Qovunun inanılmaz faydaları: Gün ərzində 3 dəfə...



 19:33 24.10.2022     1329

Bu gün qovunun faydalarından və zərərlərindən danışacağıq. Həmçinin, sağlamlıq üçün faydalı olan bəzi təbii reseptlər barədə də məlumat verəcəyik. 

Qovunun dadı və qoxusu möhtəşəmdir; bunu bilməyən yoxdur.  Bu meyvə, əksərən,  oval, yaxud yumru formada olur. Rəngi sarının müxtəlif çalarlarındadır. Qoxusu bal qoxusuna bənzəyir. Qovunun dadı, faydaları haqqındakı yazılı mənbələrin tarixi çox qədimdir. Bəzi mənbələrdə qovunun ana vətəninin qədim Misir olduğu qeyd olunur. Nil sahillərində yetişdirilən qovunun dadının möhtəşəmliyi haqqında səyyahlar və tarixçilər çox yazıb. Misirlilər qovunu təkcə meyvə kimi yox, hədiyyə kimi də dəyərləndiriblər. Kiməsə qovun  vermək ona olan yüksək ehtiramın göstəricisi olub. Fironlar qovun dilimini bədənlərinə sürtərək ətirləniblər. Bəzi qədim mədəniyyətlərdə isə qovun “Tanrının gizli mesajı” kimi qəbul edilirdi.  

Qovunun tərkibində orqanizmə faydalı olan elementlər var. B qrupu vitaminləri, A vitamini, C vitamini, natrium, kalium, maqnezium və bir çox mikroelementlərlə zəngindir. Qovun anemiyanın profilaktikasında da istifadə olunur; tərkibindəki dəmir buna imkan verir. Natrium və kalium isə ürəyin işinin yaxşılaşmasına xidmət edir. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, eyni zamanda, ürək çatışmazlığı olan insanların qida rasionuna qovun əlavə etməyini tövsiyə edir.  Maqnezium sayəsində qovun sinir sisteminin də “dəstəkçisi” sayılır.   Maqnezim çatışmazlığı yuxu rejiminin pozulmasına, narahatlığa və gərginliyə səbəb olur.  Düzdür, qovun “C  vitamini ilə zəngin qidalar” siyahısının başında deyil.

Amma tərkibindəki C vitamini ilə immuniteti möhkəmləndirmək qabiliyyətinə malik olduğu danılmazdır. Qovun mədə-bağırsağın işini də sürətləndirir.  Meyvənin tərkibindəki A vitamini və beta-karoten dırnaqların və saçların möhkəmlənməsinə zəmanət verir. Həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır.  Qovunda  qadın orqanizmi üçün lazım olan fol turşusu da var. Dölün normal şəkildə böyüməsi üçün hamilə qadınların rasionuna qovun daxil etməsi həkimlərin tez-tez təkrarladığı məsləhətlərdəndir. Ümumiyyətlə, fol turşusu qadın orqanizmində hormon balansını qoruyur, klimaksın simptomlarını xəfiflədir. Qovun kişilər üçün də faydalıdır; tərkibində sink var. Sinkin spermatazoidləri aktivləşdirdiyini, sonsuzluğu aradan qaldırmağa kömək etdiyini hamı bilir. Bayaq qeyd etdim ki, qovunun tərkibində dəmir var. Müasir dövrdə daim gərginlikdə yaşayan kişilərin ürək-damar sisteminin möhkəmlənməsi, qan dövranının yaxşılaşması üçün qovun yemələri məhz buna görə tövsiyə edilir. 

Bu “bal ətirli, bal dadlı” meyvə trombozların əmələ gəlməsinin qarşısını almaqda da mahirdir. Bircə şərtlə: mərhələli şəkildə yeyin və orqanizmin reaksiyasını müşahidə edin.  Uşaqlara həmişə təzə və təbii qovun yedirin.  Bir də, nəzərə alın ki, qovun kəsilən kimi yeyilməlidir. Açıqda çox qalanda bakteriyalar ona hücum edir; beləcə, rəngi və dadı dəyişir.  Uşaqların böyüməsinə və inkişafına faydalı olan qovun, eyni zamanda,  balacaların immunitetini möhkəmlədir, görmə qabiliyyətini yaxşılaşdırır, enerji verir. 

Tibbdə qovunun istifadəsi.  

Qovunun təkcə ləti deyil, tumları da tibbi məqsədlə istifadə edilir. Qovun tumları kişilərin libidosunu yüksəldir. Qeyd edim ki, Ziqmund Freyd “libido” sözü ilə seksual ehtirası və cinsi instinkti nəzərdə tuturdu. Qovun böyrəklərin sağlamlığını da dəstəkləyir. qanda qlükozanın səviyyəsini tənzimləyir,bağırsaqlardakı toksinlərin və qazların xaric edilməsinə kömək edir. Qadınlarda aybaşı ağrılarını azaldır. 

Şəkərli diabetdən əziyyət çəkənlər qovunu nizamlı və müəyyən ölçüdə yeməlidirlər. Çünki onun tərkibində yüksək miqdarda fruktoza var.  Nizamlı və mərhələli şəkildə yeyilən qovun qanda qlükozanın səviyyəsini tənzimləyir, pis xolesterolu azaldır, damar divarlarında və ya toxumaların ətrafında yığıntılar əmələ gəlməyə qoymur. Müalicəvi resepti hazırlamaq üçün qovun tumunu üyüdüb toz halına salın, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya qatın. Ev temperaturunda soyumasını gözləyin. Səhər və axşam için. 

Böyrəkdə və sidik kisəsində daş olan zaman da qovun tumu işə yarayır. 5 l soyuq su götürün, 1 kq qovun tumu əlavə edin. Məhlul halına düşənədək vam odda qaynadın. Məhlul, təxminən, 3 l  olacaq. Sonra qalıntının dibə çökməyini və məhlulun soyumasını gözləyin. Gün ərzində 3 dəfə, hər dəfə 1 stəkan olmaqla  bu qarışımdan için. 

Qaz və şişkinlik zamanı qovun effektiv təsir göstərir. Bağırsağın mütəmadi olaraq təmizlənməsi və toksinlərin, qazların xaric edilməsi də qovunun öhdəsinə götürdüyü vəzifələrdəndir. Mövsümündə gün ərzində 500 qr təzə qovun yemək  bağırsaqların işini normallaşdırır. 
Qaraciyər də qovunu özünə “dost” bilən orqanlardandır. Bu meyvə qaraciyərin yükünü azaldır. Çünki orqanizmin zərərli maddələrdən təmizlənməsini təmin edir.  Gün ərzində qovunu ya lət, ya da şirə şəklində qəbul edə bilərsiniz. Şirəçəkən maşınınız və blenderiniz yoxdursa, qovunu çəngəllə əzib yemək mümkündür. Qaraciyərə dəstək olmaq üçün gün ərzində ya 1 stəkan qovun şirəsi, ya 500 qr təzə lət, ya da 300 qr püre halında qəbul edin. 

Quru və uzunmüddətli öskürək zamanı bəlğəmi çıxarmaq üçün “qovun südü”ndən istifadə edə bilərsiniz. Tumları üyüdüb toz halına salın. Suya 1:8 nisbətində qatın. 50 ml qarışımı birdəfəyə qəbul edin. C vitamini ilə zəngin bu qarışım nahiyədə immunitetin möhkəmlənməsini təmin edir və zərərli mikrobakteriyalardan qoruyur. 

Pankreatit zamanı ciddi pəhrizə əməl etmək lazımdır. Bəzi mütəxəssislər  ağır yeməklərlə yanaşı, qovun və digər meyvələrin yeyilməsini də qadağan edir. Müalicə irəlilədikcə pankreatitdən əziyyət çəkən insan  mərhələli şəkildə bəzi qidaları öz rasionuna daxil edə bilər. Məsələn; təbii meyvələrdən sutkada yalnız 200-300 qr qəbul edə bilər. 
Cinsi zəifliyi aradan qaldırmaq üçün də qovun faydalıdır. Tərkibindəki sink sayəsində spermatazoidləri aktivləşdirir. Bəzi mikroelementlər testosteronun miqdarının artmasına, bu da öz növbəsində kişilərin libidosunun yüksəlməsinə səbəb olur. 1 ay ərzində, gündə 4 qr  qovun tumu yeyən kişilər cinsi həyatlarında problem yaşamazlar. 

Zədə nəticəsində  bədənin müxtəlif nahiyələrində yaranan göyərmələrin yoxa çıxmasında və açılan yaraların sağalmasında qovun qabığı imdada çatır. Meyvənin qabığını axşam yatmazdan qabaq zədələnmiş nahiyənin üstünə qoyun və ehmalca bağlayın. Bütün gecəni bu halda qalsın. Kompres nahiyədə qan dövranını yaxşılaşdırır, toxumaların sürətli regenerasiyasına səbəb olur. Bu cür təbii vasitə olduqca effektivdir və uşaqlarda da işə yarayır. 

Podaqra orqanizmdə sidik turşusunun çoxalması nəticəsində yaranır. Əksər hallarda ayaq baş barmağı zədələnir və şişir. Bu da ağrı ilə yanaşı, hərəkətin keyfiyyətini aşağı salır.  Podaqranın müalicəsi zamanı alkoqoldan və ətdən uzaq durmaq lazımdır. Meyvə-tərəvəzə isə qadağa yoxdur. Qovun sidikqovucu effektə malikdir ki, bu da öz növbəsində, sidik turşusunun orqanizmdən xaric olunmasına xidmət edir.  Beləcə, artritin tutma tezliyi azalır və orqanizm xəstəlikdən sağalmağa doğru irəliləyir. Qovun soyuqdəyməni yox etmək qabiliyyətinə də malikdir. Ya qovunu təzə-təzə yeyin, ya da tumlarından hazırlanan xüsusi məhlulu qəbul edin. 1:3 nisbətində tumla suyu qarışdırın, vam odda 10 dəq qaynadın.  Soyudun və gün ərzində 100 ml bu qarışımdan için. 

Burun qanaması zamanı qovunun qabığı istifadə olunur. Bunun üçün qovun qabığının şirəsini çıxarmaq lazımdır. Alınan məhlulu hər burun deşiyinə 2 damla olmaqla damızdırın.  Proseduru qanama dayananadək gün ərzində bir neçə dəfə təkrar edin.  Qovunun qabığında toxumaların sürətlə bərpasına kömək edən vitaminlər və minerallar, həmçinin, bir çox xəstəliklərin müalicəsində istifadə edilən xlorofil var. 

Ayaqlardakı şişkinliyin səbəbini axtardıqda qarşımıza müxtəlif xəstəliklərin çıxması normaldır. Məsələn; ürək xəstəlikləri, böyrək çatışmazlığı və ya damar tıxanıqlığı şişkinliyə səbəb ola bilər. Artıq mayenin bədəndən xaric edilməsi xalq təbabətinin köməyilə də mümkündür. 1 stəkan isti suya 1 xörək qaşığı üyüdülmüş qovun tumu əlavə edin. 1 saat saxlayın. Gündə 2 dəfə olmaqla, hər dəfə 100 ml həcmində bu qarışımdan için. 

Parazitlərdən yaxa qurtarmaq üçün də qovun köməyə çatır. Uşaqlarda qurdları yox etmək üçün gün ərzində  yarım stəkan qovun şirəsi içirtmək yetərlidir.  Qovun şirəsi, təkcə, parazitləri yox etməklə qalmır, orqanizmi ehtiyacı olan bir çox vitamin və mikroelementlə də təmin edir. 

Allergiyadan xilas yolu kimi qədim və sınaqdan çıxarılmış vasitəyə üz tutmaq  üçün gec deyil. Əgər dərinizdə qızarıqlıq və səpkilər varsa, 1 vanna suya 1 stəkan qovun şirəsi qatın. Vannaya qovun qabığı da atın. Təxminən, yarım saat bu vannada uzanın. Özünüzü komfortlu hiss edəcəksiniz. Prosesi hərdənbir həyata keçirməklə həyat keyfiyyətinizi yaxşılaşdıra bilərsiniz. 

Zərərləri və əks təsirləri: 

Qovun təbii antioksidant olmaqla yanaşı, zərərsiz  meyvədir. Bununla belə, bəzi şərtlərdə qovun yeməyi azaltmaq lazımdır. 
-Şəkərli diabetdən əziyyət çəkənlər həkimlə məsləhətləşməli və meyvəni müəyyən miqdarda yeməlidir. Qəfildən və artıq miqdarda yeyilən qovun qanda şəkərin səviyyəsini yüksəldə bilir. 
-Qovuna allergiyası olanlar qətiyyətlə bu meyvədən uzaq durmalıdır. 
-Mədə-bağırsağın soyuqlaması zamanı qovun yemək məsləhət deyil. 
-Hamilələr və körpəsinə süd verən analar qovunu az yeməlidir. 
-1 yaşından balaca körpələrdə allergik reaksiyaya səbəb ola bilir. 

Müasir dövrdə qovundan ehtiyat etmə səbəblərimizdən biri də gübrələrin həddən artıq verilməsidir. Bəzən azot gübrəsinin köməyiylə vaxtından əvvəl bazara çıxarılan qovunlar insanlarda ürəkbulanması və qusma yaradır. 

Bahadur Seyidov / Demedia.az