtəyə zilləməyin normal olduğunu anladın. Psixoloqlar əmin edir ki, uşaq özüylə baş-başa qalmağa vaxt tapmasa, o, bir şəxsiyyət kimi formalaşa bilmir. Uşağa kitablar, rəngli karandaşlar verin, tikiş ləvazimatlarını da əli çatan yerə qoyun. Amma hansı ilə məşğul olmaq seçimini onun öhdəsinə buraxın. Sevdiyi işlə məşğul olmaq uşağınıza, bir növ, istirahət təsiri bağışlayacaq.
Uşaqlar oyuncaqlarını paylaşmalıdır. Paylaşmaq gözəldir, amma hər zaman deyil... Uşağınızı heç vaxt məcbur etməyin ki, sevdiyi oyuncağı kiməsə versin. Bu hal daha çox uşağın özündən kiçik uşaqla qarşılaşması zamanı baş verir. Uşağınızı oyuncağını verməyə məcbur etməzdən əvvəl özünüzə sual verin: “Mən hansı əşyamı beləcə, kiminsə istəməsiylə ona verə bilərəm?” Gördünüz? Böyüklər paylaşmağı elə də xoşlamırsa, niyə balacalar buna məcbur edilir? Hələ bu da var ki, uşaqlar bəzən öz əşyaları ilə aralarında möhkəm emosional bağ qururlar. Beləcə, böyüklər üçün “kiçik bir oyuncaq” kimi görünən bir şey uşaqlar üçün “hər şey” ola bilir. Sevimli topundan ayrılmaqla bütün dünyadan küsən uşaqların kədərini ölçə bilərsinizmi? Özünüzü uşağın yerinə qoyun və sonra ondan paylaşmağı tələb edin. Uşağınıza: “Oyuncağını paylaşmalısan!” əvəzinə, “Uyğun bilirsənsə, paylaş...”-deyin. Qərarı onlar versin. Ən çıxılmaz halda isə belə demək olar: “Birgə oynayın...” İstəməsə, məcbur etməyin. İnsan həyatda “Yox!” deməyi bacarmasa, yaşaya bilməz. Hamının istədiyini edən bir insan öz həyatını yaşamır.
Bahadur Seyidov / Demedia.az