Dövlət partiya institutuna daha ciddi yanaşma ortaya qoyur - Deputat
“Siyasi Partiyalar haqqında” Qanunun ictimai müzakirəsinin təşkili özlüyündə Parlamentin bu qanunun ictimai-siyasi əhəmiyyətinə böyük diqqət göstərdiyinin işarəsidir.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, Milli Məclisdə təmsil olunan bəzi partiyaların müraciətinə Milli Məclisin sədri tərəfindən dərhal reaksiya verilməsi və təkliflərin müvafiq komitəyə göndərilməsi ilə başlayan bu prosedura layihə şəklində yekunlaşdı və ortaya müzakirə üçün hüquqi sənəd çıxarıldı:
"Oktyabr ayının 24-də sənədin ilk ictimai müzakirəsinin baş tutması əslində siyasi partiyaların cəmiyyətdə fəaliyyət imkanlarının, təsir mexanizmlərinin gücləndirilməsi istiqamətində dövlətin məqsədlərini ortaya qoyur. Hələ sənəd müzakirə olunmadan layihədəki bəzi müddəlar üzərindən ötən ay yaradılan süni ajiotajın da cəmiyyətdə ciddi rezonans doğurmaması onu göstərdi ki, artıq masa arxasında soyuqqanlı müzakirə müstəvisində optimal konsensusun tapılmasının alternativi mövcud deyildir. Qanunu meydanda qəbulu və ya meydandan gələn təzyiqlə parlamentdə qəbulu mexanizmi nostalgiya tarixi olaraq bir daha xatırlandı və maraqlı subyektlər daha işgüzar şəraitdə müzakirəyə dəvət olundular. Burada istər təsisçilərin layihədə tələb olunan 200 nəfərlik sayı, onların son 20 ildə ölkədə yaşaması tələbi, eləcə də partiya üzvlərinin 10 min nəfərdən az olmayan sayı barədə təkliflər, digər tərəfdən partiyalara yönəlik digər siyasi, inzibati, maddi, mənəvi, ideoloji tələblər üzərindən müzakirələr açmaq, məsələləri mübahisələndirmək imkanları yaradılır və Milli Məclisin sədrinin bilavasitə təşəbbüsü ilə bütün təklif və tövsiyələrin ictimai iştirakçılıq formatında dəyərləndirilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı ümid etmək olar ki, sağlam opponentlik anlayışına sahib olan subyektlərin razı qalacağı bir neçə mərhələli müzakirə prosesi baş tutacaq və bu, əslində Azərbaycanda iqtidar və müxalifət arasında siyasi-mədəni münasibətlərin sağlam məcrada inkişafına öz təsirini göstərəcəkdir.
Burada həm parlamentdə təmsil olunan, həm də təmsilçiliyi olmayan partiyaların müzakirə mühitində yer alması, təkliflərini müzakirəyə təqdim etməsi, mədəni opponentlik üslubunda həm Konstitusiyanın tələblərinin, həm dövlətin, həm də partiyaların maraqlarının uzlaşdırılması baxımından müsbət nəticələri olacağına inanıram. İstənilən qanun yalnız texniki və ya hüquqi sənəd deyil, həm də fəlsəfi dünyagörüşünün əks olunduğu ümumiişlək təbiətə sahib olması ilə səciyyələnir. Əslində qanunun ağırlıqlı olaraq texniki və hüquqi tərəfləri daha çox müzakirə olunsa da, onun hansı mahiyyət üzrə qəbul olunmasının zəruriliyinə diqqət yetirməyi bütün siyasi subyektlərdən zaman özü tələb edir. Qeyd edək ki, 1992-ci ildə qəbul olunan Qanun haqqında həmişə normal fikirlər səsləndirilib, sonradan edilən xeyli əlavə və dəyişikliklər də qanunun mahiyyətindən uzaqlaşma ilə nəticələnməyib. Yeni Qanunun qəbul olunmasının zərurəti, fikrimcə, bilavasitə bir səbəblə bağlıdır. 2020-ci ilin noyabr ayının 10-dan həm bölgəmizdə, həm də ayrılıqda götürdükdə Azərbaycanda tamamilə yeni bir dövr başlayıb. Necə ki, biz tarix dərsliklərində eradan əvvəl və eradan sonra ifadələrinə ümumiişlək status vermişiksə, bu tarix zamanı da bizim üçün qələbədən əvvəl və qələbədən sonrakı dövr kimi xarakterizə olunur. 44 günlük savaşda qazanılmış möhtəşəm Qələbədən sonra məhz siyasətin yenidən dizayn olunmasından başlamaq zərurəti bu qanunu meydana çıxarır. Qarabağsız Azərbaycanda siyasi partiyaların proqram sənədində torpaqların işğaldan azad olunmasının yolları, üsulları barədə sülh, lazım gələrsə hərb yolu, Avroatlantik məkana və ya NATO-ya inteqrasiya, Ümumdünya Gömrük təşkilatına daxil olma, Avropa Birliyinə daxil olma, Türk Birliyi və ya İslam Birliyi yaratma, Türkiyə ilə konfederasiya və s. hədəfləri üzərindən bir çox tezislər bir-birini təkrarlayırdı. Qələbədən sonrakı yeni dövr tam fərqli reallıqları qarşımıza çıxardı. Qələbə məhz Türkiyə, Azərbaycanın və Pakistanın birliyi modelində Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində baş verdi və torpaqlarımız işğaldan azad oldu. Birbaşa Ermənistanla dövlət sərhəddimizə gəlib çıxdıq və Qarabağda ermənilərin məskunlaşdığı Rusiya sülhməramlılarının nəzarətindəki ərazi istisna olmaqla Şuşa da daxil itirilmiş ərazilər üzərində tam nəzarətimizi bərpa etdik. Artıq milli hədəflərimiz böyüdü. Zəngəzur dəhlizi siyasi hədəf olaraq düşmənlə masaya yatırıldı. Türk dövlətləri ilə, İslam dövlətləri ilə inteqrasiya ən yüksək səviyyədə gerçəkləşdi. Avropa Birliyi ilə ən uğurlu əməkdaşlıq layihələrinə imza atıldı. Bir çox hallarda partiyaların proqramlarında yer alan ideallar və hədəflər Azərbaycan dövləti və hakimiyyəti tərəfindən gerçəkləşdirirldi. İndi yeni reallıqlar dövlətin hədəflərini yenidən dizayn etməyi necə tələb edirsə, bu dövlətin idarə olunmasında əsas siyasi institutlar sayılan siyasi partiyaların da yenidən öz proqram və təşkilat prinsiplərini gözdən keçirməyi tələb edir. Yeni Qanunun zərurəti ilk növbədə bu tələblə bağlıdır.
Anlaşılan budur ki, dövlət partiya institutuna daha ciddi yanaşma ortaya qoyur, siyasi partiyaların də bu ciddiliyi özlərindən tələb etməyə başlayırlar. Bu siyasətin simptomları üç il öncə məhz siyasi partiyalarla əlaqə üzrə ölkə prezidenti tərəfindən Prezident Adminstrasiyasında şöbənin yaradılması ilə meydana çıxdı. Birdən-birə sanki unudulmuş partiyalarla ikitərəfli və ardınca da çoxtərəfli dialoqlar başladı, partiyaların qeydiyyatı problemi çözüldü, yeni partiyalar yaranması üçün əngəllər ortadan qalxdı, onların qurultaylarının keçirilməsi prosesinə şərait yaradıldı, ehtiyacı olanlar Bakının mərkəzində mənzil-qərərgahla təmin olundular. Partiyalar ölkənin vacib siyasi institutları kimi işğaldan azad olunmuş ərazilərə ard-arda səfərlərə dəvət olundular, təəssüratları və təklifləri diqqətə alındı. Yeni formalaşan Milli Məclisdə azlıqda olan partiyaların nümayəndələrinin parlament idarəetməsində hakim Yeni Azərbaycan Partiyası çoxluğunun razılğı ilə təmsilçiliyi gerçəkləşdirildi. Məhz bu işlərin davamı olaraq “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu həm də siyasi partiyaların təmsilçilik şəbəkəsinin genişləndirilməsi prosesinin sürətləndirilməsinə təkan verə bilər. Bu, parlamentdə siyasi müxalifətin statusunun tanınması, fraksiya yaratmaq imkanlarının reallaşması, müxalifət partiyası təmsilçilərinin bir neçə komitənin rəhbərliyinə seçilməsi, bir sıra mühüm dövlət komissiyalarında (Korrupsiyaya qarşı mübarizə, Təhsil və s.) müxalifət üçün kvotanın təmin edilməsi, Hesablama Palatasına bir nəfər müxalifət partiyası namizədinin audit seçilməsi, beynəlxalq qurumların partiya birliklərində təmsilçiliyə köməklik göstərilməsi kimi vacib yeniliklərə yol aça bilər. Burada həm parlamentdə yer qazanan, həm də seçkilərdə müəyyən faiz səs toplasa da parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyaların maliyyələşmə mexanizminin sabit şəkildə tənzimlənməsi, onların fəaliyyət imkanlarının genişləndirilməsi perspektivləri də nəzərdə tutulmaqdadır.
Ona görə də ölkəmizdə siyasi islahatların çox vacib istiqamətlərindən biri sayılan “Siyasi partiyalar haqqında” Qanunun müzakirəyə çıxarılmasını müsbət bir prosesin təzahürü kimi qiymətləndirməklə yanaşı, təqdim olunan layihədə yer alan müddəların həm ölkə Konstitusiyasına, həm də dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalara tam olaraq uyğunlaşdırılması, faydalı yeniliklərin dəstəklənməsi, nöqsanların dilə gətirilməsi, boşluqların aradan qaldırılması, konstruktiv təklif, tənqid və iradların səsləndirilməsi üçün yaradılmış bu ictimai müzakirə formatından bütün siyasi partiyaların səmərəli istifadə etməsini arzulayıram.
Məlumdur ki, Tovuz döyüşləri zamanı, eləcə də 44 günlük böyük Zəfərimizlə yekunlaşan savaşda Azərbaycan dövləti, onun Ali Baş komandanı ilə həmrəylik nümayiş etdirən ölkəmizin siyasi partiyaları ölkənin taleyi ilə bağlı ən həssas məqamda nə dərəcədə məsuliyyətli anlayışa sahib olduqlarını təsdiqlədilər. Bu gün də biz Böyük Quruluş partiyası olaraq eyni məsuliyyətli davranışı yeni qanunun qəbul olunması prosesini dəstəkləməklə siyasi islahatların genişlənməsi və real məzmun alması üçün bütün siyasi partiyaların ortaya qoyacağına inancımız böyükdür".
Xəyalə Məmmədova / Demedia.az