Kameralara yaxalanan 5 izaholunmaz VARLIQ



 20:29 24.10.2022     1032

Zaman-zaman dünyanın müxtəlif yerlərində izaholunmaz varlıqların peyda olması ilə bağlı məlumatlar yayılır.  Biri balıq tutarkən qeyri-adi  canlı ilə qarşılaşır, kimsə öz həyətində nəhəng insan ləpiri tapır  və s... Biz bu məsələlərə şübhə ilə yanaşırıq. Dünyada zarafatcıl insanların mövcudluğu buna səbəb ola bilər... 

İndi sizə təqdim edəcəyim video-roliklərin müəllifləri isə iddia edir ki, qeyri-adi varlıqlarla rastlaşıblar və həmin an əllərində videokamera olması onların şansıdır. Bəlkə də alimlər bu kadrlarda görünən varlıqlara  elmi izah verə biləcəklər. Yaxud, bu cür qeyri-adi varlıqların mövcudluğunu qəbul edəcəklər, bilmirik... Kameraya yaxalanan bu əcaib varlıqlara birgə baxaq... 
Yaponiyada sunami vaxtı qeydə alınan naməlum varlıq. 2011-ci il  martın 11-də  Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verdi. Bu zəlzələ  9 metrlik sunaminin yaranmasına səbəb oldu. Alimlərin hesablamalarına görə, bu gücdə sunami ilə müşaiyət olunan zəlzələ 600 ildə bir olur. Həmin təbii fəlakət zamanı 560 km2-lik ərazi su altında qaldı. Nəticədə, xeyli sayda bina dağıldı, 16 min insan həlak oldu, 2 min insan isə itkin düşdü. Sunamidən dərhal sonra təbii fəlakətlə bağlı müxtəlif aspektli videogörüntülər sosial şəbəkədə yayılmağa başladı. Bu videoların birində elmə məlum olan heç bir canlıya bənzəməyən qəribə varlıq lentə alınmışdı. Düzdür, alimlər  gördüklərinə təəccübləndilər, ancaq onlar da etiraf etdilər ki, suda yaşayan canlıların 80%-i hələ elmə məlum deyil... Video sunami şahidlərinin biri tərəfindən çəkilib. Gördüyünüz kimi, quyruqlu bir canlı sudan çıxaraq evin çardağında gizlənir.  Bəziləri deyir ki, bu, sudakı qaz sızıntısıdır. Digərləri isə görünənin kimyəvi maddələrin su ilə reaksiyasından əmələ gəldiyini iddia edir. Ən əsası,  hələ heç kim bu fenomeni izah edə bilmir... 

İslandiyadakı nəhəng qurd. İslandiya əfsanələrinə görə,  xarici görünüşcə nəhəng dəniz ilanını xatırladan  yırtıcı şirin su gölü Lagarfljot`da yaşayır. Bu canlı haqqında ilk məlumata 1345-ci ilə aid mənbələrdə rast gəlinir.  2012-ci ildə bir islandiyalı həvəskar operator bu canlını çəkmə şansı əldə edib. Kadrlarda nəhəng canlının nazik buz qatının altında necə üzdüyü görünür. Amma, bir çoxları bu videoya şübhəylə yanaşaraq deyir ki, görüntüdəki  buz altında hərəkət edən balıqçı torudur. 

Çin nəhəngi.  2015-ci ildə Çinin Shenzhen şəhəri yaxınlığındakı su anbarının drenaj sistemini təmizləyənlər izaholunmaz bir varlıqla rastlaşdılar. İşçilər onu tutaraq dəmir qəfəsə saldılar. Videodan da gördüyünüz kimi, onun çox uzun caynaqları və tüksüz dərisi var. Qəfəsdən azad olmaq üçün dəmiri çeynəməyə başlayan canlı bir neçə dişini də sındırıb. Yerli sakinlər inanır ki, bu, Çin folklorunda xüsusi yeri olan “nəhəng su yırtıcısı”dır. Canlının ətraf mühitin çirklənməsi nəticəsində tüklərini itirən Malayziya ayısı olması ehtimalını irəli sürənlər də var. İndiyədək nəhəng varlıq haqqında heç bir  elmi açıqlama verilməməsi onu izaholunmazlar siyahısına daxil etməyə imkan verir. 

Uçan makaron nəhəngi. Növbəti videomuz 2015-ci ilin iyununda Anqola sahillərində neftçıxarmayla məşğul olan şirkətin işçiləri tərəfindən çəkilib. 1278 m dərinlikdə uzaqdan idarə edilən sualtı aparatın obyektivinə qeyri-adi, fantastik görünüşlü bir canlı yaxalanıb. Bu canlıya heç bir biologiya kitabında rast gəlmək mümkün deyil. Qəribə də olsa, bu canlı qədim mifologiyadakı “uçan makaron nəhəngi”nə çox bənzəyir. Britaniya Okeanoqrafiya Mərkəzinin qənaətinə görə, söhbət sifonofor növlərinin birindən gedir. Sifonofor`lar koloniya şəklində yaşayır, yəni çox sayda orqanizm bir canlı şəklində birləşə bilir. Nəticədə, onlar böyük ölçülərə sahib olurlar. Bununla yanaşı, qeyd etməliyəm ki,  onlar haqqında elmin çox az məlumatı var. 

Ningen. Son 20 ildə Yaponiyada belə bir şayiə gəzir ki, Antarktida yaxınlarındakı sularda insanabənzər nəhəng canlıları yaşayır. Bu varlıqlara Ningen deyilir. Yaponca hərfi tərcümədə mənası “insan” deməkdir. Rəngi ağ olan məxluqlar 30 m uzunluğundadır. Əl və ayaqları olan ningen`lər  sifətdən insana bənzəyir. Balinaları araşdıran və müşahidə edən gəmilər dəfələrlə bu varlıqlarla qarşılaşıb. Bir neçə il əvvəl sosial şəbəkələrdə yayılan bu videonun  adını açıqlamayan sahibi iddia edir ki,  kamerasının obyektivinə yaxalanan məhz ningen`dir. Amma, onun öz adını açıqlamamağı çoxlarında videonun montaj olduğu barədə şübhələr oyatdı.  Videonun keyfiyyətinin aşağı olması səbəbiylə  görüntüdəki canlı dəqiq görünmür. Neynək, bizə ümid etmək qalır ki, bu, insanabənzər məxluq deyil, hansısa ağ balinadır.  

Bahadur Seyidov / Demedia.az